Azərbaycanda intiharlar artır - səbəb nədir?

 
3 gün öncə Abşeron rayonunda 66 yaşlı "İlin ən yaxşı müəllimi" özünü yaşadığı evdə asaraq intihar edib. Meyiti evinə fərdi təhsil almağa gələn şagirdləri tərəfindən aşkarlanan Azelma Mirzəyeva 297 saylı orta məktəbdə 39 il ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Ötən ildən təqaüdə çıxan müəllimin hansı səbəbdən intihar etdiyi məlum deyil.
 
Turaninfo.Az virtualaz.org-a istinadən bildirir ki, bu, noyabr ayı ərzində ən çox səs-küyə səbəb olan intihar hadisəsi olsa da, ilk belə hadisə deyil. Ondan bir gün əvvəl Şirvan şəhərində 25 yaşlı gənc özünü yaşadığı evin hamamılnda asmışdı. Elə həmin gün daha bir intihar Sumqayıt şəhərində qeydə alınıb. 66 yaşlı kişi məktəbin həyətində özünü idman qurğusundan asıb...
 
 
 
Hər gün intiharla bağlı azı bir oxşar xəbər eşidirik. Bəzən isə bir gündə özünəqəsdlərin sayı 3-4-ə çatır. Nəzərə alsaq ki, bu yalnız mətbuatda işıqlandırılan və rəsmən təsdiqlənən statistikadır, əslində miqyasın daha böyük olduğunu təsəvvür eləmək çətin olmaz.
 
Kənardan quru statistika kimi görünən rəqəmlərin arxasında əslində canlı insanlar və onların yarımçıq qalmış arzuları durur. Bəs cəmiyyətdə günü-gündən artan intiharların səbəbi nədir? İnsan özünü niyə öldürür? Ekspertlər insanları bu addıma təhrik edəcək yüzlərlə səbəb sadalayırlar. Yenə də ən böyük problem maddi çətinlik, sosial problemlər, banklara olan borc və digər sıxıntılardan qaynaqlanır. Bununla belə, psixoloji zəiflik, özünün və ya yaxınlarının ağır xəstəliyi, bəzən isə qarşılıqsız sevgiyə görə həyatlarını yarıda qoyanlar var.
 
Ümumiyyətlə, təkcə noyabr ayının əvvəlindən bu yana mətbuatda 20-yə yaxın intihar hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub. Ölkədə ötən il həmin maddə ilə ümumilikdə 658 cinayət işi başlanıb ki, bu ilin ilk 9 ayındakı intiharların statistikası ötən ilin müvafiq dövrünün statistikasından çoxdur. Orta hesabla götürsək, hər gün təxminən iki azərbaycanlı intihar edir.
 
"Heç kimin həyatı yalnız qızılgüllərdən ibarət deyil..."
 
Psixiatr Gəray Gəraybəyli hesab edir ki, intiharın səbəblərindən danışarkən burada depressiyaları xüsusilə vurğulamaq lazımdır. Çünki depressiyanın ən ağır fəsadı özünəqəsddir. İnsan həyatdan həzz almırsa, onun sonu ölümdür.
 
 
 
Mütəxəssis hesab edir ki, son vaxtlar gəncləşən intiharlarla da bağlı onu demək olar. Çünki uşaqlarda baş verən depressiya formaları da var. Onlar bir qədər atipik olur və böyüklərdəkindən fərqlənir:
 
"Tam formalaşmayan psixikada - uşaqlarda, yeniyetmələrdə, bir qədər infantil olan insanlarda kəskin emosional reaksiya, ya acıq, etiraz hissi intihara gətirib çıxarır. Belə insanlar dərindən düşünmürlər ki, bu gün mümkün deyilsə, sabah mümkün ola bilər. Depressiya isə xəstəliklə bağlıdır. Digər tərəfdən, insanlarda həyatı qiymətləndirmək hissi azalıb. Doğrudur, həyat problemlərdən ibarətdir, heç kimin həyatı əvvəldən axıradək qızılgüllərdən ibarət deyil. İnsan yaşadıqca problemlərlə qarşılaşır və problemin həlli onun psixoloji müdafiəsini artırır. Bəzən hansısa problem olanda heç məktəb oxumayan ağsaqqaldan kömək istəməyi məsləhət görürlər. O, dəfələrlə problem yaşayıb deyə, psixoloji müdafiəsi güclüdür. Stressli vəziyyətdən çıxmağı bilir. Biz buna müdriklik deyirik".
 
Maddi dəyərlər mənəvi dəyərləri üstələyərsə...
 
Mütəxəssislər intiharların bir səbəbini də cəmiyyətdəki gərginlik və buna rəvac verən maddi dəyərlərin önə çıxmasında görürlər. Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, əgər cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərləri sıxışdırıb önə keçirsə, çoxlu gərginliklər yaranır, xoşagəlməzliklər meydana çıxır. Belə cəmiyyətdə ilbəil əcaib hallar, təkcə intiharlar deyil, həm də boşanmalar, ailə üzvlərinin bir-birini öldürməsi, aldatmalar artır.
 
 
 
"Biz çalışmalıyıq ki, cəmiyyətimizdə insanlar bir-biri ilə maddi dəyərlərə görə yarışmasınlar. İnsanlar öz ümidlərini mənəvi dəyərlərdə tapsınlar. O ölkə, şəhər gözəl sayılır ki, insanlar bir-biri ilə mədəni davranışına görə yarışırlar. Əgər meşşanlıq artırsa, əşyabazlıq artırsa, belə hadisələr qaçılmazdır.
 
Bəziləri elə bilirlər ki, bu, insanlarda maddi çatışmazlıqlarla bağlıdır. Amma belə deyil. Çünki sovet dövründə də maddi cəhətdən pis yaşayan insanlar olub. Amma bu qədər kriminal hallar olmayıb", - Ə.Qəşəmoğlu deyir.
 
Sosioloq hesab edir ki, maddi dəyərlərin önə keçməməsi üçün elmi əsaslarla fəaliyyət proqramları hazırlanmalıdır. Bunu ciddi alimlər hazırlamalıdırlar. Bununla baöğlı qanunvericilik sistemində, hüquqi bazada, hökumətin humanitar siyasətində dəyişikliklər olmalıdır. Mənəvi dəyərləri üstün tutan insanlara diqqət artıtlmalıdır, elmə, təhsilə diqqət ayrılmalıdır:
 
"Mənəvi dəyərlərin daşıyıcıları olan insanların özlərinin maddi durumları o qədər də ürəkaçan deyil. Nəticədə, belə vəziyyət yaranır. Konkret olaraq mütəxəssislərin iştirakı ilə fəaliyyət proqramı hazırlanmalı və dövlət səviyyəsində həyata keçirilməlidir".
 
Sosial institutlar - adı var, özü yox
 
Millət vəkili Fazil Mustafa isə hesab edir ki, cəmiyyətdə intiharların artması Azərbaycanda İslam dəyərlərinə əməl olunmamasından irəli gəlir. Millət vəkilinin bildirdiyinə görə, dinə görə, intihar ən böyük günahlardan sayılır.
 
 
 
F.Mustafa deyir: "Hüquq baxımından yanaşsaq, cəmiyyətdəki sosial gərginliklə bağlı olur, insanlar işsizlik , borc və sair səbəblərdən insanlat bu addımı atırlar.
 
Cəmiyyətdə sosial institutlar inkişaf eləmədiyinə görə, xüsusən də, iş adamlarının xeyriyyəçilik sistemi təkmil olmadığına görə insanların sıxıntılarının qarşısını ala biləcək dərəcədə onlarla maraqlanma imkanı yoxdur. Burada müəyyən maariflənmə işləri də kifayət olmur. Çünki insan tavana dirənəndə ən son çıxış yolu intihar olur. Bunu mətbuat vasitəsilə geniş işıqlandırmaq lazımdır, amma bu problemi aradan qaldırmır. Qarşısını almaq üçün müəyyən sosioloji araşdırmalar aparmaq lazımdır. Səbələri daha çox öyrənmək lazımdır. Psixoloji durumu yerində olmayan insanları araşdırmaq, onları maarifləndirmək lazımdır. Kompleks tədbirlər görülməlidir ki, bunu müəyyən dərəcədə azaltsınlar. Bütün dünyada insanların həyatlarından bezərək intihar etməsi hallarına rast gəlirik. Amma bizdə intiharlar daha çox sosial gərginliklə bağlıdır. Bunu bir tədbirlə qarşısını almaq olmaz".
 
Millət vəkilinin sözlərinə görə, dövlət intiharlarla bağlı məsələyə xüsusi diqqət ayrımalıdır. Məktəblərdən başlayaraq, uşaqlar arasında münasibətlərin təqib olunması vacibdir. İcra hakimiyyətlərinin tərkibində yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya fəaliyyət göstərsə də, fəaliyyətini normal qurmayıb. Və ya həbsdən çıxmış insanların reabilitasiyası ilə bağlı vəziyyət də oxşardır. Bununla bağlı qanun qəbul olunub, amma reabilitasiyanın maddi və digər əsasları nəzərdə tutulmayıb. Sığınacaq yerləri yoxdur. Məhkumluğu olan şəxslərin ailə həyatına müdaxilənin qarşısını almaq üçün sığınacaq yerləri yoxdur. Bunlar sosial institutlar tərəfindən araşdırılmalıdır.
 
"Sosial institutlar formal olaraq fəaliyyət göstərirlər, amma real olaraq fəaliyyət yoxdur. Ona görə də, problemli insanlar kənarda qalır. İnstitutları dirçəltmək lazımdır. Xeyriyyə təşkilatları və qadın sığınacaqları şəbəkəsinin genişləndirilməsinə ehtiyac var. Çünki burada gələcəkdə potensial intihar etmək istəyən insanlara çevrilə biləcək şəxslər olur. Əgər bu institutlar dirçələrsə, vəziyyətdə dönüş yaratmaq olar... Avropada da bu intiharlar var, amma orada bu institutlar işlədiklərinə görə, intiharların sayı azalır. Bizdə isə, əksinə, kütləviləşməyə başlayır. İndidən tədbirlər görmək lazımdır", - deyə F. Mustafa bildirir.
 
Peşəkar "qaynar xətt" - çıxış yolu
 
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, intiharların qarşısını almaq üçün peşəkar qaynar xətlərin yaradılmasına ehtiyac var.
 
 
 
"İnsanlar çox az hallarda birbaşa intihar edir. Əksər hallarda intiharlar düşünülmüş, uzun müddət qərarlaşdırılmış, bu barədə yaxınlarına mesaj verilən intiharlar olur. Ətrafdakılar bunu şantaj, öz istəklərini həyata keçirmə cəhdi kimi qiymətləndirir və əhəmiyyət vermir. Əslində, intiharla bağlı danışan şəxsə heç vaxt biganə qalmaq olmaz, onun problemini öyrənmək lazımdır. Ona çıxış yolunu göstərmək lazımdır. Ümumən, "qaynar xət"lər belə hadisələrin qarşısını müəyyən qədər ala bilər. Azərbaycanda, təəssüf ki, bu qədər intihar hallarına baxmayaraq, nə QHT-lərin nəzdində, nə də dövlət qurumlarında peşəkar "qaynar xət"lər yoxdur ki, bu cür məsələlərdə dərhal təsir göstərsin, şəxsə psixoloji yardım göstərərk intiharın qarşısını alsın", - M.Zeynalova bildirir.
 
 
 
Yazıçı Seyran Səxavət də hesab edir ki, çətin olsa belə, cəmiyyətdəki intihar hallarındakı kütləviləşmənin qarşısını almaq mümkündür:
 
"Bütün qarşısıalınmaz, çətin problemlərin qarşısı istək olanda alınır. Allahın yaratdığını məhv eləmək onun qarşısında böyük günahdır. Məncə, intiharların ən böyük səbəbi bütün dünyada baş verən hadisələrdir. Dünya özü intihar həddinə gəlib çatıb. Bu çox qəliz məsələdir. Ancaq onu deyə bilərəm ki, dünya gözəldir. Gözəl bir ağacın, gözəl bir qadının, nəvənin eşqi bəsdir ki, insan ömrü boyu yaşasın", -Seyran Səxavət bildirir.
 
Heç statistikasını araşdıra bilmiriksə...
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, dünyada hər 40 saniyədə 1 nəfər intihar edir. Hər gün təxminən 3 min insan həyatına qəsd edir. Dünyada hər il təxminən 1 milyon insan intihar edir. Əslində isə özünəqəsdə cəhd edənlərin sayı bundan 20 dəfə artıqdır. 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağı proqnozlaşdırılır. Yaşı 15-29 olan gənclər arasında intihar ikinci böyük ölüm faktorudur.
 
 
 
Maraqlıdır ki, Daxili İşlər Nazirliyi hər il özünəqəsdlə bağlı yarımçıq statistika açıqlasa da, bunun tam olaraq statistikasına nə Səhiyyə Nazirliyi, nə də Statistika Komitəsinin məlumatlarında rast gəlmirik.
 
Demək olar ki, vaxtaşırı intiharlarla bağlı araşdırma tipli yazılar mətbuat səhifələrində görünsə də, nazirlik və ya komitələrin bununla bağlı narahatlıq keçirərək hansısa addım atmasının şahidi olmamışıq. Elə şahidi olmadıqlarımızla bağlı öyrənmək üçün Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitədən bildirdilər ki, hazırda aidiyyatı şəxslər məzuniyyətdə olduğundan yaxın günlərdə sualımıza cavab veriləcək.