Azərbaycan Xalq Cumhuriyyəti Səfəvi dövlətinin siyasi varisidir

 
Qədim tarixə və dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının dövlətçilik tarixi çox zəngindir. Qədim dövrlərdən başlayan bu dövlətçilik ənənələri tarixin müxtəlif mərhələlərində inkişaf etmiş, formalaşmış və dünya tarixində olduqca əhəmiyyətli iz buraxmışdır.
 
 
XV-XVI əsrlər Azərbaycan dövlətçilik tarixinin intibah dövrüdür. Bu dövrü Azərbaycan tarixində  dövlətçilk ənənələrinin bərpası, inkişafı və möhkəmlənməsi dövrü kimi xarakterizə etmək olar. Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar və Səfəvi dövlətlərinin yaranması və fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq  münasibətlər sistemində siyasi, iqtisadi mövqeyi və rolu güclənmiş, onun Avropa və Şərq ölkələri ilə qarşılıqlı münasibətləri daha da genişlənmişdir.
 
 
Təəsüflər olsun ki, istər dünya tarixçiliyində, istərsə də müxtəlif dini və siyasi dünygörüşə malik insanlar arasında Azərbaycan dövlətçilik tarixinə və bu tarixin ən parlaq dövrlərindən biri olan Azərbaycan Səfəvilər dövlətinə münasibət birmənalı deyildir və daha çox subyektiv xarakter daşıyır.
 
 
XX əsrdə siyasi və ideoloji sifarişlər əsasında yazılan dünya tarixçiliyi Azərbaycanın yerli dövlətçilik ənənlərini inkar etmiş, dövrün müxtəlif mərhələlərində mövcud olan Azərbaycan dövlətçiliyinin yaranmasını  müxtəlif qeyri-azərbaycan mənşəli etnoslara, gəlmə tayfa və sülalələrin adına bağlamışdır.
 
 
Azərbaycan müstəqillik əldə etdikdən sonra tariximizin qaranlığa qərq edilmiş səhifələri yenidən obyektiv şəkildə yazılmağa başlamış və müəyyən müsbət nəticələr əldə edilmişdir. Lakin bu tədqiqatlara baxmayaraq bu gün də Azərbaycan dövlətçilik tarixi ənənələrini inkar edən subyektiv baxışlar və elmi mülahizələr mövcuddur. Kifayət qədər elmi əsaslara və tarixi qaynaqlara söykənməyən bu mülahizələr bəzən Azərbaycanin siyasi və elmi düşüncəli insanları tərəfindən də təqdir edilməkdədir. Xüsusilə də Azərbaycanın orta əsr dövlətçilik tarixi və bu tarixin ən yüksək imperiya mərhələsi olan Səfəvilər dövlətinin, dövlətçilik tariximizdə oynadığı rol inkar edilməkdədir.
 
 
Dünya tarixçiliyində mövcud olan “elmi nəzəriyyə”yə görə, azərbaycan türklərinin orta əsr dövlətçilik tarixi Səlcuq türklərinin Azərbaycana gəlişi ilə bağlıdır. Bu nəzəriyyə Azərbaycan türklərinin aborigen statusuna kölgə salır, dövlətçilik tariximizin inkişafında mühüm rola malik olan Kür-Araz mədəniyyətini inkar edir, səlcuqların gəlişinə qədər Azərbaycan ərazisində mövcud olan dövlətlər qeyri-türk əhalisinin yaratdığı dövlətlər kimi təqdim olunur. Bu nəzəriyyənin ən fəlakətli tərəfi ondan ibarətdir ki, əksər ərəb mənbələrində qeyd edilən,  “Şimalda Dərbənddən başalayarq, cənubda Həmədana qədər, şərqdə Xəzər dənizi və qərbdə Ərzincana qədər…” böyük bir ərazini öz hüdudları daxilinə alan Azərbaycan məmləkətində əhalinin türkləşməsini və dövlətçilik sisteminin formalaşmasını səlcuq türklərinin bu bölgəyə gəlişi ilə bağlayırlar.
 
 
Orta əsr ərəb və farsdilli qaynaqların verdiyi məlumatlara əsaslanaraq deyə bilərik ki, səlcuqların gəlişinə qədər azərbaycan əhalisinin dili, dini, siyasi və fəlsəfi dünyagörüşü artıq formalaşmış, azərbaycan türklərinin yaratdığı böyük şəhərlər və siyasi və mədəniyyət mərkəzləri ərəb tarixçiləri və coğrafiyaçılarının əsərlərində heyranlıqla təsvir edilmişdir.
 
 
Sasani-fars mədəniyyətinin və İslam dini ilə silahlanmış ərəb mədəniyyətinin qarşısında yüz illərlə rəqabət apararaq davam gətirmiş, hətta bu gəlmə mədəniyyətləri öz mədəniyyəti içərisində əridərək yox edən azərbaycanın yerli türk əhalisinin mədəniyyətini səlcuq türkləri qısa zamanda öz köçəri və yaxud yarımköçəri həyat tərzi və formalaşmamış mədəniyyəti içərisində necə əridə və yerli xalqların mədəniyyətinin təməlini təşkil edən dilini dəyişdirə bilərdilər.
 
 
Digər tərəfdən Azərbaycanda yaşayan və mədəniyyət səviyyəsi azərbaycan türklərinin mədəniyyət səviyyəsindən geridə qalan bəzi qeyri-türk etnoslarının səlcuqlar tərəfindən türkləşməyə məruz qalmaması fakları da “türkləşmə nəzəriyyəsini” sual altında qoyur.

 
 
Subyektiv mülahizələrə söykənən bu nəzəriyyənin tərəfdarları Azərbaycan tarixində özünəməxsus yeri olan Səfəvilər dövlətinin tarixinə  də bu aspektdən yanaşmağa təşəbbüs etmişdirlər. Türkiyə tarixçisi Faruk Sümer və onun ardıcılları qeyd etdiyimiz “elmi nəzəriyyə”ni davam etdirərək azərbaycan türklərinin dövlət qurma düşüncə sistemini inkar etmiş və Azərbaycan Səfəvilər dövlətini Anadolu türklərinin qurduğu iddiasını ortaya atmışdır. 
 
 
Tarixi qaynaqların verdiyi məlumatlara əsaslanaraq deyə bilərik ki, Səfəvi dövlətinin qurucusu olan Şah İsmayılın ulu babaları olan Ərdəbil Şeyxlərinin Cənubi Azərbaycanın Ərdəbil şəhərində yaşadıqları məlumdur.
 
 
Digər tərəfdən Faruk Sümerin ortaya atdığı bu mülahizələri doğru olsa belə, bu iddialar Səfəvi dövlətinin azərbaycan-qızılbaş türkləri tərəfindən yarandığı fikrinə kölgə sala bilməz. Çünki, əksər orta əsr ərəb qaynaqlarında Şərqi Anadolu bölgəsi Azərbaycan məmləkətinin siyasi hüdudları daxilində verilmiş və sonrakı mərhələlərdə də bu ərazilər Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının təyin etdiyi valilər tərəfindən idarə olunmuşdur. Azərbaycanda Səfəvilər sülaləsi hakimiyyətə gəldikdən sonra da Şərqi Anadolu hüdudları Azərbaycan dövlət idarəetmə sisteminə bağlı olmuş və bu bölgə Səfəvilərin Diyarbəkr bəylərbəyi Məhəmməd xan Ustaclının idarəsinə verilmişdir. Yalnız 1555-ci ildə Səfəvi dövləti ilə Osmanlı dövləti arasında bağlanan Amasya sülh müqaviləsinə görə, Şərqi Anadolunun böyük bir hissəsi Osmanlı imperiyasının nəzarətinə keçmişdir.
 
 
Son dövrlər Azərbaycan Səfəvilər dövlətinin tarixinə istər ictimaiyyət arasında, istərsə də  KİV-də maraq artmış, dövlətçiliyimizin bu mərhələsi geniş polemikalara səbəb olmuşdur. Lakin təəssüf  hissi ilə qeyd etmək lazımdır ki, bəzən bu müzakirələr elmi əsaslara və tarixi qaynaqlara söykənmədən daha çox insanların siyasi və dini dünyagörüşü əsasında təhlil edilir, bəzən də subyektiv mülahizələrdən qeyri-məntiqi nəticələr çıxarılır.
 
 
İrəli sürülən bu mülahizələrə əsasən, Azərbaycan Səfəvi dövləti   İran dövlətçiliyinin və İrançılıq-farsçılıq məfkurəsinin təməl qaynağı hesab edilir, bəzən müasir İran dövlətinin sələfi olduğu iddiası irəli sürülür. Ən təhlükəli tendensiya isə ondan ibarətdir ki, Səfəvilər sülaləsinin Azərbaycan dövlətçilik tarixindəki əhəmiyyətli rolu birmənalı şəkildə inkar edilir, bu dövlət tariximizin sonrakı mərhələlərində yaranan Azərbaycan dövlətlərinin deyil, İran dövlətinin sələfi kimi təqdim olunur.
 
 
İlk öncə qeyd edək ki, siyasi və ideoloji baxımdan İran dövləti və İrançılıq-farsçılıq anlayışları XIX əsrin ortaları-XX əsrin əvvəllərində ortaya atılmış bir siyasi-ideoloji cərəyandır. Bu məfkurə sisteminin təməlinin siyasi və dövlətçilik baxımından orta əsrlər dövrünə və Səfəvilər dövlətinə bağlamaq tamamilə yanlışdır. Çünki, orta əsr ərəb və fars qaynaqlarında İran coğrafi anlayış kimi göstərilsə də lakin bu “dövlətin” siyasi hüdudları və sərhədləri haqqında heç bir məlumat verilmir. Hətta Avropa mənbələrində “Persia” kimi təqdim olunan bu coğrafi ərazinin siyasi hüdudları haqqında heç bir məlumat yoxdur. Bəzi fars qaynaqları İran şəhərləri haqqında məlumat verərkən belə yalnız  Fars vilayətinə məxsus olan şəhərləri qeyd edirlər. İran coğrafi məfhumuna daha çox əsatirlərdə, rəvayətlərdə və bədii əsərlərdə rast gəlinir. Firdovsinin məlum “Şahnamə”si bu tipli bədii əsərlərdəndir. Qeyd etdildiyi kimi, ərəb qaynaqlarında dəfələrlə Azərbaycanın siyasi hüdudları və sərhədləri qeyd olunduğu halda bu faktı “İran dövlətinə”  şamil edə bilmirik. Adı əsatirlərdə, rəvayətlərdə, bədii əsərlərdə və bəzi tarixi əsərlərdə vurğulanan, siyasi hüdudları haqqında heç bir məlumat olmayan, yalnız XX əsrdə siyasi səhnəyə çıxan İran dövlətini Səfəvi dövlətinin siyasi varisi elan etmək iddiası elmi əsası olmayan siyasi təşəbbüsdən başqa bir şey deyildir.
 
 
İrançılığın-farsçılığın siyasi və ideoloji təməlini təşkil edən İslamın Şiə məzhəbinin siyasi gündəmə gəlməsində Səfəvilər dövlətinin rolunu qeyd etmək doğru deyildir. Çünki, Səfəvi sülaləsinin nəsil şəcərəsinə baxdığımızda onların təkkə və təriqət fəaliyyəti dövründə sufilik təriqətinə mənsubiyyətlərinin şahidi oluruq. Şah İsmayıl Səfəvi dövlətini yaratdıqdan sonra İmamiliyi (imamilik anlayışı müasir İran şiəliyindən fərqli anlayışdır) dövlətin dini ideolojiyasına çevirmişdir. Orta əsr teokratik müsəlman cəmiyyətində  ədalətlilik prinsiplərini özündə ehtiva edən İmamiliyin Səfəvi dövlətinin dini ideologiyası elan edilməsi bütün hallarda məntiqlidir.  Çünki Azərbaycanda Səfəvilər sülaləsinin hakimiyyətə gəlişi ərəfəsində Azərbaycanda və digər müsəlman-türk dövlətlərində mövcud olan sosial-siyasi və dini məzhəb narazılıqları fonunda alternativlərə ehtiyac duyulur və bunu zəruri edirdi. Məhz bu prizmadan baxdığımızda Şah İsmayılın çoxmillətli bir dövlətdə İmamiliyi dövlətin dini ideologiyasına çevirməsi mövcud zərurətdən doğan bir gerçəklik idi. Onu da qeyd edək ki, İslam dininin məzhəblərə bölünməsi prosesi VII əsrdə ərəb-müsəlman cəmiyyətində baş vermiş və Səfəvilərəqədərki bir çox müsəlman dövlətləri bu məzhəb siyasətindən öz siyasi və dini məqsədləri naminə istifadə etmişlər.
 
 
Təəssüflər olsun ki, bəziləri Səfəvi dövlətinin dini siyasətinə müasir dövrdə siyasiləşmiş və bəzi dövlətlərin maraqlarına xidmət edən Şiəlik düşüncəsindən baxaraq qiymət verməyə təşəbbüs edirlər. Bu cür yanaşma Səfəvi dövlətinin dövlətçilik tariximizdə oynadığı mühüm rola kölgə salır və müxtəlif siyasi və dini yanaşmalara yol açır.
 
 
Səfəvi dövlətinin idarəçilik sisteminə nəzər yetirdikdə də İrançılıq-farsçılıq idarəetmə sisteminin əksini görürük.  Türk dövlətçilik sisteminin formalaşmasında mühüm rola malik olan Səlcuq dövlətində rəsmi dil ənənəvi olaraq fars dili, uzun müddət Səlcuq hökmdarlarının baş vəziri fars mənşəli  Nizamülmülk  olduğu halda, Səfəvi sarayında Şah İsmayılın timsalında türkcə divan yazılır, sarayda, ordu sistemində, siyasi və ictimai həyatda  türk dilindən geniş istifadə olunur, ordu və idarəetmə sistemi əsasən qızılbaş türklərindən formalaşdırılır, hətta Şah I Abbas dövründə dövlət aparatında ikinci şəxs hesab olunan baş vəzirlərin əksəriyyəti qızılbaş türklərindən təyin olunurdu.
 
 
Həmçinin İran dövlətinin sələfi hesab edilən Sasanilər dövlətinin ordu sistemi müxtəlif xalq və tayfalardan təşkil olunduğu halda Səfəvi dövlətində ordu, qədim türk ordu ənənələrinə uyğun olaraq yalnız qızılbaş-azərbaycan türklərindən formalaşırdı. Biz Səfəvilər dövlətinin xarici siyasi əlaqələrinin inkişafında müstəsina rola malik elçi-səfirlərin etnik mənsubiyyətinə baxdığımızda böyük əksəriyyətinin qızılbaş-türk diplomatlarından olduğunun şahidi oluruq. Tacəddin Həsən Xəifə, Hüseyn Xan Şamlu, Oruc bəy Bayat, Şahqulu Ağa Qacar, Fərruxzad Bəy, Kəmaləddin Təbət Ağa, Vəli Bəy Ustaclu, Mehdiqulu Xan Ustaclu, Cəfər Bəy Kəngərli, Həsən Çələbi, Seyid Bəy Səfəvi, Yadigar Əli Sultan Rumlu və onlarla digər qızılbaş-tük diplomatları Azərbaycan Səfəvi dövlətinin xrici siyasi əlaqələrinin inkişaf etdirilməsində müstəsna xidmətləri olmuşdur.
 
 
XVII əsrdə Səfəvi sarayında olmuş alman alimi E.Kempfer (1685-1694) qeyd edir ki, “Səfəvilər sülaləsinin ana dili olan türk danışığı sarayda geniş yayılmış dildir. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə qədər yayılmışdır…”. 
 
 
Elmi və ictimai müzakirələrə səbəb olan mövzulardan biri də Səfəvi dövlətinin hüquqi və siyasi varislik məsələsidir. Bu məsələdə bəzi alimlər və siyasi fikir adamları yanlış olaraq Səfəvilər dövlətini Azərbaycan dövlətçiliyinin deyil, İran dövlətçiliyinin siyasi sələfi hesab edirlər. Lakin dünya tarixçiliyində mütərəqqi alimlər bunun yanlış olduğunu etiraf etməkdədirlər.
 
 
 Türkiyə tarixçisi Nurtən Kılıcın qeyd etdiyi kimi, “dini-siyasi və hərbi əsasını Qızılbaş-türk tayfaları təşkil edən səfəvilər, XIV əsrdə Şeyx Səfiəddinin yaratdığı bir dini təriqətdən, XV əsrdə onun varisləri Şeyx Cüneyd və Şeyx Heydərin Azərbaycanda və Anadoluda apardığı fəaliyyəti nəticəsində dini-siyasi hərəkata və XVI əsrin başlanğıcında I Şah İsmayılın Azərbaycanda hakimiyyətə gəlməsi ilə Səfəvi-Qızılbaş dövlətinə çevrilmişdir. Elxani, Ağqoyunlu, Teymuri siyasi mirasının daşıyıcısı olan bir bölgədə meydana çıxan Səfəvi-Qızılbaş dövləti, bu dövlətin banisi I Şah İsmayılın şəxsində, Seyx Səfiəddin ailəsinin ağqoyunlularla qohumluq əlaqələrinə görə, bu siyasi mirasın varisi olmuşdur”.
 
 
Hətta dünya tarixçiliyində də bir çox nüfuzlu alimlər “Səfəvi İranı” anlayışını qəbul etmirlər. Məşhur tarixçi Jan Oben qeyd edir ki. “XVI əsrin əvvəlində Səfəvi hərəkatının  “milli İran dövləti”nin bərpası ilə bağlı olması barədə ənənəvi fikir daha qəbul edilmir”.
 
 
Səfəvi dövlətinin yaranması ilə bağlı tarixçi Fernand Grenardın fikirləri də maraqlıdır: “ Şah İsmayıl on üç yaşına gəldiyi zaman yeddi silahdaşı ilə bərabər  əsasını yeddi türk tayfası təşkil edən tərəfdarlarını topladı. Türkman hökmdarını məğlub edərək Təbrizə girdi və 1501-ci ildə tac qoydu. Qısa zamanda onun hakimiyyəti Fəratdan Qəndahara, Qafqazdan Hind okeanına qədər, 2.800.000 kilometrlik bir ərazini əhatə etməyə başladı… Biz bir millətin yenidən quruluşunu gördük. Bu yeni siyasi birlikdə din, irq düşüncəsi yoxdur. Böyük əyalətlərdən çoxu türkcə və ya ərəbcə danışır, İranlı deyildirlər. Səfəvi sarayında türkcə daha uzun müddət hökmran olacaqdır”.
 
 
Türk tarixçisi Faruk Sümer də öz əsərlərində Səfəvilər dövlətinə “İran milli dövləti” kimi baxmaq istəyənlərə qarşı çıxaraq qeyd edir ki, bu cəfəng baxışın artıq tərəfdarları yoxdur. F.Sümerin əsərində Səfəvilər dövlətinin yaranmasında və yüksəlişində türkdilli etnosun həlledici və birinci dərəcəli rol oynadığı vurğulanır.
 
 
Türkiyə tarixçilərindən Tufan Gündüz də Səfəvi dövrünün qaynaqlarının təhlilinə əsaslanaraq yazır ki, bu qaynaqlarda Şeyx Səfiəddin və ailəsi türk kimi təqdim olunmuşdur. Şeyx Səfiəddindən bəhs olunan zaman onun “türk oğlu” və “türk gənci” olduğu qeyd edilmişdir. Onun fikrincə, qarşımıza çıxan ən önəmli gerçək dövlətin ilk növbədə türklərə dayanması, Şah İsmayılın təmiz türk dilində şeirlər yazması və saray dilinin türkcə olmasıdır.
 
 
Fransız tarixçi Jan-Pol Ru özünün “İranın və iranlıların tarixi” kitabında Şah İsmayıl Səfəvinin mənşəyi haqqında yazır: “Şah İsmayıl Azərbaycana mənsub olan Ərdəbildə anadan olmuşdur və onun ailəsi əsası Şeyx Səfiəddin tərəfindən qoyulmuş və əyalətin sərhədlərindən kənarda çoxdan geniş şöhrət tapmış Səfəviyyə və ya Səfəvilər dini ordeninə mənsub idi. …Onu (Səfəvilər dövlətini) iranlılar deyil, türklər yaratmışdılar və idarə edirdilər…”.
 
 
Digər məşhur fransız tarixçi və türkoloq Jan-Lui Bake-Qramon da Şah İsmayılı türk hökmdarı hesab edərək yazır: “Şah İsmayıl yarımköçəri qızılbaş tayfalarının hamılıqla qəbul edilmiş rəhbəri idi, onu taxt-taca bu tayfalar gətirmişdi.  Yarımköçəri türk tayfalarına yaxın və aydın dildə danışan və Azərbaycanda ideal türk dövləti yaratmış İsmayıl onların nəzərində ilahiləşmişdi. Həmin tayfalar bu ideal türk dövlətini Osmanlı Türkiyəsindən üstün tuturdular. Osmanlı Türkiyəsinin təbəəsi olmağı özləri üçün qəbuledilməz sayırdılar”.
 
 
Qeyd edək ki, hətta İran tarixçilərinin böyük əksəriyyəti İran dövlətinin sələfi kimi Səfəvi dövlətini deyil Sasani dövlətini hesab edirlər. Əksinə, Səfəvi dövlətinin fars dövlətçilik sisteminə böyük zərbə vurduğunu vurğulamaqdan çəkinmirlər.
 
 
Məhşur fars tarixçisi Nəsrulla Fəlsəfi bu haqda yazır: “Şah İsmayıl ata tərəfdən özünü seyid Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi… Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi… Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı… Qızılbaşlar özlərini türk mənşələrinə, əsil-nəcabət və ad-sanlarına görə İranın yerli əhalisindən yüksəkdə tutur, onları həqarətlə tatlar və taciklər adlandırırdılar”.
 
 
Qeyd edək ki, tarixlər boyu fars etno-siyasi sistemindən və dövlətçilik ənənələrindən, irançılıq dini, əxlaqi və siyasi baxışlar sistemindən fərqlənən Azərbaycan dövlətçilik sistemi üzərində qurulan və tariximizin şah əsəri olan Səfəvi dövlətini “İran milli dövləti”nin sələfi hesab etmək elmi cəhətdən məntiqsiz, məntiqsiz olduğu qədər də gülüncdür.
 
 
Tarixlər boyu Azərbaycanda siyasi hakimiyyət və yaxud müstəqillik uğrunda mübarizə aparan siyasi şəxsiyyətlər Azərbaycançılıq siyasi təfəkkürünə sahib olaraq bu düşüncəni real gerçəkliyə çevirməyə çalışmışlar. Bunu Səfəvi dövlətinin qurucusu İsmayıl Xətainin hələ Gülüstan qalasını mühasirədə saxlayarkən cənubdan Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin böyük ordu ilə gəldiyini görüb, əyan-əşrəfindən «sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxt-tacı?» deməsi də bir daha sübut edir.
 
 
Azərbaycan Səfəvi dövlətinin yaranmasından yüz illər sonra dahi azərbaycanlı Məhəmməd Əmin Rəsulzadənin azərbaycançılıq məfkurəsinə söykənərək Azərbaycan Xalq Cumhuriyyətini (1918-1920) yaratması da Azərbaycançılıq məfkurəsinin tarixi və siyasi bir dövlətçilik məfkurəsi olaraq yaşadığını, zaman-zaman bu məfkurə əsasında Azərbaycan dövlətçilik sisteminin qurulduğunu və siyasi varislik prinsipinə əsasən bir-birini əvəz etdiyini görürürk.
 
 
Məhz bu baxımdan Azərbaycan Səfəvi dövlətinin siyasi varisi, bu dövlətin siyasi və mənəvi təməlləri üzərində qurulan və azərbaycan türklərinin dövlətçilik ənənələrini özündə ehtiva edən Azərbaycan Xalq Cumhuriyyətidir.
 
 
… Tarixdə heç zaman qaliblər mühakimə olunmurlar.  Azərbaycan dövlətçilik tarixində  Səfəvilər sülaləsi qaliblər sırasında yer almaqdadırlar. Bu dövlətin qurucusu Şah İsmayıl Azərbaycan dövlətçiliyinə 3,5 milyon kv.km. əraziyə malik bir siyasi miras qoymuş, bu siyasi mirasın 550 min kv.km. tarixi Azərbaycan torpaqları olmuşdur. Bu gün bizlərin bu siyasi mirasa nə dərəcədə sahib çıxmağımız, Şah İsmayılın “səhvləri” ucbatından deyil bizim fərasətimizin məntiqi nəticəsidir. Buna görə də, Azərbaycan Səfəvilər dövlətinin qurucuları olan səfəvilər sülaləsini ittiham etmək əvəzinə, bu sülalənin bizə miras qoyduğu böyük bir siyasi və mədəni sərvətə sahib çıxmaq haqqında düşünməliyik… 
 
Mübariz Ağalarlı
 
Azərbaycan Milli Elmlər Akademiyası Tarix