Azərbaycanda 1 dolları 2 dollara çevirən şəxs peşəkar futbolçu tutuldu

Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşı Fərzad Əbdül Əhməd Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək tanmadığı şəxslərin onun etimadını qazanaraq 50 000 ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 100.000 ABŞ dolları edəcəkləri adı altında aldararaq dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun vətəndaşları – Alphonse Touani, Patrick Arnaud, Ziepop Maxime Valery və Armel Gaetandan ibarət dəstə zərərsizləşdirilib.
Saxlanılan şəxslər ifadələri zamanı ölkəmizdə keçiriləcək beynəlxalq miqyaslı “Formula 1” idman yarışları ərəfəsində Bakı şəhərinə çoxlu turistlərin səfər edəcəyini bildiklərindən qeyd olunan üsulla onları aldatmaq və pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildiriblər.
Onların üzərlərinə və yaşadıqları mənzilə baxış zamanı maddi sübutlar aşkar olunaraq götürülüb.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Saxlanılan şəxslərdən birinin futbolçu olduğu üzə çıxıb. Lent.az-ın məlumatına görə, həmin şəxs 1995-ci il təvəllüdlü Arnaud Ziepop Patrikdir. Kamerundan olan Patrik bu ilin mart ayında Azərbaycana gəlib. O, peşəkar futbolçudur. Mali, Mərakeş, Zimbabvenin əsas liqalarında və ardınca Fransanın aşağı divizion klublarında çıxış edən Patrik bir müddət əvvəl musavat.com-a müsahibəsində deyib ki, Fransanın tanınmış klublarından olan “Laval”a transfer ediləcəyi ərəfədə meneceri tərəfindən aldadılıb.
 21 yaşlı kamerunlu onu da bildirib ki, hazırda Bakının “İnter” futbol klubu ilə danışıqlar aparır və bu kluba transfer oluna bilər.