​ Azərbaycanda klub prezidentinə qarşı 39 min manatlıq dələduzluq edilib

Bakı şəhərində daha bir dələduzluq hadisəsi qeydə alınıb.
“Report”un xəbərinə görə, Bakı şəhər sakini 55 yaşlı Misir Əbilov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2013-cü ildə İmran adlı şəxs onun etibarından sui-istifadə edərək 39 min manatını alıb, lakin qaytarmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Şikayətçi Misir Əbilov futbol üzrə Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan “Bakılı” klubunun prezidentidir.
M.Əbilov “Report”a açıqlamasında ətraflı danışmaq istəməsə də, xəbəri təsdiqləyib. O, İmran adlı şəxslə dost olduğunu söyləyib: “Hazırda hüquq-mühafizə orqanları araşdırma aparır”.