Azərbaycan və Ermənistan prezidentlərinin görüş vaxtı bəlli oldu

Prezidentləri Fransa, Rusiya və ABŞ xarici işlər nazirləri müşayiət edəcək.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə yeni təfərrüatlar meydana çıxıb. ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, iki ölkə rəhbərləri Vyanada mayın 16-da görüşəcəklər.
Mənbə bildirib ki, görüşdə prezidentlərdən başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerri də olacaq.
"Belə bir görüş hazırlanır. Görüşdə Qarabağ nizamlanmasını müzakirə ediləcək", - deyə Rusiyanın Xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.
Gələn həftə Azərbaycan və Ermənistan prezidentlərinin baş tuta biləcək görüşünü şərh edən Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi, əlavə məlumat veriləcək.
O, həmçinin, əlavə edib ki, bu görüş danışıqlar prosesinin bərpa olunmasına kömək edə bilər.
Bu görüş baş tutsa, bu, iki ölkə prezidentlərinin 2016-cı ildə ilk görüşü olacaq. Prezidentlərin son görüşü ötən ilin sonunda baş tutub. İlham Əliyev və Serj Sarkisyanın son görüşü dekabrın 19-da İsveçrənin Bern şəhərində olub.
Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. Yekuna dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.
Prezidentlər dekabr ayında cəbhə xəttində gərginliyin artmasını müzakirə ediblər və ağır texnikanın işlədilməsi ilə qurbanların, xüsusilə də mülki şəxslər arasında qurbanların olması barədə narahatlıq bildiriblər.
Mart ayının sonunda ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşə biləcəyi deyilsə də bu baş tutmadı.