Azərbaycanda korrupsiya ilə mübarizənin “Saakaşvili variantı” mümkündür, əgər...

Fazil Mustafa: “Korrupsiyanın vüsət almasının əsas səbəbi odur ki...”; Əli Əliyev: “Bu proseslər tədrici, ardıcıl və prinsipial xarakterli olmalıdır...”
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili bildirib ki, postsovet respublikalarında 20 nəfər tanınmış korrupsioner məmuru həbs etməklə, orada korrupsiyaya son qoymaq mümkündür. Sabiq prezident öz təcrübəsində bu taktikanın effekt verdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan iqtidarı da korrupsiyaya qarşı mübarizə aparıldığını elan edib. Kütləvi şəkildə olmasa da ara-sıra korrupsiyaya görə həbslər həyata keçirilir. Bəs, Saakaşvilinin qeyd etdiyi variant Azərbaycanda effekt verə bilərmi?

VİP sədri Əli Əliyev bildirdi ki, toplumlar bir-birinə bənzəyir: “Saakaşvili iki postsovet dövlətinin islahat komandasında aparıcı mövqedə olan siyasətçidir. Onda belə qənaət formalaşıbsa, deməli elədir. Məhz Saakaşvilinin hakimiyyəti dönəmində Gürcüstan demokratik və şəffaf cəmiyyət quruculuğunda nəticəli ola bildi. Hal-hazırda onun Odessa vilayətində apardığı yenidənqurma işləri diqqətə layiqdir. Saakaşvilinin son həyata keçirdiyi antikorrupsiya addımlarına dair bir neçə xırda misal çəkmək istərdim. Odessa limanında uzun illər formalaşmış cinayətkar qruplaşmaların çökdürülməsində, avia daşımalarda monopoliyaların ləğvi miqyaslı və nəticəli təşəbbüslərdir. Korrupsiyanın dövlət orqanlarında qarşısının alınması üçün Ukrayna miqyasında polis orqanlarının heyəti və məhkəmə sisteminin hakimləri tam olaraq vəzifələrindən kənarlaşdırıldı. İdarəçiliyə tamamilə yeni şəxslər cəlb edilirlər. Təbii ki, islahat tam olaraq belə radikal fəaliyyətlə müşayiət olunmalıdır. Lakin bu işlərin fövqündə siyasi rəhbərliyin iradəsi durur. İrimiqyaslı korrupsionerlər dövlət büdcəsinə müdaxilədən kənarlaşdırılmasa, nəticəli islahatlar mümkün deyil”.
Ə.Əliyev hesab edir ki, ölkədə keçid dövrü bitmiş elan olunmalı, oğurlanmış vəsaitə amnistiya elan edilməli və yeni iqtisadi dövr başlamalıdır. Ondan sonra korrupsiya ilə mübarizə radikal vasitələrlə həyata keçirilməlidir: “Qohumbazlıq, yerliçilik, dəstəbazlıq prinsipindən imtina edilməlidir. İndiki iqtidarın əsas üslubundan  çəkinəcəyinə inamım azdır. Lakin belə köklü dəyişikliklərə qərar verilməsə, ölkədə korrupsiya ilə mübarizə adı altında bütün tədbirlər görüntü mahiyyəti daşıyacaq. Bu proseslər tədrici, ardıcıl və prinsipial xarakterli olmalıdır”.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə hesab edir ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğun kökünün kəsilməsi Saakaşvilinin dediyi variantla mümkün deyil. Çünki cəmiyyətin bütövlükdə düşüncə və dünyagörüşündə ciddi dəyişikliklər baş verməsə, korrupsiyanın yayılmasının qarşısını almaq mümkün olmayacaq: “Tam məsuliyyətlə deyirəm ki, korrupsiyanın vüsət almasının səbəbi cəmiyyətin həddən artıq itaətkar və prinsipsiz davranması ilə bağlı məsələdir. İnsanlar özlərinə aid olan sferada ədalətin qorunması istiqamətində hansısa bir addım atmağa meyilli olmayanda ədaləti artıq məhkəmə də reallaşdırmır. Bunun ardınca məmur da ədaləti qorumur. Nəhayətdə korrupsiya meydana gəlir. Mən məsələnin həbslə çözülməsinin tərəfdarı deyiləm. Maliyyə amnistiyası elan edərək Azərbaycanda hüququn sıfırdan başlanması variantına gedilməsinin tərəfdarıyam. Azərbaycanda bu variant effekt verə bilər. Bu prinsipə keçilməsə, hamı pulunu gizlədəcək, bir korrupsioneri başqa bir korrupsioner əvəz edəcək. Həbs etməklə nəyinsə dəyişəcəyi mümkün görünmür.
Azərbaycanda hüququn aliliyinin təmin olunduğu cəmiyyət qurulmalı, yenidən başlanğıc prinsipinə keçilməlidir. Hazırkı vəziyyətdə bu ölkədə ən böyük şirkətlər vergi ödəməkdən yayınırlar. Çünki hamısının himayəsi var. Belə bir aşkarlıq olmayan vəziyyətdə 20 nəfəri də həbs etsən, onun yerinə gələn daha gizli korrupsionerə çeviriləcək. Saakaşvilinin variantı ona görə müəyyən qədər effekt verdi ki, o, Gürcüstanı Rusiya sistemindən nisbətən qopara bildi. Rusiyadan qopan, Qərb dəyərlərinə üstünlük verən sistemlərdə istər-istəməz korrupsiyadan imtina müşahidə olunur. Saakaşvilinin əsas uğuru bu idi”. (musavat.com)