Azərbaycan Türkiyəyə qaz nəqlini artırıb

Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 594,46 mln. kubmetr həcmində təbii qaz nəql olunub.
Turaninfo.az "Report"-a istinadən  xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında bildirilib.
Azərbaycandan nəql olunan qaz Türkiyənin hesabat ayında ümumi qaz idxalının 11,02%-ni təşkil edib. Bu ilin yanvar ayında Azərbaycandan idxal edilən qazın miqdarı ötən ilin analoji ayından 2,96 % çox olub.
Məlumata görə, hesabat ayında Türkiyəyə boru kəmərləri ilə ümumilikdə 4,232 mlrd. kubmetr qaz nəql edilib. Bunun 2,785 mlrd. kubmetri Rusiya, 852,88 mln. kubmetri İran, 594,46 mln. kubmetri Azərbaycanın payına düşüb.
Qeyd edək ki, 2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında imzalanan qaz alqı-satqısına dair sazişə əsasən, "Şahdəniz" yatağının "Mərhələ-1" layihəsi çərçivəsində hasil olunan qaz bu ölkəyə ixrac edilir. Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqazboru kəməri ilə nəql edilir. Azərbaycan qazı "Mərhələ-1" layihəsi çərçivəsində Türkiyə bazarına 2007-ci ilin iyul ayında daxil olub.
Hazırda Türkiyəyə Azərbaycan qazı "al və ya ödə" prinsipi ilə satılır.