​“Azərbaycanda “İlin qəhrəmanı” dollar oldu” - Qubad İbadoğlu

 
 Sərdar Cəlaloğlu: “Manat çempiondur”
 
2016-cı il başa çatdıqca dünyada ilin adamları seçilməyə başlayır. Qeyd edək ki, ilin adamları göstərdikləri fəaliyyətə, qazandıqları uğurlara görə müəyyən edilirlər. Onlarla bağlı xəbərlər il ərzində ən çox oxunan xəbərlər sırasında öndə olurlar.
 
Bu il ərzində Azərbaycanda ən tirajlı mövzular heç şübhəsiz ki, dollar və manatla bağlı xəbərlər oldu. Təsadüfi deyil ki, bu tipli xəbərlər bir an belə gündəmdən düşmədi. 2016-cı ildə manatı, yoxsa dolları “ilin qəhrəmanı” hesab etmək olar?
 
ADR hərəkatının rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, dollar qəhrəmandır: “Təəssüf ki, ilin qəhrəmanı dollar oldu, çünki bütün nominasiyalarda manata üstün gəldi. Depozitlərin 80 faizindən çoxu dollarla formalaşdı, kredit qoyuluşlarında dollara üstünlük verildi. Hətta rüşvət və korrupsiyada da aparıcı valyuta vahidi dollar oldu. Dünyasında dollar görməyən adamlar bu il dolların nə olduğunu gördü, onun gücünü hiss etdi. İl ərzində ən çox lənətlənən də dollar oldu, bir çoxları hesab etdi ki, bütün bəlaların səbəbkarı dollardı. Dövriyyədə manat kütləsi azalsa da, onun dəyəri artmadı və il ərzində ona inam daha da azaldı”.
“Azərbaycanda “İlin qəhrəmanı” dollar oldu”
ADP sədri Sərdar Cəlaloğlu dünya valyutaları içərisində öz dəyərini itirməkdə manatın ilk sırada qərarlaşdığını söylədi: “Dollara münasibətdə manat dəyərini 2-3 dəfə itirdi. Bir şey ki dəyərsizləşir, o əhəmiyyət daşıya bilməz. Əgər bir qara siyahı da olsa, o zaman manat ilk sırada qərarlaşar və ilin pulu kimi götürmək olar. Bir vaxtlar dünya valyuta sistemində lotuluq edən manat indi dünyadakı bütün valyutalardan ən aşağı səviyyəyə düşüb. Öz dəyərini itirmə sürətinə görə manat çempiondur. Biz şeyi də qeyd edim ki, türk lirəsi artıq dollar və avroya qarşı ciddi müqavimət göstərməyə başlayıb. Türk hökuməti qərar verib ki, xarici əlaqələrdə türk lirəsi dollar və avronu əvəzləyəcək. Eyni vaxtda dollar və avroya qarşı müharibə açan yeganə valyuta türk lirəsidir. Mənə elə gəlir ki, əgər ilin valyutası seçimi olsa, türk lirəsini seçmək lazımdır. Azərbaycanda hökmən ”ilin qəhrəmanı"nı seçmək vacib deyil. Azərbaycan bu il qəhrəmansız yaşadı".
“Azərbaycanda “İlin qəhrəmanı” dollar oldu”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev fərqli düşünür: “Azərbaycanda ilin qəhrəmanı əskinas deyil, onu müzakirə mövzusuna çevirmiş instansiya-Azərbaycan hakimiyyəti seçilməlidir. Cəmiyyətin son 2 ildə üzləşdiyi çətinliklər, təəccüblər, təəssüflər məhz anti-qəhrəman hesab edilən iqtidardır. Çünki il ərzində baş verənlər hakimiyyətin mənfilikləri ilə bağlı olub. Devalvasiya qədər, MTN və Rabitə nazirlikləri, Beynəlxalq Bank məhkəməsi, referendum, enerji daşıyıcı qiymətlərinin bahalanması və s. bu kimi mövzular hər bir azərbaycanlının evinə daxil olan mövzulardır. Bunları isə birləşdirən ünvan Azərbaycan iqtidarıdır. Ona görə də ədalətli olar ki, ilin birincisi YAP iqtidarı elan olunmalıdır. Onsuz da ölkədə qəhrəman yoxdur. Qoy heç olmasa kontr-qəhrəman obyektiv olsun”

Загрузка...
Загрузка...