​Azərbaycanda könüllü hərbi xidmət sistemi yaradılacaq? - Açıqlama

 
 Azərbaycanda könüllü hərbi xidmət sistemi tətbiq edilmir. Aprel döyüşləri zamanı yüzlərlə gəncin könüllü olaraq cəbhəyə getmək istəyi məsələni hələ də, gündəmdə saxlayır
 
Azərbaycanda könüllü hərbi xidmət sistemi yaradıla bilərmi?
 
Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa açıqlamasında könüllü xidmətə ehtiyac olmadığını deyib: "Vahid milli ordu var və orduda da səfərbərlik qaydalarına əsasən iş görülür. Könüllü ordu aktiv müharibə şəraitində nəzərdə tutula bilər. Hazırda aktiv müharibə prosesi getmədiyi üçün bu xidmətin yaradılmasına heç bir zərurət yoxdur. Könüllü hərbi xidmət yox, müddətli və müddətsiz xidmətlə bağlı müqavilə bağlayaraq, orduda qalmaq olar. Ümumiyyətlə, könüllü hərbi xidmətlə bağlı müstəqil bir ordu qurumu deyilən anlayış qanunvericilikdə yoxdur”.
 
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev açıqlamasında, könüllü hərbi xidmətin deyil, səfərbərlik haqqında qanunla müəyyən edilən çağırışın ola biləcəyinə diqqət çəkib: "Aprel savaşı zamanı yüzlərlə gəncin cəbhəyə getmək istəməsindən sonra ölkə rəhbərliyi və nazirlik belə təklifləri nəzərə ala bilər. Ancaq bunlar səfərbərlik haqqında qanuna uyğun şəkildə ordunun tərkibində ola bilər. Ayrıca könüllülər batalyonu yaratmağın nə ehtiyac var, nə də qanunvericiliyə uyğundur. Çünki bizim kifayət qədər hazırlıqlı ordumuz var. İnsanlarımızı hazırlıqsız və pərakəndə şəkildə döyüşə göndərə bilmərik ki? Bu, çox sistemli şəkildə olmalıdır”.
 
"Hesab edirəm ki, Azərbaycan xalqının indiki əhvali-ruhiyyəsi təbii ki, döyüşə lazım olarsa, kütləvi şəkildə iştirakımızı təmin edə bilər. Ancaq bu, qanun daxilində təşkil edilə bilər”, - deyə F. Quliyev əlavə edib.
 
Hərbi ekspert Üzeyir Cəfərli aznews.az-a açıqlamasında könüllü hərbi xidmətin qanunla fərqli şəkildə tənzimlədiyini vurğulayıb: "1990-cı illərin əvvəllində könüllü hərbi xidmət var idi. Ancaq indi qanunla fərqli şəkildə tənzimlənir: Prezidentin sərəncamına əsasən, hərbi vəziyyət elan olunacaqsa, o zaman səfərbərlik üzrə həm məcburi çağırılanlar, həm də könüllülük əsasında hərbi xidmətə getmək olar”.
 
Ekspertin fikrincə könüllülük prosesinin yenidən tətbiq olunması uzun vaxt ala bilər: "Həmin şəxslərin hazırlıq səviyyəsi, sağlamlığı yoxlanılmalı, yenidən onlar üçün təlimlər təşkil edilməlidir. Yalnız bundan sonra xidmətə cəlb etmək olar. Ancaq Azərbaycanın hazırda 200 – 300 min arası ehtiyatda olan şəxsi heyət var. Sonuncu hərbi təlimdə 60 minlik şəxsi heyətin cəlb edilməsində də həmin şəxsi heyətdən istifadə edilmişdi. Bu gün Azərbaycanda hərbi xidmətə çağırışla bağlı bütün məsələlər nizamlanıb. Normal şəkildə ildə 4 dəfə xidmətə çağırışla bağlı işlər aparılır. Bu baxımdan, könüllü xidmətin bərpa edilməsinə ehtiyac yoxdur”.
 
Qeyd edək ki, dünyada könüllü hərbi xidmət sistemi tətbiq edən ölkələr də var. Onların siyahısına ABŞ, Böyük Britaniya, İspaniya, Slovakiya, Sloveniya, Səudiyyə Ərəbistanı, Portuqaliya, Polşa, Filippin, Peru, Pakistan, Nigeriya, Yeni Zelandiya, Hollandiya, Nepal, Malaziya, Malta, Latviya, Livan, Yaponiya, İtaliya, İrlandiya, İraq, Hindistan, Macarıstan, Almaniya (2011), Fransa, Ekvador, Çexiya, Xorvatiya, Konqo, Çin, Kanada, Kamerun, Bolqarıstan, Belçika, Banqladeş, Bəhreyn, Avstraliya, Argentina, Əfqanıstan, Ukrayna (2016) və başqa ölkələr daxildir.