Azərbaycanda erməni dilini bilənlər...

Onların sayı niyə azdır?
“Dostuna yaxın ol, düşməninə ondan da yaxın ol” deyib atalarımız. Düşmənə yaxınlığın yolu isə həm də onun dilini bilməkdən, onunla onun öz dilində danışmaqdan keçir. İnformasiya müharibəsində düşmənin dilini bilməkdən böyük nemət yoxdur, bu, məlumdur. Xüsusən də çağdaş dövrümüzün internet, texnologiya savaşında dil faktoru böyük üstünlük sayılır.
Son günlərin müharibə aktivliyi isə bizə bu mövzunu daha da aktuallaşdırdı. Ölkəmizdə erməni dilini bilənlərin say azlığı, erməni dilində saytlar, telekanallar... varmı? Bu suallar ətrafında kiçik bir gəzişmə etdik.
Bu günə qədər Azərbaycanda erməni dilində məlumat paylaşan 3 sayt olub. 1905.az, Armenia.az və Karabakhinfo.com. Əlavə olaraq CBC kanalında erməni dilində xəbərlərin yayımlandığı da faktdır.
Bakı Dövlət Universitetində (BDU) Erməni Araşdırmaları Elmi Mərkəzi bir neçə ildir ki, fəaliyyət göstərir. Mərkəzin rəhbəri Qafar Çaxmaqlıdır. Belə bir mərkəzin yaradılmasında əsas məqsəd erməni məsələsi ilə bağlı ən aktual tarixi və çağdaş problemlərin öyrənilməsi, Azərbaycan ictimaiyyətinin Ermənistanda baş verən ictimai-siyasi proseslərdən xəbərdar edilməsi, Ermənistan dövlətinin və erməni diasporunun xarici ölkələrdə Azərbaycana və türk dünyasına qarşı apardığı fəaliyyətin qarşısının alınmasıdır.
Elmi mərkəzə erməni dilini bilən araşdırmaçılar, alimlər cəlb edilib. Q.Çaxmaqlının verdiyi məlumata görə, kadr potensialı baxımdan əziyyət çəkmələri faktdır. Buna səbəb ali məktəblərdə erməni dilini bilən yeni kadrların yetişdirilməməsidir.
BDU-nun tarix fakültəsində erməni dili dərsi tədris olunur. Bu dərslər seçmə fənn kimi keçirilir.
Azərbaycanın ilk beynəlxalq televiziyası olan “ATV İnternational”da erməni dilində xəbərlər yayımlanırdı. Xatırladaq ki, “ATV İnternational”da beş dildə xəbər yayımlanır. Azərbaycan, fars, ingilis, rus və erməni dillərində yayımlanan xəbərlər üçün 30-a qədər kadr seçilmişdi. İlk vaxtlar telekanal rəhbərliyi düşmən ölkənin dilində danışa bilən kadrların azlığından şikayət edirdi. Hazırda isə ATV-də erməni dilində proqram yoxdur.