Azərbaycan yüksəklikləri ələ keçirib - Çin mediası

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrə Çin kütləvi informasiya vasitələri geniş yer ayırıb.
 Azərtac xəbər verir ki, milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası CCTV, rəsmi “Jenmin Jibao” qəzeti, Çin Beynəlxalq Radiosu (CRI), digər televiziya kanalları və xəbər saytları qoşunların təmas xəttində baş verən hadisələr barədə repojlar yayımlayıblar.
 Xəbərlərdə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadla qeyd edilir ki, aprelin 2-ə keçən gecə erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri 127 dəfə atəşə məruz qalıb. Azərbaycan ordusu cavab həmlə ilə Talış kəndi ətrafındakı yüksəkliklərə, Seysulan məntəqəsinə və “Lələ təpə” adlandırılan yüksəkliklərə nəzarəti ələ keçirib. Qeyd olunur ki, döyüşlərdə ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən 100-dən çox şəxsi heyəti ölüb və yaralanıb.
 Çin mətbuatı yazır ki, 1988-ci ildən başlanan münaqişə zamanı Ermənistan silahlı birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik bir neçə rayonu işğal edib. 1994-cü ildə atəşkəs barədə razılıq əldə olunsa da, cəbhə xəttində mütəmadi atışmalar qeydə alınır. Münaqişənin həllinə vasitəçilik etmək üçün Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə fəaliyyət göstərən Minsk qrupu formatında aparılan danışıqlar heç bir nəticə verməyib.