Azərbaycana gələn turistlər bu bölgəni seçdilər

Qusardakı qış turizm kompleksində istirahət edən turistlər
Novruz tətili günlərində ölkənin şimal bölgəsində turistlərin ən çox üz tutduğu rayon bəlli olub.Turaninfo.az-ın  ANS PRESS-ə istinadən məlumatına görə, ölkənin şimalında ən çox turist axını Qusar rayonu ərazisində yerləşən qış turizm kompleksində müşahidə edilir.
Qusar mədəniyyət və turizm şöbəsinin müdiri David İbramxəlilovun məlumatına görə, son beş gündə rayona təxminən 6 minə yaxın turist gəlib ki, onlardan ilkin olaraq 5500 nəfər məhz qış turizm kompleksinə üz tutub  və tətil davam etdiyindən rəqəmin artacağı da istisna olunmur.
Komplekslərin ərazisində, eləcə də yaxınlıqdakı  beş və dörd ulduzlu otellərdə sıxlıq qeydə alınıb. İstirahət edənlər də əsasən  kanata minir, xizək sürür, gəzintiyə çıxırlar. Onların arasında İndoneziyanın Azərbaycandakı səfiri və ailəsi də olub.

Əhali bayram istirahəti üçün Azərbaycan rayonlarını seçir
Səfir açıqlamasında bildirib ki, İndoneziyada belə qarlı yerlər yoxdur: “Orada cəmi bir mövsüm var, o da yay mövsümüdür. Arabir yağış yağır. Azərbaycanlılar fəxr etməlidirlər ki, belə gözəl iqlim və  dağ kompleksləri var. Düzdür, bunları Rusiyada, Norveçdə də görmək olar. Ancaq biz ölkəmizdə belə şey görməmişik. Ona görə də bura çox heyranedicidir”.
Şimal bölgəsinə üz tutanlar arasında yerli turistlər də az deyil. Ülkər Məmmədova adlı yerli turist bildirdi ki, qiymətlər bir balaca fərqlidir, biraz aşağı olsaydı, daha yaxşı olardı. Ancaq bütün bunlara baxmayaraq pis deyil.

İstirahət edən turistlər
Ölkənin şimal rayonlarından olan  Quba da bayram günlərində qonaqlı-qaralıdır. Rusiya vətəndaşı olan turist Anar Hacımuradov Qubada istirahət etməkdən zövq aldığını deyir:
“Qubanın dağı, meşəsi, təmiz  havası var, yəni çox səfalıdır. Burada istirahət etmək bizim xoşumuza gəlir. Qubaya tez-tez gəlib gedirik. Qiymətləri də 80-100 manat arasında dəyişir”.
Quba mədəniyyət və turizm şöbəsindən aldığımız məlumata görə, rayonda otel və istirahət mərkəzlərində 3000 nəfərlik yer var və Novruz tətilində bu yerlər tam şəkildə dolub.
Tətil davam etsə də indiyədək Qubaya 4000 turistin gəldiyi bildirilir.