Azərbaycanda 4 deputat mandatı ilə vidalaşır – ADLAR

Baxış sayı: 
199

 
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə 4 millət vəkilinə yeni vəzifə verilib.
Minval.İnfo xəbər verir ki, qanuna əsasən millət vəkilləri deputat mandatları ilə vidalaşmalı olacaq. Deputat mandatı ilə vidalaşacaq deputatlar Muxtar Bahadur oğlu Babayev, Rövşən Şükür oğlu Rzayev, Vüsal Əfqan oğlu Hüseynov, Fuad Rauf oğlu Muradovdur.
Muxtar Bahadur oğlu Babayev – Prezident İlham Əliyevin sərəncamı ilə AzərbaycanRespublikasının Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsinə təyin edilib. 1967-ci ildə Bakışəhərində anadan olan Muxtar Babayev Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, eləcə də Azərbaycan Respublikası Milli Məclisinə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilidir.
1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirən M.Babayev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olan Muxtar Babayev Yeni Azərbaycan Partiyasının üzvüdür.
Rövşən Şükür oğlu Rzayev – Prezident İlham Əliyevin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədr təyin olunub. 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən millət vəkili seçilən Rövşən Rzayev Milli Məclisinin IV çağırış deputatıdır. Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Gənclər və idman komitəsinin üzvü, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvüdür. Əslən Qarabağdan olan Rövşən Rzayev 1962-ci ildə anadan olub və uzun illər ədliyyə sahəsində çalışıb.
2004-cü ildən millət vəkili seçilən Rövşən Rzayev Bakının sabiq prokuroru Şükür Rzayevin oğludur. Rövşən Rzayev eyni zamanda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvüdür.
Vüsal Əfqan oğlu Hüseynov – Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib. 91 saylı Ucar seçki dairəsindən deputat seçilən Vüsal Hüseynov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvü olan Vüsal Hüseynov 1980-ci ildə Bakı şəhərində anadan olub. Vüsal Hüseynov Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışıb. Vüsal Hüseynov 20 aprel 2016-cı ildən-İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi yarandığı gündən etibarən Mərkəzin Müşahidə Şurasının üzvüdür.
Fuad Rauf oğlu Muradov – Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 4-cü sədri, Azərbaycan Respublikası Milli Məclisinin III və IV çağırış deputatıdır. 1979-cu ildə Bakı şəhərində anadan olan F.Muradov Milli Məclisin Gənclər və İdman Komitəsinin sədridir. 10 elmi əsərin və monoqrafiyanın müəllifidir. 2010-cu ildə “Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları” mövzusunda dissertasiya işini müdafiə edib, kimya elmləri üzrə fəlsəfə doktorudur.

Загрузка...
Загрузка...