AZƏRBAYCANDA ERMƏNİ KƏŞFİYYATININ NÖVBƏTİ TƏXRİBATI...

Baxış sayı: 
130

Sosial şəbəkələrdə ölkəmizdə yaşayan ləzgilər adından separatçılığı təbliğ edən video yayılıb:
 
 
 
 
 
Bu günlərdə sosial şəbəkələrdə, o cümlədən də Azərbaycan və Ermənistanda ən çox müzakirə olunan mövzulardan biri aprelin 19-da “Арцах Армения с Alen Ghulyan” profilindən paylaşılan video yazıdır. Həmin videoda özünü “ləzgi azadlıq hərəkatı”nın lideri kimi qələmə verən maskalı bir şəxs Azərbaycanda yaşayan ləzgiləri azadlıq və müstəqillik uğrunda mübarizəyə qatılmağa çağırır. Videonun stenoqramını oxucularımıza təqdim edirk:
 
“Biz Ləzgistanın Azadlıq Korpusunu təmsil edirik. Məqsədimiz -Azərbaycan asılılığından qurtulmuş azad, müstəqil Ləzgistandır.
 
Biz çoxuq və sözdən əmələ keçmişik. Bunu nə vaxt və necə edəcəyimizi bilirik və artıq azadlığa doğru sıçrayış etmək zamanıdır.
 
Azərbaycanda bizim kimi azad ləzgilər çoxdur və gündən-günə daha da çoxalır. Getdikcə daha çox soydaşımız özünü ləzgi adlandırır. Biz isə avtomat əlimizdə azadlığa doğru ilk addım atmağa qərar vermişik. Çünki həqiqəti çatdırmaq üçün güc lazımdır, o güs isə bizdə, bizim getdikcə güclənən birliyimizdədir.
 
Son illər Qarabağ problemi ətrafındakı qeyri-müəyyən vəziyyət Əliyevlər rejiminin nüfuzunu əsaslı surətdə laxladıb. Əliyevin torpaqların azad ediləcəyi ilə bağlı etdiyi bəyanatlar öz təsir qüvvəsini çoxdan itirib. Ən qüdrətli döyüş qabiliyyəti olan ordu haqda söylənən təriflər isə son dərəcə gülünc səslənir.
 
Qarabağ problemindən ləzgi xalqının müstəqil gələcəyi üçün bəhrələnmək imkanını əldən verə bilmərik. Korrupsiya girdabında boğulan çürümüş Əliyevlər rejimi bu zərbələrə davam gətirə bilməyəcək, bu da bizə azadlığımızı yenidən qazanmaqçün qiymətsiz şans verəcək.
 
Hər birimiz döyüşə hazır olmalıyıq, Ləzgistanın Azadlıq Korpusunun təmsilçiləri, yəni biz artıq azad və müstəqil Ləzgistanın ilk döyüşçüləri olmuşuq. Özünü azadsevər və qürurlu ləzgilərin nəslindən sayan hər kəsi müstəqillik uğrunda ümumi mübarizəmizə qoşulmağa çağırırıq”.
 
Hurriyyet.org-un apardığı araşdırma müəyyən edib ki, əslində hər iki nik (Арцах Армения və Alen Ghulyan) eyni istifadəçiyə məxsusdur. Ən qısa zamanda adıçəkilən video yazı müxtəlif qruplar və istifadəçilər tərəfindən paylaşılıb və böyük əks-səda yaradıb.
 
Qeyd etmək lazımdır ki, azərbaycanlı istifadəçilərin, eləcə də Azərbaycan vətəndaşı olan ləzgilərin demək olar ki, hamısı bu çağırışı təxribat kimi qəbul edir, ermənilər isə əksinə, bu separatçı çağırışı böyük sevinclə şərh edir, aralarında “axır ki, istəyimizə çatırıq”, - yazanlar da az deyil.
 
Məsələyə aydınlıq gətirmək üçün tarixçi alim, Bütöv Azərbaycan Ocaqlarının ideologiya üzrə Başqan müavini Dilavər Əzimliyə müraciət etdik. Onun fikirlərini olduğu kimi sizə çatdırırıq:
 
 
 
“Mən bu videoya diqqətlə baxdım. Təxribat xarakterli videodur. Bu video, təbii ki, ermənilər tərəfindən hazırlanır. Onlara da dəstəyi Rusiya verir. Bəllidir ki, Türkiyənin Suriyada uğuru erməniləri şoka saldı. Hətta Avropa ölkələrinə müraciət etdilər ki, Türkiyə Ordusunu durdurun, yoxsa Suriyadan sonra Azərbaycana kömək edib, bizim üstümüzə gələcəkdir. Çünki Türkiyə dəfələrlə bəyan edib ki, Azərbaycanın problemi Türkiyənin problemidir.
 
Üstəlik, Dağlıq Qarabağa erməni və PKK terroristləri toplaşıb və terror düşərgələri yaradıblar. Bu mənada Türkiyənin haqqı çatır ki, orada antiterror əməliyyatı həyata keçirsin.
 
Bundan əlavə, 2016-cı il Aprel döyüşləri də ermənilərə göstərdi ki, Azərbaycan ordusu səhər yeməyini Dağlıq Qarabağda yeyib, İrəvanda çay içə bilər. Bütün bunlar onları məcbur edir ki, bu cür addımlara getsin.
 
Tarixən Azərbaycanda ləzgilər biz türklərlə birgə yaşayıb və ümumi düşmənə qarşı birgə mübarizə aparmışıq. Bizim ümumi tarixmiz və mədəniyyətimizin kökləri əsrlərlə ölçülür. Biz eyni möhtəşəm bir ağacın budaqlarıyıq. Azərbaycanda türklərlə qafqazdillilər, irandillilər arasında heç bir zaman problem olmamışdır. Çünki bu ərazilərdə bu üç dil qrupuna məxsus olan tayfalar arasında güclü bağlantılar olmuşdur. Sonradan İslam dini onları daha da yaxınlaşdırdı. XVIII əsrin axırlarından başlayaraq bu ərazilərə Avropa dövlətlərinin və Rusiyanın işğalçılıq hücumları başladı. Onlar vaxtilə bu ərazilərdə sünni-şiə ədavəti yaratmağa cəhd etdilər, amma alınmadı. XIX əsrdən başlayaraq bu ərazilərdə etnik qarşıdurmaya cəhd etdilər. Buna səbəb Rusiya işğalına qarşı türklərlə birlikdə irandillilərin və qafqazdillilərin birgə qəhrəmancasına mübarizəsi idi. Buna canlı misal Şeyx Şamil hərəkatı idi. Bu azadlıq mübarizəsinin ideoloji bazasını Şirvan bölgəsində yaşayan əslən Kürdəmirdən olan Şeyx İsmayıl Şirvani hazırlamışdı. Bu da Avropanı və Rusiyanı yeni variantlara əl atmağa vadar edirdi. Məqsədlərinə çatmaq üçün bu ərazilərdə etnik qarşıdurma yaratmağı qət etdilər. Ona görə də bu ərazilərə 1828-ci ildən başlayaraq Qacarlar İranından və Osmanlı İmperiyasından erməniləri köçürməyə başladılar. Azərbaycanda bir “erməni vilayəti” yaratdılar. Nadir şahın başçılığı altında olan Azərbaycan Əfşarlar imperiyası süqut etdi, xanlıqlar yarandı. Qısa müddətdən sonra bu ərazilər yenə də Azərbaycan ətrafında birləşəcəkdi, amma Rusiya işğalı imkan vermədi.
 
Bilirsiniz, tarixən Dağıstan əraziləri Azərbaycan əraziləri olmuşdur. Bu ərazilər bizdən ayrılan torpaqlardır. Onlar həmişə Azərbaycana bağlıdırlar. Bu gün Azərbaycan səkkiz yerə parçalanıb. Bu parçalanma nəticəsində ləzgilər də bir xalq olaraq parçalanmışdır. Baxın, Azərbaycanın parçalanması talış xalqını da parçalamışdır. Azərbaycan türkləri kimi, onların da bir hissəsi İran ərazilərində qalmışdır. Bu mənada Azərbaycanın bütövləşməsi həmin xalqları da birləşdirəcək.
 
Bu gün bəzi dövlətləri, o cümlədən Rusiyanı, xüsusilə də Ermənistanı Azərbaycanın bütövləşmə ideyası qorxuya salır. Xüsusilə, Ermənistan anlayır ki, Azərbaycan öz ərazilərini gec-tez güc yolu ilə qaytaracaq. Azərbaycan rəsmi səviyyədə İrəvan, Zəngəzur, Göyçə məsələsini qaldırmışdır. Bunlar bizim tarixi torpaqlarımızdır və Ermənistan dövləti yarananda öz üzərinə bununla bağlı öhdəliklər götürmüşdü. Amma bunu yerinə yetirmədi, əksinə havadarı Rusiyanın əli ilə bizdən yeni torpaqlar işğal etdi, qətliamlar törətdi. Bunu anlayan Ermənistan bizə qarşı ideoloji mübarizəni gücləndirb. Elə bir situasiya yaratmaq istəyir ki, guya Azərbaycanda ləzgi problemi, talış problemi var. Onlara deyən yoxdur ki, ay şərəfsizlər, öz ərazinizdə bir dənə ayrı etnosa məxsus insan qalıbmı? Mono-dövlət yaratmısınız. Bu cür təbliğatın bəhrə verəcəyinə inanmıram. Çünki ləzgilər də, talışlar da Azərbaycanın qədim etnosları olmaqla, bu ərazilərin qorunmasında misilsiz fədakarlıqlar göstəriblər. Qarabağ savaşında yüzlərlə şəhid veriblər, neçəsi “Azərbaycanın Milli Qəhrəmanı” adını alıb. Son Aprel döyüşündə neçə-neçə türk də, talış da, ləzgi də eyni düşmənin - erməni gülləsindən şəhid oldu. Bununla belə, bu xaqların bəzi nümayəndələri də var ki, onlar pul, yaxşı yaşamaq müqabilində erməni, rus toruna düşür və talış, ləzgi xalqı adından danışırlar. Amma onları dəstəkləyən yoxdur. Baxın, vaxtilə Rusiya “Sadval”ı yaratmaqla Azərbaycanın şimalında separatizmi gücləndirmək istədi. Amma alınmadı. Çünki bunun tarixi kökləri yoxdur. İndi də Moskva və İrəvan bu amildən istifadə edirlər. Amma bunun heç bir nəticəsi ola bilməz. Çünki qardaş talış və ləzgi xalqı özləri onları lənətləyirlər.
 
Bir də ola bilsin ki, bu videonu ermənilər özləri düzəldib yayıblar. Həmin adamlar da ermənilər ola bilər. Çünki bundan əvvəl talışlarla bağlı bel bir video yayıldı. Amma sonradan bəlli oldu ki, bu videoda talış dilində danışan qız özü ermənidir və orada çıxış edənlərin əksəriyyəti ermənilərdir. Düzdür, bəzi satqınlar var ki, onlarla əməkdaşlıq edir, amma onların imici həmin xalqlar arasında “satqın” imicidir.
 
Baxın, ABŞ və Avropa dövlətləri Rusiyanı sıxışdırmağa davam edirlər. Təbii ki, yaxın zamanda dünyanın iri dövlətləri Şimali Qafqaz və Dağıstan siyasətinə xüsusi önəm verəcəklər. Rusiya Qafqazı itirsə, özünün böyük dövlət statusunu da itirəcək. Bu mənada Moskva özünün Qafqaz siyasətini gücləndirir.
 
Qafqazda əsas dövlət isə Azərbaycandır. Azərbaycan və Türkiyə “bir millət, iki dövlətdir”. Azərbaycan Avropa və ABŞ üçün əsas strateji və iqtisadi əhəmiyyətə malik bir dövlətdir. Azərbaycan əsas enerji marşrutlarının keçdiyi bir məkandır. Əlbəttə, Rusiya, eləcə də Türkiyə yaxşı anlayırlar ki, onların arasındakı yaxınlaşma taktiki yaxınlaşmadır. Bu yaxınlaşma uzunömürlü ola bilməz. Buna görə də Rusiyanın özünün Qafqaz siyasətini daha da gücləndirməsi təbiidir. Bu yolda onların əsas ruporu ermənilərdir. Onların əli ilə bu cür ideoloji təbliğatı gücləndirirlər.
 
Hesab edirəm ki, Azərbaycan bu məsələdə son dərəcə ehtiyatlı olmalı və bu cür təbliğatları həmin xalqların nüfuzlu insanlarının əli ilə ifşa etməlidir. Biz televiziya və radio məkanlarında mənasız şou verilişlərinin əvəzinə, bu istiqamətə güc verməliyik. Mən son illərdə sosial şəbəkələrədə Azərbaycanda separtizmi təbliğ edən adamların statuslarını oxuyuram. Bunların arasında türk, ləzgi, avar, talış və digər xalqların nümayəndələri var... Bunlara qarşı ciddi ölçü götürülməlidir. Bəziləri bilmədən separatçıların toruna düşür. Onlarla profilaktik söhbətlər etmək lazımdır. Yəni, bizim də üstümüzə böyük məsuliyyət düşür. Azərbaycan idarəçiliyi yenilənməlidir. 30 ildən artıq bir kresloda oturan deputat, 30 ilə yaxın bir kresloda oturan məmurun artıq fikirləri də köhnəlib. Bu gün Azərbaycanda daha çevik düşünən insanlara böyük ehtiyac var”.
 
Banu OĞUZ, Hurriyyet.org
 
P.S. Düşünürük ki, bu cür videolar əslində Azərbaycan xalqını (Azərbaycanın bütövlüyünü və dövlətçiliyimizi dəyərləndirən, milliyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını), o cümlədən ölkə iqtidarını daha ayıq-sayıq olmağa çağırır. Düşmən özü də bilmədən, bizi uyarır. Bir olub, birlik olub xarici düşmənə qarşı mübarizədə daha əzmkar vəqətiyyətli olmalı, Vətən torpaqlarımızı qorumalıyıq.

Загрузка...
Загрузка...