Azərbaycana gələn tranzit yüklərin qarşısını kəsən böyük müəmma

Xəbər verildiyi kimi ötən həftə sonu Tükiyənin Gürcüstanla sərhəddəki Sarp sərhəd-keçid məntəqəsinin qarşısında tranzit yük daşıyan TIR sürücüləri etiraz aksiyası keçirib.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verib ki, sərhəd-keçid məntəqəsini bağlayan TIR sürücüləri Gürcüstan tərəfinin tranzit yüklərinin keçidini əngəllədiyini, daşıdıqları yüklərin gömrükdə boşaldılaraq təzədən yükləndiyini, müxtəlif digər əngəllərin yaradıldığını deyirdilər.
Və maraqlıdır ki, Gürcüstan gömrüyü son illər öz liberallığı, cəmi bir neçə dəqiqəlik proseduralarla tranzit yüklərin keçidini təmin etməsi ilə tanındığı halda bu maneələr son vaxtlar-Türkiyə TIR-larının Rusiyadan tranzit keçidinin qadağan edilməsindən sonra başlayıb.
Bu maneələr Rusiya mediasının da diqqətini cəlb edib. “Kommersant” qəzetinin yazdığına görə Türkiyənin Tiflisdəki səfirliyindən təsdiq ediblər ki. Yükdaşıyan firmalar Gürcüstan ərazisindən yüklərin daşınması zamanı son vaxtlar müntəzəm olaraq müxtəlif cür problemlərlə qarşılaşırlar. Gürcüstan tərəfi Azərbaycan və Orta Asiya respublikaları istiqamətində yük daşıyan TIR-ları ləngidir, nəticədə sərhəd-keçid məntəqələrində onların uzun növbələri yaranır. Digər başqa əngəllər də ortaya çıxır.

“Bu məsələ ilə bağlı Türkiyə tərəfi danışıqlar aparıb. Aydınlaşdırılıb ki, gömrük postlarında çoxsaylı yük maşınlarının eyni vaxtda yoxlanılması Gürcüstanın tətbiq etdiyi yeni qaydalarla bağlıdır. Biz qərara aldıq ki, təcili olaraq yoxlama prosedurlarının azaldılması üçün tədbirlər görülsün. Bu razılaşma əsasında sürücülər aksiyanı dayandırıblar”-səfirlikdən bildirilib.
Səfirlik bildirib ki, Türkiyə tərəfi bu məsələni diqqətdə saxlayacaq. Çünki Türkiyə-Gürcüstan-Azərbaycan üzərindən keçən ”İpək yolu” dəhlizi ilə bağlı bu cür problemləri effektiv şəkildə aradan qaldırmaq lazımdır. “Bu dəhliz bizim hamımız üçün çox mühümdür”-səfirlik bildirib.
 Gürcüstan gömrüyündə son vaxtlar problemlərin yaradıldığını azərbaycanlı yükdaşıyanlar da təsdiq edir. Bir neçə gün əvvəl onlar “Kommersant”ın müxbirinə bildiriblər ki, son aylar maşınların yoxlanılması üzündən Gürcüstan ərazisində çox ləngiyirlər.
Sürücülərin bildirdiyinə gör, gömrük əməkdaşları yük maşınlarını “Qırmızı zona”ya istiqamətləndirir, orada yüklər iki dəfə yoxlanılır. Elə hallar olur ki, sürücü daşıdığı yükü boşaldıb yoxlamadan keçirir, sonra təkrar yoxlama üçün yenidən boşaltmalı olur. Onların bildirdiyinə görə, gürcü tərəfi heç bir səbəb izah etmədən yükləri ləngidir və belə hallar artıq kütləvi xarakter alıb. Onlar deyirlər ki, Gürcüstan tərəfinin bu hərəkətini anlamırlar. Çünki illərdir Gürcüstan gömrüyündə belə vəziyyət hökm sürmürdü. Sürücülər bu maneələrin süni şəkildə yaradıldığını təxmin edirlər.

Yükdaşıma şirkətlərinin nümayəndələri də təsdiq edirlər ki, son illərdə Gürcüstan həmişə gömrük prosedurlarının sadəliyi ilə seçilib. Lakin son bir neçə aydır ki, problemlər yaranıb. Yükdaşıyanlar Gürcüstan dövlətinin yanaşmasının niyə qəfil dəyişdiyini anlaya bilmirlər. Onlar “Kommersant”a deyiblər ki, Gürcüstan ərazisində günlərlə ləngidilirər. Və bu problemlər dekabrın sonlarından, yanvarın əvvəllərindən başlayıb.
“Tranzit yük Gürcüstana daxil olanda gömrükçülər onu saxlayır, yük boşaldılır, hətta qablaşdırması açılır, yenidən qablaşdırılır və yüklənir. Bütün bu prosedur bir həftəyə qədər vaxt aparır”-yükdaşıma firmalarından birinin nümayəndəsi deyib. Həmin mənbə deyib ki, işin müəmmalı tərəfi gömrükçülərin rüşvət tələb etməməsidir. “Bu işdə heç bir korrupsiya sxemi yoxdur. Ola bilsin Gürcüstan dövlətinin maraqları ilə bağlıdır”-mənbə bildirib.
Bəs Gürcüstan dövlətinin Azərbaycan və Orta Asiya istiqamətində daşınan tranzit yükləri əngəlləməkdə hansı maraqları ola bilər? Axı Gürcüstan büdcəsinə tranzit yüklərdən gəlir daxil olur. Hər bir ölkə çalışır ki, tranzit potensialından maksimum istifadə edib mənfəət götürsün. Ötən ilin noyabrında Rusiya Türkiyə TIR-larının tranzit keçidini qadağan edəndə Orta Asiyaya gedən yüklər Gürcüstan-Azərbaycan-Xəzər dənizi dəhlizinə yönəldi.

Nəticədə “İpık yolu” dəhlizindən istifadə imkanları artdı. Azərbaycan, Gürcüstan və Türkiyənin, o cümlədən Qazaxıstanın nəqliyyat üzrə səlahiyyətli şəxsləri bir neçə dəfə toplanaraq bu dəhlizdən yüklərin daşınmasını maksimum asanlaşdırmaq mexanizmlərini müzakirə etdilər. Azərbaycan tərəfi tranzit yüklərin daşınması prosedurlarını mümkün qədər asanlaşdırmaq üçün tədbirlər gördü.
Qazaxıstan tərəfi də Aktau limanında yaranmış problemləri aradan qaldırdı. Ancaq indi gözlənilmədən Gürcüstanın yaratdığı əngəllər ortaya çıxır. Bu dəhlizdən istifadə Gürcüstanın maraqlarına hansısa ziyan vurmur, əksinə, fayda da verir. Ancaq “İpək yolu” dəhlizinin cəlbedici olmasında maraqlı olmayan Rusiya var. Və Gürcüstan hakimiyyətinin yaratdığı bu əngəllərin arxasında Rusiya izinin olduğu haqda şübhələr indi xeyli əsaslı görünür.