​Azərbaycan və Rusiya yeni saziş imzalamağa hazırlaşır

 
 
Rusiya və Azərbaycan poçt sahəsində əməkdaşlıq üzrə saziş imzalamağa hazırlaşırlar.
 
Bunu Trend-ə Rusiya rabitə və kütləvi kommunikasiya nazirinin müavini Rəşid İsmayılov deyib.
 
R.İsmayılovun sözlərinə görə, bu gün ənənəvi məktub yazışmalarının azalması fonunda elektron ticarət çərçivəsində əhəmiyyətli poçt axını müşahidə olunur:
 
"Burada söhbət daşımalardan gedir. Azərbaycanın tranzit ölkə olduğunu nəzərə alaraq, biz Çindən yüklərin bir hissəsinin Azərbaycan vasitəsilə çatdırılması imkanına baxırıq. Çünki burada "Silk Way" kimi iri şirkət var. Biz Çin mallarını, yükləri Azərbaycanda boşaltmaqla, Rusiyaya öz təyyarələrimizlə çatdırmağı düşünürdük. Lakin "Silk Way" Moskvada törəmə müəssisəsini açdı ki, bu da zərurətdən asılı olaraq malların Moskva və Yekaterinburqa birbaşa çatdırılmasına imkan verir".
 
Nazir müavini Bakıda yüksək səviyyəli işçi qrupunun iclasını da xatırladıb. İclasda Azərbaycan tərəfinin təklif etdiyi MDB ölkələrində 2025-ci ilədək informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə konsepsiyaya baxılır:
 
"Biz konsepsiyanı müzakirə edəcəyik. Bu məsələdə konsensus var. Rusiya və Azərbaycan şirkətlər səviyyəsində İT sahəsində kifayət qədər ciddi əməkdaşlıq edirlər. Azərbaycanın texnologiya parklarının tikintisi üzrə planları var. Bu gün Azərbaycanın "Yüksək Texnologiyalar Parkı" artıq "Skolkovo" innovasiya mərkəzi ilə əməkdaşlıq edir. Bundan başqa, yayda Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Kazanda olarkən "İnnopolis" texnologiya parkının işi ilə tanış oldu".

Загрузка...
Загрузка...