AZƏRBAYCAN TARİXİNƏ MƏZHƏBÇİ BAXIŞ

 
 
...Jirinovskinin Azərbaycan tarixinə baxışı ilə Fazil Mustafanın baxışı arasında heç bir fərqin olmaması da bunu sübut edir
 
 
 
Əgər mənə ikinci dəfə dünyaya gəlmək və özümə millət seçmək imkanı verilsəydi, mən deyərdim ki, Şah İsmayıl, Şah Nadir və Şah Qacar hansı millətin nümayəndəsidirsə, mən də o millətdən olmaq istərdim...
 
 
Bu yaxınlarda ölkə.az saytına verdiyim müsahibədə jurnalistin “Tarixi şans verilsəydi, hansı hadisələrdə və kimlərin yanında olmaq istərdiniz” sualına “Şah İsmayılın, Şah Nadirin və Şah Qacarın yanında olar, onların savaşlarında iştirak edərdim” - deyə cavab verməyim ümumdünya tarixinin üç böyük sərkərdə və dövlət xadiminə verdiyim dəyərlə bağlı olmuşdur. Müasir dövrdə bir siyasətçi kimi mənim dövlətçilik və millətçilik ideyalarımın qaynağı da məhz öz doğma milli tariximizin bu üç şəxsiyyətinin ideyaları, əməlləri və mübarizəsidir. Çünki mən bu üç Böyük Azərbaycan türkü ilə qürur duyur və fəxr edirəm. Bu üç şəxs dünya tarixinə heç vaxt silinməyəcək qızıl hərflərlə imza atmış mənim xalqımın tarixini yaradan nəhəng tarixi şəxsiyyətlərdir .
 
 
Buna görə də, mən Fazil Mustafanın məni də “yalançı patriotlar”, “bu nadanlar”, “fars şovinistlərindən fərqi olmayan təhsilsiz türk milliyətçisi” adlandırdığı insanlara aid edəcəyindən qürur duyaraq, Şah İsmayılla bağlı açdığı diskussiyaya məhz milli ideallarımıza, milli-siyasi tariximizə şübhə toxumu əkdiyinə, tarixi kimliyimizə qəsd etdiyinə, tarixi ruhumuzu təhqir etdiyinə görə, qoşulmağı qərara aldım.
 
 
Etiraf edim ki, bəzi layihələr üzərində işlədiyim üçün, mətbuatı ardıcıl izləyə bilmədiyimdən Fazil bəyin mövqeyi ilə tanış olmamışdan qabaq təsadüfən ona verilən bir çox cavablarla tanış olmuşdum və bütün bu yazıları cəmiyyətimiz üçün adət halı almış mövcud qaralama kampaniyaçılığının bir təzahürü kimi dəyərləndirmiş və Fazil bəyə qarşı bir haqsızlıq edildiyini düşünmüşdüm.Amma sonradan bu diskussiyaların davam etdiyini gördükdə, maraq mənə üstün gəldi. Köməkçimin dəfələrlə “Siz Fazil bəyin yazıları ilə bağlı mövqe bildirəcəksiniz?” sualından sonra, Fazil bəyin fikirləri ilə tanış olmaq qərarına gəldim. Onun teleqraf.az saytına verdiyi müsahibəsi və “facebook” səhifəsindəki statuslarını oxudum və bundan sonra anladım ki, doğrudan da Fazil bəy Azərbaycan tarixinə baxışında kifayət qədər xalqımız və müasir dövlətçiliyimiz üçün olduqca təhlükəli mövqelərə gedib çıxmışdır. Mən inanmıram ki, Azərbaycan dövlətçilik tarixinə qərəzli və düşmən möqe sərgiləyən erməni, fars və rus tədqiqatçıları da daxil olmaqla, Fazil bəy qədər öz mühakimələrində amansız və düşmən mövqeyi nümayiş etdirən ikinci bir tədqiqatçı olsun. Etiraf edim ki, bu da məni çox təəccübləndirdi və narahat etdi.
 
 
Bu yazımda fürsətdən istifadə edib Fazil bəyin nümunəsində Azərbaycan tarixinə xor baxan hər kəsə elmi ümumiləşdirilmiş cavab verməyə cəhd edəcəyəm. Çünki Allah-təala Qurani-Kərimin “Ənam” surəsinin 143-cü ayəsində buyurur: “...Əgər doğrusunuzsa, mənə elm və biliyə əsaslanaraq xəbər verin”. Biliyə və elmə əsaslanmadan deyilən bütün fikirlər güman, ehtimal, nəzərdir, hansı ki, “Nəcm” surəsinin 28-ci ayəsində buyrulduğu kimi: “halbuki onların bu barədə bir bilikləri yoxdur. Onlar yalnız zənn və gümana tabe olurlar və şübhəsiz, zənn və güman əsla həqiqətin yerini tuta bilməz”.
 
 
Şərhə başlamamışdan öncə belə bir suala cavab vermək lazımdır: nə üçün zaman-zaman Azərbaycan dövlətçilik tarixinin böyük şəxsiyyətlərinin genezisi və onların iştirak etdiyi tarixi hadisələrlə bağlı ayrı-ayrı tədqiqatçılar şübhə ilə yanaşır və xalqda da öz keçmişinə şübhə yaratmağa cəhd edir? Qurani-Kərimin “Fussilət” surəsinin 36-cı ayəsində bəyan edilir: “Küfr edənlər dedilər: “Bu Qurana qulaq asmayın və ona bihudə və puç sözlər atın ki, bəlkə qalib gələ bildiniz”. Bu ayədən görünür ki, rəqiblərimizin bu gün bizə qalib gəlmək istəyi onların bizim tariximizə bihudə və puç sözlər - yanlış mühakimələr və saxta faktlar atmasını tələb edir. Buradan aydın olur ki, Azərbaycan tarixinə şübhə yaradanlar, tarixə puç və bihudə mühakimlərlə yanaşanlar, əslində, xalqımızı öz tarixi ruhundan məhrum etməklə diz çökdürmək, müasir xaqlar arasında məğlub etmək, onu başqa xalqların və ya “fətöçular” kimi transnasional cinayətkar qrupların yeminə çevirmək niyyətinə və məqsədinə xidmət edirlər. Bu, istər İran tarixçiliyinin, istər erməni, istər rus, istərsə də Azərbaycanda türk düşmənçliyi aparan insanların Azərbaycan tarixinə baxışlarındakı ortaqlıqdan ibarətdir. Jirinovskinin Azərbaycan tarixinə baxışı ilə Fazil bəyin baxışı arasında heç bir fərqin olmaması da bunu sübut edir. İranda farslar, dünyada isə ermənilər, ruslar və onların havadarı olan ənənvəvi türk düşmənçiliyini sürdürən bəzi Avropa tədqiqatçıları, Azərbaycanda isə Sovet dönəmində akademik İqrar Əliyev və onun həmfikirləri, elə də müasir iqrarçı (oxu: inkarçı) “azərbaycançılar” Azərbaycan türklərinin tarixi səlnaməsinə eyni cür yanaşır, Azərbaycan dövlətçilik tarixini ən uzağı 1918-ci illərə çəkməyə cəhd edirlər və tarixin dərinliklərindəki dövlətçilik ənənələrimizin izlərini itirməyə, həmin tarixi xalqımıza yadlaşdırmağa çalışırlar. Bu zaman isə Azərbaycan türk imperiya tarixinə hücüma keçib, onu türksüzləşdirməyə, müasir Azərbaycan dövlətçiliyindən ayırmağa cəhd edirlər.
 
 
AZƏRBAYCAN TARİXİNƏ MƏZHƏBÇİ BAXIŞ
 
Tarix və tarix elmi
 
 
Fazil bəyin yazdıqlarına cavab verməmişdən öncə, qısa da olsa tarix və tarixə baxış - tarix elmi haqqında qısa şərh vermək lazım gəlir.
 
 
Tarixə qiymət vermək, tarixi hadisələri düzgün dəyərləndrmək və tarixdən dərs götürmək – indinin vəzifələrini həll etmək və gələcəyə düzgün istiqamət götürmək üçün vacibdir. Tarix xalq ruhunun yaratdığı yaşam təcrübəsindən ibarətdir. Buna görə də, hər bir xalq tarixi dövrdən asılı olmayaraq, yalnız öz təcrübəsindən dərs götürməklə yeni dövrdəki tarixi çağırışlara cavab verə bilər. Buna görə, siyasətçilər tarixçi alimlərə paralel tarixə tez-tez ekskurs edir və öz çağdaş siyasətlərində tarixdən nümunə və ibrət götürürlər. O xalqların ki, tarixi yoxdur və ya o xalqların ki tarixi təhrif olunub, o xalqların bu günü də yoxdur, gələcəyi də ola bilməz. Deməli, Azərbaycan xalqını öz tarixindən qoparmaq ona qarşı mənəvi-siyasi genosid siyasəti aparmaq deməkdir. Azərbaycan xalqı bu gün mövcuddursa və öz müasir tarixini yaşayır və gələcəyə çətinliklə də olsa gedirsə, bu, onun tarixi ruhunun hələ də yaşadığını və dövrün qarşısında qoyduğu problemlərin həllində ona yardımçı oduğunu sübut edir. Bu günkü Azərbaycan dövlətinin mövcudluğu bundan əvvəlki eyni çografiyada xalqımızın əsasını təşkil etdiyi dövlətlərin də Azərbaycan dövləti olduğunu sübut edir. Buna görə də Azərbaycan tarixini təhrif etmək və ya ona kölgə salmaq Azərbaycanın bu günü ilə barışmamaq, sabahına əngəl törətmək cəhdindən başqa bir şey deyildir.
 
 
Tarix və tarixə baxış bir-birindən fərqli prinsiplərə tabe olur.
 
 
Tarixə baxış tarix elminin xüsusiyyəti ilə də sıx bağlıdır. Əgər, təbiət elmlərinə nəzər salsaq görərik ki, təbiət elmləri təcrübədən insan iradəsindən kənardakı nəticələrdən bilik əldə edir və bu zaman əldə edilən bilik tədqiq olunan, “burda və indi” prinsipinə tabe olan obyektin və tədqiqatçı subyektin öz ideyalarının vəhdətindən ibarət olur. Buna görə də, əqli elmlərlə bağlı biliklər sintetik obyektiv və subyektiv ideaların sintezindən meydana çıxır. Bu zaman birincilik tədqiqat obyektinə aid olur. Çünki obyekt - təklik, konkretlik,təkrarlanma, amma subyekt-çoxunluq, dəyişkənlik və mücərrədlik xarakteristikalarına malikdir. Təbiət elmlərində həqiqətin düzlüyünü subyekt yox, obyekt müəyyən edir. Buradan da obyektiv ideyaların dəqiqləşdirilməsi və unifikasiyası mümkün olur və təbiət elmləri dəqiq və yəqinlik xarakteristikasına malik olur. Təbiət sərt determinasiyaya tabe olduğundan, təbiətdə inkişaf alternativsizdir. Buna görə, elmi qanunauyğunluqlar da dəyişməzdir və hami üçün eynidir.
 
 
Tarix bundan fərqlənir. Əvvala, tarix insanlığın -subyektivliyin, mücərrəd, kecmiş - “burda və indi” prinsipnə tabe olmayan təcrübəsidir. Yəni, tarixi yaradan da, öyrənən də subyektdir və bu iki subyekt - tarixi yaradan şəxsiyyət və konkret tədqiqatçı subyekt zaman və məkan əlaqəsində olmayan bir təcrübə təşkil edir. Buradan aydın olur ki, tarixi bilik ikiqat subyektivlikdən - tarixi yaradan şəxslə onu öyrənən şəxsin ideyalarının (ruhunun) sintezindən ibarətdir. Əgər bu iki ruh uyğun gəlirsə, tarix pozitiv, uyğun gəlmirsə neqativ qiymət alır. Tarixi təcrübə - tarixi yaradan subyekt tərəfindən, bir də tarixi hadisələri öyrənən subyekt tərəfindən subyektivizasiyaya məruz qalır. Biz bunu “ikiqat subyektivizasiya” adlandırırıq.
 
 
İkiqat subyektivizasiyaya görə, tarix yaradan öz dövrünün tarixi şərtlərindən asılı olaraq qərarlar qəbul edir, tədqiqatşı subyekt öz dövrünün və özünün şərtlərindən ona qiymət verir. Yəni tarixi yaradan subyekt tarixi şəraitdən asılı, tədqiqatçı isə öz tarixi şərtlərindən asılı olur. Buna görə, tədiqiatçı istənilən alternativ mümkün imkanları dəyərləndirə bilir, amma tarixi yaradan bu alternativlərdən yalnız birini - reallaşması mümkün olanı həyata keçirir. Məhz bu cür ikiqat subyektivizasiyadan tarixi ruh -müxtəlif dörlərdə yaşayan eyni bir çoğrafiyanın insanlarını bir- biri ilə birləşdirən və “millət və ya xalq ”adlandırdığımız etnoqrafik vahidi - “mücərrəd fərdi” əmələ gətirən ruh meydana çıxır.
 
                                                                                          II       H   İ   S   S   Ə
 
                                                                AZƏRBAYCAN TARİXİNƏ MƏZHƏBÇİ BAXIŞ

Məzhəbçiliyin dövlətçiliklə qarışdırılması

Əgər mənə ikinci dəfə dünyaya gəlmək və özümə millət seçmək imkanı verilsəydi, mən deyərdim ki, Şah İsmayıl, Şah Nadir və Şah Qacar hansı millətin nümayəndəsidirsə, mən də o millətdən olmaq istərdim...

Tarxin müasirlik üçün əhəmiyyəti həmin ruhun müasir hadisələrdə iştirakından ibarətdir. Məsələn, bu gün Qarabağ işğal olunub və ərazilərimizi işğaldan azad edə bilmirik. Bu gün hansı ruh bizə Qarabağı işğaldan azad etməyə kömək edə bilər: sünni-şiə qarşıdurması ruhu, yoxsa fatehlik ruhu? Yəni ümumdünya tarixində nəhəng imperiya yaratmış Şah İsmayıl, Şah Nadir, Şah Qacar ruhu yoxsa, tarixi fürsəti tam reallaşdıra bilməyən, Şimali Azərbaycan ərazilərinin erməni, gürcü və ruslar arasında pay-puş edilməsinə müqavimət göstərə bilməyən, Azərbaycan dövlətçiliyini fakta çevirə bilməyən Rəsulzadə-Ağaoğlu ruhu? Qələbə üçün qalib ruhu lazımdır! Məğlubların ruhu xalqaları qələbəyə aparmaq imkanına malik deyil. Məhz buna görə, yunanlar İsgəndərdən, monqollar Cingizxandan, ruslar Aleksandr Nevskidən, ermənilər Sasunlu Daviddən, gürcülər çariça Tamaradan, türklər Osmandan, özbəklər Əmir Teymurdan, farslar Daradan bərk-bərk yapışıblar. Çünki onlar tarixdə qaliblər cərgəsində dayanıblar.

Bəs müasir azərbaycanlı adlandırılan Azərbaycan türkü hansı ruhdan yapışmalıdır? 14 ildə 14 dövləti fəth edib, nəhəng imperiya yaradatmağa müvəffəq olan Şah İsmayılın, ya Cingiz və İsgəndərlə müqayisədə daha böyük sərkərdə və hökmdar hesab edilən və türk birliyi üçün həyatını quraban verən Şah Nadirin və ya Azərbaycan ərazisində seperatizmə, Azərbaycanı talan edən gürcülərə, Azərbaycanı parçalayıb ilhaq etrmək istəyən ruslara və ermənilərə qarşı amansız mübarizə aparıb, buna görə terrora məruz qalan Şah Qacarın ruhu?

Əlbəttə, Azərbaycan tarixində nəhəng imperiyalar yaradan həmişə qalib olan, həyatlarını Azərbaycan türkünün istiqbalına fəda edən və Azərbaycan türklərinin iştirakı ilə onlar üçün dövlət yaradan bu şəxslərin ruhu bu gün bizə yardımçı ola bilər. Əslində, uzun illər müstəmləkəçilikdə yaşadığımızdan və köləliyin damarlarımızdakı qana hopdurulmasında düşmənlərimizin istifadə etdiyi yeganə metod bundan ibarət olmuşdur - Azərbaycan türklərini öz tarixinin qələbələr tarixindən qoparmaq, ona məglubiyyətlər tarixini aşılamaq. Fazil Mustafa da öz tarixi yanaşmalarında bundan başqa bir iş görmür.

Tarix haqqında ən müxtəlif təyinatlar mövcuddur. K.Yaspers “Tarixin mənası və təyinatı” adlı əsərində yazır: “Tarix bir tam kimi dünyanın müxtəlif şəkillərinin - ya pisləşmə, ya təkrarlanma, ya da yüksəliş kimi ardıcıl əvəzlənmə kimi düşünülür”. O.Şpenqler “Avropanın qürubu” əsərində tarixlə bağlı yazır: “Tarixi məsələ onda deyil ki, tarixin müxtəlif faktları öz-özlüyündə hansısa vaxtın təzahürü kimi özündə nəyi təqdim edir. Məsələ ondadır ki, onlar nəyi göstərir və öz təzahürləri ilə nəyi ifadə edir”. A.Ç.Toyinbi “Tarixi dərk etmək” əsərində yazır:

“Cəmiyyət öz həyatında seriya vəzifələrlə üzləşir. Hansı ki, o özünə uyğun gələn formada həll edir. Hər bir belə problem tarixin çağırışıdır. Bilavasitə bu sınaqlarla cəmiyyət üzvləri get-gedə differensasiyaya uğrayır”. Xalqların differensasiyası onların istiqbal yolunun başlanğıcını təşkil edir. Başqa xalqlardan seçilməyən və ya onların arasında əriyib yox olan xalqar heç vaxt öz istiqlalına çata bilməz. Buna görə də bütün imperiyalarda assimilyasiya siyasəti aparılmaqla - xalqlar arasında mədəni sədlərin silinməsinə cəhd edirlər. Bu təyinatlardan aydın olur ki, tarix bir xalqın qarşısında duran vəzifələri həll etmək üçün öz vaxtının verdiyi imkanlardan istifadə etməsi ilə öz yaşam şəklini dəyişdirməkdən ibarətdir. Bu dəyişiklik pisləşmə, yaxşılaşma və ya təkrarlanma istiqamətində ola bilər. Və müasir tarixin yüksəliş istiqamətindəki irsindən miraslanır.

Şah İsmayılın hakimiyyətə gəlməsinə qədər Azərbaycan türklərinin imperiya dövləti olmamışdır və bu dövləti yaratmaq tarixi çağırış kimi meydana çıxmış və Şah İsmayıl öz dövrünün verdiyi imkanlardan düzgün bəhrələnməklə, Azərbaycan türklərinin imperiya dövlətini yaratmağa, bununla da Azərbaycan türk etnosunun siyasi şəklinin dəyişilməsinə nail olmuşdur. Əslində, Teymurilər, Osmanlılar və Moğollarla eyni qandan, dildən, mədəniyyət və törədən olan Azərbaycan türklərinin öz imperiyalarını yaratmamaları türk siyasi məfkurəsinə və tarixi çağırışlara uyğun olmazdı. Buna görə, Şah İsmayılın imperiya yaratması Azərbaycan türklərinin də bu ümumi türk siyasi yüksəlişə qoşulduğunu, siyasi şüur baxımından türk intibahında iştiraka hazır olduğunu sübut etmişdir. Bu, özündən əvvəlki vəziyyətə görə yüksəliş istiqmətindəki dəyişiklik olduğuna görə, xalqımızın tarixinin şanlı səhifələrini təşkil edir. Şah İsmayılın hansı vasitələrdən və kimlərdən və necə istifadə etməsindən asılı olmayaraq nəticəyə qiymət verdikdə, bu coğrafiyada mübahisəsiz bir yeni türk imperiyası yaratdığını kimsə dana bilməz.

Fazil Mustafanın öz yazılarında Şah İsmayıla yüksək qiymət verən Azərbaycan tarixçilərini hədəfə götürdüyünü və onları yalançı millətçilikdə ittihan etdiyini nəzərə alaraq, mən burada Şah İsmayıla dünyaca məşhur bir əcnəbi tarixçinin - XX əsr ingilis mütəfəkkiri və tarix nəzəriyyəçisi Arnold Toyinbinin verdiyi qiyməti sitat gətirmək istəyirəm. A.C.Toyinbi “Tarixi dərk etmək” əsərində 1500-cü illərdə Şərqdə baş verən tarixi hadisələrlə bağlı yazır: “1500-cü ilə kimi heç bir müsəlman ehtimal belə edə bilməzdi ki, islam cəmiyyəti dini şiəliyə görə hissələrə ayrılacaqdır. O vaxt şiəlik azlığın dini kimi mövcud idi. Vəziyyəti sünni və şiə ardıcıllarını ayıraraq və şiəliyi dominant din edən inqilab dəyişdi. Bu inqilab İsmayıl Şah Səfəvinin vaxtında baş verdi. Və özündə atalıq cəmiyyətinin normalarını canlandırmaq cəhdini təqdim etmişdir. 1500-cü ilə qədər Osmanlı imperiyasının Asiya və Afrikanın müsəlman ölkələrini işğal etmək niyyətlərinin heç bir əlaməti müşahidə edilməmişdir. Həmin vaxt Osmanlı imperiyasının ekspansiyası provoslav xristian dünyasına istiqamətlənmişdir”. Bu sitatdan aydın görünür ki, əgər Şah İsmayıl inqilabı olmasaydı, bu ərazi Osmanlı imperiyasına daxil olmayacaqdı və 12 kiçik dövlətin bir-biri ilə mübarizəsi nəticəsində tarix Azərbaycan türklərinin xeyrinə olmayan bir istiqamətdə inkişaf edəcəkdi.

Şah İsmayılın imperiya yaratması da Osmanlı imperiyası əleyhinə cəhd kimi dəyərləndirilə bilməz. Çünki osmanlıların bu coğrafiyaya yürüş etmək niyyətləri heç vaxt olmamışdır. Bunu da Toyinbinin fikirlərinə əlavə etmək lazımdır ki, Azərbaycan coğrafiyasında Azərbaycan türklərinə paralel hakimiyyət əldə etməyə cəhd edən digər etnoslar əhli-sünnə və digər inanclar da olmuşlar və ya hakimiyyətə gəlişlərində din faktorunu düzgün dəyərləndirə bilməmişlər və məhz Azərbaycan türkləri şiəliyin inqilabi ruhuna görə sayca özlərindən çox xalqlara və dövlətlərə qalib gələrək, təşəbbüsü ələ ala bilmişlər.

İnqilabi ideyalar bir xaqa məxsus olmadığından, eyni ideyadan müxtəlif xalqlar istifadə edə bilər, necə ki, yeni dövrdə şiə inqilabından İranda farslar istifadə edərək müasir İran İslam Respublikası yaratdı. Burada F.Mustafanı anlamaq olmur. Əgər bir əlverişli silah varsa, kimsə o silahdan atəş aça bilmirsə, günahı silahda, yoxsa ondan istifadə etməyi bacarmayanda axtarmaq lazımdır? Cənubi Azərbaycan türklərinin şiə inqilabından istifadə edib, öz dövlətlərini qura bilməməsinin günahı şiəlikdə yox, dövlətçilik şüurunun aşağı olması ilə bağlıdır. Hansı ki, 1922-ci ildə Səfəvilərin varisi olan Qacarların süquta uğraması ilə hakimiyyətə gələn fars mənşəli Pəhləvi rejimi 70 il ərzində apardığı şovinist siyasətlə xalqımızın dövlətçilik şüurunu tam boğa bilmişdir. F.Musatafa isə özünə məxsus məntiqlə yazır: “Lap özbəöz türk sülaləsidir, nə olsun, yaratdığı dövlət məhz bu gün Xomeyninin yaratdığı dövlətin, rejimin eynisidir. Bizdə də “türk vücudu ilə düşünən farslar”ın nə ilə fəxr etdiyi məhz bu məsələyə baxışda aydın olur. Ona görə də, bu mövqeni müdafiə edənlərin Azərbaycanı İranın tərkib hissəsi kimi görən fars şovinistlərindən fərqi yoxdur. Ona görə də, Şah İsmayıl Səfəvi səhifələrini yaradanların ən böyük dəstəyi təhsilsiz türk milliyətçiləri ilə bərabər özlərini “Hüseyn əzadarları” adlandıran İrançılardan gəlir. Səfəviçilik onlar üçün İranın bütövlüyü deməkdir, bizim üçün isə rusun köməyi ilə İranda saxladığımız, Quzeydə isə qurtulduğumuz cəhalət mirasıdır”. Əvvala Azərbaycan ədəbiyyətının, incəsənətinin və elminin orta əsrlərdə dirçəldilməsində müstəsna xidməti olan səfəvilər dövrünü cəhalətdə ittiham etmək ədalətsiz və ədalətsiz olduğu qədər də saxtakarlıqdır. Əgər səfəvilər türk sülaləsindədirsə, onda ona türk demək nə üçün türk vücudu ilə düşünən farslıq olur? Onda türk sülaləsinin tarixi nailiyyətinə farsa nifrətdən doğan (Əfsus ki, Fazil bəyin mövqeyi hətta bu nifrətlə bağlı deyil) yanaşma türk vücudu ilə düşünən hansı milli kimlikdir, bəs? Şiə inqilabı etmiş Şah İsmayılla ondan 500 il sonra şiə inqilabı etmiş Xomeyni arasında bərabərlik qoymaq Uaythedin obrazlı ifadə etdiyi kimi “İdeyaların məcaralarından” xəbəri olmamaq deməkdir. Əgər Fazil bəyin məntiqi ilə tarixə yanaşsaq, tarixdə ayrı-ayrı qitələrdə baş vermiş qullar üsyanında iştirak edənlər qədim Romada yaşamış Spartakın soydaşlarıdır. Bu gün Afrikada kommunist ideologiyasından istifadə edib hakimiyyətə gələn Afrika zəncisini kommunist inqilabı ilə öz imperiyasını hifz edən rusla nə dərəcədə eyniləşdirmək olarsa, 500 il aralıqla şiəliyin inqilabi ruhundan istifadə edərək öz məqsədinə çatan Şah İsmayılla İmam Xomeynini də bir o qədər eyniləşdirmək olar.

Fazil Mustafanın bu cür əqli nəticələr çıxarması onun tarixə baxışı - hansı tarixi nəzəriyyədən çıxış edərək tarixə baxması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, tarix elmi - tarixə baxış və ya tarixi nəzəriyyə tarixdən tam fərqli mahiyyətə və təyinata malikdir.

Tarix elmində tarixə iki cür - birtərəfli və kompleks yanaşma üsulları mövcuddur.

Tarixə birtərəfli yanaşma nəzəriyyələri çoxdur. Ona görə də eyni bir tarixi faktdan istənilən sayda fərqli nəticələr çıxarmaq olar. Tarixə baxışda konkret nəzəriyyənin seçilməsi tarixdən bəhrələnmək istəyənin onun bu gün üçün əhəmiyyətini müəyyən etmək məqsədi ilə bağlıdır.
 

                                                                                 III         H   İ   S   S   Ə

Fazil Mustafanın bu cür əqli nəticələr çıxarması onun tarixə baxışı - hansı tarixi nəzəriyyədən çıxış edərək tarixə baxması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, tarix elmi - tarixə baxış və ya tarixi nəzəriyyə tarixdən tam fərqli mahiyyətə və təyinata malikdir.
 
 
Tarix elmində tarixə iki cür - birtərəfli və kompleks yanaşma üsulları mövcuddur.
 
 
Tarixə birtərəfli yanaşma nəzəriyyələri çoxdur. Ona görə də eyni bir tarixi faktdan istənilən sayda fərqli nəticələr çıxarmaq olar. Tarixə baxışda konkret nəzəriyyənin seçilməsi tarixdən bəhrələnmək istəyənin onun bu gün üçün əhəmiyyətini müəyyən etmək məqsədi ilə bağlıdır.
 
 
Tarix elmi ilə bağlı Hegel “Tarixin fəlsəfəsi” əsərində yazır: “Hansısa xalqın bütün tarixini və ya hansısa ölkənin tarixini məcmui olaraq yazmaq lazım gələrsə, bu zaman başlıca vəzifə öz ruhundan fərqlənən ruha malik materiala tarixçinin öz ruhu ilə yanaşılmalıdır. Tarixi izah etmək üçün insanların ehtiraslarını, dünyasının hərəkətverici gücünü aşkarlamaq lazımdır”. Buradan aydın olur ki, Şah İsmayılla eyni ruhda olan tədqiqatçının, Onun tarixi roluna baxışı ilə, ondan fərqli ruha malik tədqiqatçının baxışından eyni nəticələr alınmaz. Necə ki, əhli-sünnə gözü ilə baxdıqda Şah İsmayıl düşmən, əhli-beyt gözü ilə baxdıqda Şah İsmayıl qəhrəman kimi görünür.
 
 
A.C.Toyinbi tarixi tədqiqatla bağlı yazır: “Hər bir dövrdə və istənilən cəmiyyətdə tarixin öyrənilməsi və dərkedilməsi hər bir sosial fəaliyyət kimi həmin vaxtın və yerin hakim meyllərinə tabe olur”. Səfəvilər tarixinə baxışda müasir dövrün və Azərbaycan dövlətinin hakim meylindən çıxış etmək lazımdır. Bu meyl nədən ibarətdir? Bu gün biz suveren, müstəqil Azərbycan dövləti qurmaq, itirilmiş topraqları geri qaytarmaq və Azərbaycan etnosunu vahid bir dövlətdə birləşdirmək və Türk dövlətləri ilə strateji müttəfiqlik meylindəyik. Səfəvilər tarixinə də məhz bu aspektdən qiymət verilməlidir.
 
 
Tarixi yaradan şəxs öz dövrünün tarxi çağırışına cavab olaraq vaxtın verdiyi imkanlardan istifadə edib tarixin şəklini dəyişir, amma həmin tarixi tədqiq edən bu ruhdan fərqli tarixi çağırışlar qarşısında qalan ruhu ilə həmin tarixi tədqiq edir. Bu da tarixlə tarix tədqiqatçısının ideyalarının heç də həmişə eynilik təşkil etmədiyini göstərir. Müasir Azərbacanın qarşısında duran problemlərlə - müasir dövrün və Azərbaycan geopolitikasının hakim meyllərindən yanaşdıqda, 500 il bundan öncə eyni coğrafiyada yaşamış Şah İsmayılın qarşısında duran problemlər tam eyni olmadığından, indiki vəzifələr baxımından - xüsusən Türkiyə ilə strateji ittifaqlıq baxımından ona qiymət vermək tarix elminin mahiyyətinə ziddir. Buradan aydın olur ki, tarixi dövrlər nə qədər bir-birindən uzaq, tarixi çağırışlar fərqlidirsə, tarixə qiymət verən tarixçinin də qiyməti həqiqətdən bir o qədər uzaq olur.
 
 
Amma müasir Azərbaycan dövlətçiliyi, Azərbaycan mədəniyyətinin tərəqqisi, ərazilərimizin işğaldan azad olmaq baxımından yanaşdıqda, Şah İsmayıl Azərbaycan türkünün əvəzsiz tarixi ruh qaynaqlarından biridir. Çünki eyni tarixi çağırışlar 500 il bundan qabaq olmuş və Şah İsmayıl bizdən fərqli olaraq həmin çağırışa düzgün cavab verərək Azərbaycan türkünün yüksəliş istiqmətindəki tarixini yarada bilmişdir. Bu gün biz də yüksəlişə qalxmaq istəyiriksə, Şah İsmayıldan beşəlli yapışmalıyıq.Tarix - aktuallaşmış konkret faktdır, tarix elmi - həmin faktin subyektiv - tədqiqatçının maraqlarından, istəyindən, imkanlarından, intellektual səviyyəsindən və nəzəri hazırlığından asılı olaraq çıxardığı əqli nəticələrdən - mücərrəd subyektiv ideyalardan ibarətdir. Başqa sözlə, tarixə qiymət tarixi baxışla şərtlənmişdir. Fazil Mustafanın fikirlərinə elmi şəkildə cavab vermək üçün onun hansı baxışla tarixə baxdığını müəyyən etmək lazımdır.
 
 
Ümumiyyətlə, tarixin fəlsəfəsinə nəzər salsaq görərik ki, tarixə iki cür - sinkretik məntiqlə birtərəfli və paralel məntiqlə çoxtərəfli yanaşma mövcuddur.
 
 
Tarixə birtərəfli yanaşmada tarixi müəyyən edən çoxsaylı paradiqmalardan - tarixi kateqoriyalardan, hər hansı biri və ya bir neçəsi əsas götürülür və sinkretik məntiqlə tarixə dəyər verilir. Qeyd edim ki, tarixə birtərəfli heç bir yanaşma tarix haqqında düzgün nəticə çıxarmağa imkan vermir. Buna görə də, klassik tarix elmi tarixə paralel məntiqlə çoxtərəfli yanaşma tələb edir. Fazil bəyin mühakimələri ilə tanış olduqda aydın olur ki, o, tarixə birtəfli yanaşmış və buna görə də başqa tarixçilərdən fərqli və bizim yanaşmamızla müqayisədə yanlış nəticələr çıxarmışdır.
 
Biz burada Avropanın böyük mütəfəkkiri P.Bartın “Tarixin fəlsəfəsi sosiologiya kimi” adlı kitabında qeyd etdiyi birtərəfli tarixi yanaşmaları Fazil bəyin yanaşmasına münasibətdə aşağıdakı kimi qruplaşdırmışıq və hər bir nəzəriyyədən Fazil bəyin mühakimələrini müqayisəli təhlil etməyə cəhd etmişik.
 
 
TARİXƏ FƏRDİYYƏTÇİ-ETNOLOJİ-MƏDƏNİ TARİXİ-ANTROPOLOJİ YANAŞMA
 
 
Tarixə birtəfli yanaşmadan aşağıdakı oxşar nəzəriyyələr meydana çıxıb, hansı ki, Fazil bəy bu nəzəriyyələrin heç birindən Səfəvi tarixinə baxmayıb:
 
 
-Fərdiyyətçilik nəzəriyyəsi: Bu nəzəriyyə Nitşe təsnifatına görə monumental tarixi anlamağa xidmət edir. Monumental tarix - tarixə tarixi yardan şəxsiyyətin kimliyindən yanaşmanı ortalığa çıxarıb. Tarda görə, tarixi şəxsiyyətin rolu ondan ibarətdir ki, “Mühüm tarixi şəxsiyyət özü özünə təsir etmir, amma müasirlərin ağlına neçə təsir etməsi ilə təsir edir... İnsana elə gəlir ki, böyük şəxsiyyətlərə oxşadıqda, o, özü də böyüyür”. Çünki “yaradıcı şəxs tarixin mühərrikidir”. Buna görə, bu nəzəriyə tarixi təhkiyyəyə - tarixi şəxsin tərcümeyi-halına əsaslanır. Bu nəzəriyyəni Lemann, Paskal, Ten, Burdo və digər mütəfəkkirlər müdafiə edir. Burdoya görə, tarix hadisələri yox, statik metoddan istifadə etməklə funksiyaları yaratmalıdır. Bu funkisyalardan biri “dövlət yaratmaq” funksiyasıdır, hansı ki, Şah İsmayıl öz fəaliyyəti ilə belə bir funksiya yaratmışdır. Bu nəzəriyyənin digər nümayəndəsi Odenə görə, böyük adamların genezisinə münasbətdə irsiyyət yox, mühit talantı müəyyən edir. Bu nəzəriyyəyə görə, Şah İsmayılın hansı ailədən çıxmasından asılı olmayaraq, onun dovlət yaratmaq funksiyasını yaşadığı mühitin təyin etdiyi sübut olunur. Bu, hansı xalqın yaratdığı mühitdirsə, Şah İsmayıl da həmin xalqın təmsilçisidir. Tarixdən məlumdur ki, o, şəxsiyyət kimi, yerli türk tayfa başçılarının himayəsində formalaşmış, hakimiyyətə isə “Anadoludan köç edən yeni türklərin” iştirakı ilə gəlmişdir. Buradan aydın olur ki, onun dövlətçilik talantını müyyən edən imperiya yaratmağa meylli türk tarixi ruhu və türk etnik mühiti olmuşdur.

 
 
Bu nəzəriyyənin əleyhinə çıxan Tard belə hesab edir ki, tarixin predmeti şəxs yox, ideayalar və güclər kütləsi olmalıdır. Şah İsmayılın güc kütləsi - türklər, ideya kütləsi - şiəlik olmuşdur. Həmçinin, nəzəriyyəyə əsasən, böyük şəxsiyyətlərin ideyasının mənşəyi (mənbəyi) tərbiyyəyə görə cəmiyyətdədir. Şah İsmayılı tərbiyə edən cəmiyyət onun yaşadığı şiə təriqətində olan türk cəmiyyəti olmuşdur.
 
 
Şah İsmayılı bir tarixi şəxsiyyət kimi necə dəyərləndirmək olar? Azərbaycan xalqı kimi onun böyük oğullarının da taleyi keşməkeşli olmuşdur. Sovet dönəmində Şah İsmayıl bir şair kimi tanıdılır, İranda Şah İsmayıla nifrət edilir, müasir dövrdə Şah İsmayıl Azərbaycan tarixindən sıxışdırılmağa cəhd edilir. Çünki nə sovetlər, nə farslar müstəqil Azərbaycan dövlətinin mövcudluğu ilə barışa bilmirlər və bu dövlətçiliyin əsasını qoyanlardan intiqam alırlar. Necə ki, gürcülərə qarşı apardığı mübarizəyə görə sovet dönəmində öz xalqına Qacar düşmən obrazında tanıdılırdı, Şah İsmayıl da belə tanıdılır.
 
 
Şah İsmayıl çox nadir şəxsiyyətlərdəndir ki, o, üç müxtəlif şüur formasında - Azərbaycan ədəbiyyatına, din trixinə və siyasi tarixə öz imzasını atmışdır.
 
 
Orta əsr Azərbaycan ədəbiyyatında Şah İsmayıl tükdilli ədəbiyyatın banisi kimi meydana çıxır.
 
 
Din tarixində Şah İsmayıl şiəliyi dövlət ideologiyası səviyyəsinə qaldırmış şəxsiyyətdir.
 
Siyasətdə boş bir yerdə qısa müddətdə nəhəng yeni türk imperiyası yaratmağa nail olmuş böyük siyasət adamı kimi tanınır.
 
 
Şah İsmayılın tarixi nailiyyəti hətta Karl Marksın belə, diqqətini çəkmiş və o, Şah İsmayılı tarixdə analoqu olmayan “Hakimiyyətdə olduğu 14 ildə 14 dövlət fəth edən ümumdünya tarixinin yeganə hökmdarı” adlandırmışdır. Bunu da onun dövlətçilik ruhu ilə əlaqələndirmişdir.
 
 
F.Musatafa Şah İsmayıla hansı prizmadan baxır: şair kimi, hökmdar kimi, ya din xadimi kimi? Əgər şair kimi baxırsa, sovet dönəmində olduğu kimi, onun ən böyük xidməti orta əsr Azərbaycandilli ədəbiyyatın yaradılmasından ibarətdir. Hansı ki, onun təsiri uzun illər ədəbi inkişafımızda öz təsirini saxlamışdır. Əgər hökmdar kimi baxırsa, K.Marksın verdiyi qiymət Şah İsmayılın necə bir dövlət başçısı və sərkərdə olduğunu sübut edir. Yox, ona din xadimi kimi baxırsa, bir təriqəti dövlət ideologiyası səviyyəsinə qaldırmış, tarixdə ilk və son teokratik imperiya yaratmış bir şəxsiyyətdir.
Fazi Mustafanın Şah İsmayılla bağlı yazısını oxuyanda anlamaq olmur ki, o, bir sünni təriqət təəssübkeşi kimi, ya bir türk kimi Şah İsmayılı dəyərləndirmək istəyir? Əgər bir türk kimi Şah İsmayıl dəyərləndirilirsə, onda onun hansı dində-məzhəbdə olmasının heç bir mənası yoxdur. Çünki türklər nəinki müxtəlif islam təriqətlərini qəbul etmiş, hətta xristian, şaman inancında olan türklər də vardır ki, bu da bir türkçü üçün “inancından asılı olmayaraq türk türkdür” düsturu ilə narahat etməməlidir.
 
 
Yox, əgər Fazil bəy Şah İsmayıla dinçi kimi baxırsa, onda “Əssəlmani minnə” prinsipi ilə farsın, ərəbin, türkün onun üçün heç bir fərqi olmamalıdır. Əgər məzhəbçilikdən baxırsa, onda bir sünni fars və ya ərəb bir şiə türkdən Fazil Mustafa üçün doğma olmalıdır.

                                                                                                 IV      H   I   S   S   Ə

Məzhəbçiliyin dövlətçiliklə qarışdırılması
 

Yox, əgər Fazil Mustafa Şah İsmayıla dinçi kimi baxırsa, onda “Əssəlmani minnə” prinsipi ilə farsın, ərəbin, türkün onun üçün heç bir fərqi olmamalıdır. Əgər məzhəbçilikdən baxırsa, onda bir sünni fars və ya ərəb bir şiə türkdən onun üçün doğma olmalıdır.

P.Bartın belə bir fikrini nəzərə alsaq ki, “tarix insanlar aləmində mövcudluq uğrunda mübarizədən ibarətdir və bu mübarizəni təbiətlə ayrıca adam və bütün insanlıq yox, cəmiyyət aparır, onda insan tarixinin predmeti fərd yox, nəsil, növ yox, cəmiyyətdir. Beləliklə, tarixin predmeti - insan cəmiyyətidir”, - onda hər hansı bir tarixi hadisəyə qiymət verərkən, həmin qiymətin cəmiyyətin maraqları baxımından verilməsi zəruridir. Beləliklə, konkret tarixə daş atmaq həmin tarixi yaradan bütün bir cəmiyyətə daş atmaq deməkdir.
 
 
Antropoloji nəzəriyyə: Bu nəzəriyyəyə görə, tarixi coğrafiya və iqlim müəyyən edir. Bu nəzəriyyə ona əsaslanır ki, “Tərbiyyə yolu ilə böyük şəxsiyyətlər öz fikirlərini ətraf mühitdən çıxarır”. Herder belə hesab edir ki, “xalqların taleyi və tarixi onların məskunlaşdıqları yerin təbiəti ilə izah olunur”. Nəzəriyyəni Herder, Rattsel, Mujolli müdafiə edir. Bu nəzəriyyələrin tərəfdarlarına görə, coğrafi mühit xalqların daxili və xarici tarixinin yeganə səbəbidir. Şah İsmayılın formalaşdığı coğrafi mühit Azərbaycan coğrafiyasıdır, hansı ki, onun bir parçasında indiki Azərbaycan dövləti yaradılmışdır. Buradan da, eyni coğrafiyada iki dövlətin yaranması antropoloji nəzəriyyəyə görə, onların bir-biri ilə xələf-sələf münasibətində olduğunu sübut edir ki, bu da tarixi miras adlanır. Xalq konkret coğrafiyanı sürəkli məskunlaşdırırsa, onda eyni coğrafiyada meydana çıxan bütün dövlətlər eyni xalqın dövləti olur. Başqa sözlə, həm Səfəvilər, həm Əfşarlar, həm Qacarlar Azərbaycan Respublikasının müxtəlif dövrlərində bir və eyni Azərbaycan coğrafiyasında meydana çıxdığından, bu coğrafiya minillərlə bir və eyni xaqla - Azərbaycan türklərinə məxsus olduğuna görə, sübut olunur ki, bu dövlətlər şəksiz Azərbaycan türkünün dövlətləridir.
 
 
 
Etnoloji nəzəriyyə: “Etnologiya” yunan dilində millət, irq, insan anlamına gəlir və insanların etnik qruplara ayrılmasını, bu qrupların mənşəyini, yer üzünə yayılmasını, aralarındakı əlaqələri, törə, dil və mədəniyyət fərqliliklərini və bunu keçmişdə və indi yaşayan digər mədəniyyətlərlə müqayisədə öyrənən elmin adıdır. Bu nəzəriyyə tarixin yaranmasında “sosial-psixi faktorlara” - ilk növbədə dilə əsaslanır, hansı ki, tarixi qrupun birliyini, düşüncə tərzini təmin edir. Bu nəzəriyyəni Herder, Kant, Bokl, Ten, Qobin, Pott və başqaları müdafiə edir. Əgər biz bu nəzəriyyədən Səfəvilər tarixinə baxsaq görərik ki, bu dövləti idarə edənlər və dövlətin əsasını təşkil edən etnik çoxluq türk olmuşdur və Səfəvilər dövrünün mədəniyyətini, dilini, o dövrün insanlarının antropologiyasını qonşu xaqlarla və müasir Azərbaycan xalqı ilə müqayisə etsək görərik ki, bu etnos müasir Azərbaycan türkü ilə eyni, fars, erməni, ərəb, əfqan və hind etnosu ilə fərqlidi. Bu da Səfəvi dövlətinin etnoloji baxımdan türk dövləti olduğunu sübut edir. Fazil bəy Səfəvilərə klassik elmi etnoloji baxışdan fərqli bir özünəxas etnoloji baxışla yanaşır. O yazır: “Şah İsmayıl farsca şeirlər də yazırdı və fars dili o zaman da işlək dillərdən sayılırdı. Ümumilikdə fars dili son min ildə ərəb dilinin yayğınlaşmasına rəğmən, bu arealın dəyişməz ədəbiyyat, diplomatiya dili olaraq üstünlüyünü qoruyurdu. Sadəcə, Səfəvilərin əsas ordu bazasını Anadoludan gələn türk tayfaları təşkil etdiyinə görə, türk dilinin ünsiyyətdə üstünlük təşkil etməsi labüd idi. Ancaq, bu, kiməsə “Şah İsmayıl dövlət dilini türk dili elan etdi” kimi əsassız fikirləri tarix ədəbiyyatına yerləşdirməyə əsas vermir. Əvvəla, müasir konstitusiyalı rejimlərdən fərqli olaraq, orta əsr dövlətlərində dövlət dili və ya dini elan olunmurdu. Bu, heç bir dövlətin tarixində müşahidə olunmayıb. Sadəcə, dövlətdə saray dili hansı dil olubsa, siyasi diplomatik tazismalar hansı dildə aparılıbsa, fərmanlar hansı dildə verilibsə və hakim elita hansı dildən istifadə edibsə, o dövlətin dili də həmin dil hesab olunub. Bunu orduda əsgərin hansı dildə danışması ilə əlaqələndirmək gülüncdür. Əksinə, ordu saray dilində danışmağa məcbur olmuşdur. Əgər son min ildə bu arealın dəyişməz dili fars dili olubsa və Şah İsmayıl bunun əksinə, türk dilli ədəbiyyata üstünlük veribsə və bununla minillik ənənəni pozubsa, bu, o deməkdir ki, etnoloji baxımdan bir dil inqilabı edib. Şah İsmayıl yalnız dildə yox, həm də mədəniyyətdə də inqilab edib və Azərbaycan miniatür, xalça, arxitektura, musiqi sənətkarlığının çiçəklənməsini təmin edib.
 
 
Fazil bəy sonra yazır: “Dillə bağlı, yeri gəlmişkən, qeyd etmək vacibdir ki, Səfəvilər dövrü özündən əvvəlki Dədə Qorqud mədəniyyətinin izlərini necə itirdisə, bu möhtəşəm abidənin izlərini ancaq Vatikan və Drezdendən tapa bildik və anladıq ki, nə qədər belə nümunələrimiz bu adamların xəstə dini görüşlərinə görə məhv edilib”. Əvvala Dədə Qorqud dili məişət, Səfəvi türk dili ədəbi, siyasi və diplomatik dil olmuşdur. Və Səfəvilər dövrünün dilinin Dədə Qorqud dilindən fərqlənməsi dilin işləndiyi sferanın fərqliliyini özündə ifadə edir. Bu iki dil forması Azərbaycan xalqının traybalizmdən millətə çevrilməsini özündə əks etdirir və buna görə Şah babamıza minnətdar olmalıyıq.
 
 
İkincisi, farslarla qonşuluqda yaşayan və min il türk dilinə dominantlıq edən fars dili üzərindən türk dilini ədəbi və siyasi dilə çevirmək Şah İsmayılın millət qarşısında qəhrəmanlığıdır və Dədə Qorqud dili ilə müqayisədə dilimizin təkamülünün sübutudur. Sah İsmayıl öz şerlərini türk dilində yazmış, dövlətin saray dili, siyasi və diplomatik dili türk dili olmuşdur. Bunu tarixi sənədlər sübut edir. Bunun Orduda türk əsgərinin olması ilə heç bir əlaqəsi yoxdur. Amma bundan fərqli olaraq, farslarla qonşuluqda olmayan və onların mədəni basqısına məruz qalmamış Osmanlı sarayında ədəbi dil fars dili olmuşdur, şairlik edən türk sultanları şerlərini, o cümlədən Mövlana Rumi öz məşhur “Məsnəvi”sini farsca yazmışdır. Fazil bəy bu müqayisə ilə bağlı görəsən, nə düşünür və buna necə baxır? Nə əcəb bu faktlara görə Osmanlını və Rumini farsın nökəri hesab etmir?! Məgər bu iki faktın müqayisəsi sübut etmirmi ki, Şah İsmayıl həqiqətən Osmanlı sultanlarından, Səfəvilər isə Osmanlıdan daha çox türkçü olmuşdur?!
 
 
Mədəni tarixi nəzəriyyə: Bu nəzəriyyə Nitşe təsnifatına görə, antikvar tarixi - maddi mədəniyyəti öyrənən nəzəriyyələrə aiddir. Mədəniyyət ikincili süni ətrafdır, hansı ki, insanlar təbii ətrafdan mədəni ətrafa keçməklə xalqa çevrilir. Bununla bağlı Ritter yazır: “İnsan nəsli getdikcə daha çox təbiət güclərinin əsarətindən azad olur, insan getdikcə daha az doğulduğu bir parça topraqdan asılı olur”. Və insan coğrafi şərtlərdən azad olduqca ictimai mühit şərtlərinin əsarətinə düşür ki, məcmui olaraq mədəniyyət adlanır. Herderə görə, “mədəniyyət” sözü “ictimai tərbiyyə” ilə sinonimdir. Buradan da o, belə qənaətə gəlır ki, “mədəniyyət insanı məqsədyönlülüyə və azadlığa, ən təmiz düşüncəyə və hissiyyata, ən incə və möhkəm sağlamlığa - toprağın üzərində hakimiyyətə hazırlayır”. Topraq üzərində hakimiyyət siyasi hakimiyyət tələb edir. F.Qodl mədəniyyətə həm də insanların “ideallara cəhdini” aid edir.
 
 
Bu nəzəriyyə Etnoloji nəzəriyyəyə yaxın olub, mədəniyyət və svilizasiyanın formasından çıxış edib, tarixi dəyərləndirir. Bu nəzəriyyə Dyubl-Raymon, Morqan, Teylor, Qan tərəfindən müdafiə olunur. Səfəvilər dövründə yaranmış Azərbaycan türk svilizasiya (svilizasiya siyasiləşmiş mədəniyyətdir) özündən əvvəlki və ya öz dövrünə paralel mövcud heç bir svilizasiyanı özündə təkrarlamır və bu coğrafiyada meydana çıxan və 500 il yaşayan bir tarixi faktdır. Özündən sonra türk imperiyalarının - Əfşarların və Qacarların tarix səhnəsinə çıxması da eyni bir svilizasiyanın mövcudluğunu sübut edir. Bura Təbriz miniatür sənətini, Səfəvilər memarlığını, sənətkarlığını, eləcə də digər mədəni nümunələrin yalnız Azərbaycan türkünə məxsus olduğu və buradan başqa xalqlara yayıldığı və müasir dövrdə yalnız müasir Azərbaycan türkü tərəfindən qorunduğu və inkişaf etdirildiyi də bu nəzəriyyəyə gərə Səfəvilərin müasir Azərbaycan dövləti ilə eyni bir tarixi ox üzərində bir xalqın yaratdığı iki dövlətdən ibarət olduğunu sübut edir. Əslində, müasir Azərbaycan dövləti Səfəvi svilizasiyasının övladıdır.
 
 
Azərbaycan folklorunda –Azərbaycan nağıl və dastanlarında, o cümlədən digər şifahi xalq ədəbiyyati nümunlərində Səfəvi şahlarının, xüsusən Şah Abbasın mistifikasiyası sübut edir ki, Səfəvi ruhu türk arxetiplərinə uyğundur. Əks halda xalq bir neçə yüz il keçməmiş konkret tarixi şəxsiyyətləri mifoloji obyekt kimi təsvir etməzdi. Şah İsmayılın “cənnətməkan” adlandırılması da onun böyük islahatçı və qurucu olması ilə bağlıdır. Bu gün Tiflisdən, Dərbənddən tutmuş bu tərəfə Azərbaycanın hər yerində Şah Abbas məscidi, karvansarası, körpüsü, mədrəsəsi olması, amma farsların yaşadığı ərazilərdə belə tarixi memarlıq əsərlərinin olmaması (saxlanmaması) sübut edir ki, Şah Abbas və onun mənsub olduğu Səfəvilər sülaləsi Azərbaycan xalqına miras buraxmışdır.
 
 
Koroğlu dastanı da Səfəvilərin kim olmasının sübutunun parlaq dəlillərindədir. Folklorşünaslara məlumdur ki, Koroğlunun 12 variantından biri -erməni variantı istisna olmaqla, Səfəvilərə qarşı mübarizə aparan bir mifik şəxsə həsr olunmuşdur. Gürcü variantında isə konkret olaraq Koroğlunun hədəfi I Şah Abbasdır. Bu variantlar içərisində Azərbaycan variantı yoxdur. Bizim xalqın bildiyi Koroğlu dastanı erməni dilindən, erməni variantının tərcüməsindən ibarətdir və bu variantda Səfəvilər türk sultanları ilə əvəzlənmişdir. Koroğlu dastanı ilə bağlı belə bir sual meydana çıxır. Necə ola bilər ki, Koroğlu dastanının gürcü, erməni, rus, fars, tacik, türkmən və s. variantı var, amma Azərbaycan variantı yoxdur?! Çünki Koroğlu dastanı Səfəvilərə qarşı qonşu xalqların mübarizəsinə həsr olunmuş bir dastandır.

***
                                                                                                   V   H İ S S Ə

                                                                                Azərbaycan tarixinə məzhəbçi baxış

                                                                                Məzhəbçilik ideologiyası

Səmavi kitabları anlamağın çətinliyindən və dindən dünyəvi maraqlar naminə istifadə etmək cəhdlərindən, bütün dinlər məzhəb və təriqətlərə bölünməklə, dinin tarixi funksiyasını nəniki yerinə yetirməyə imkan verməmişdir, əksinə, din özü insanlıq tarixində ciddi problemlər yaratmışdır. Din keçmişdə zorakılıqlar tarixində (Engelsə görə, tarixi zorakılıq yaradır), müasir dövrdə mədəniyyətlərarası ziddiyyətlər və toqquşmalar tarxində aktiv rol almışdır. Əziz peyğəmbər müsəlmanların arasından çıxdıqdan sonra, din alimləri Quranı dərketmə prosesində müxtəlif metodlardan istifadə edərək, digər islami hümmətlərin - yəhudi və xristian inanclarının, eləcə də buddizmin, çoxallahlı dinlərin, batili elmlərin və dünyəvi fəlsəfələrin bəzi mühakimələri ilə Quran mühakimələrinin sintezindən təriqət və məzhəblər yaratmağa başlamışlar. Yəhudiliyin müsəlmançılıqla sintezindən əhli-sünnə, xristianlığın sintezindən əhli-şiə təriqətləri yaranmışdır. Buradan da nə üçün türk sultanlarının orta əsrlərdə İspaniyada genosid təhlükəsi ilə üzləşən hər bir yəhudi üçün bir qızıl pul verib yüzminlərlə yəhudini xilas etməsi müqabilində, şiə olduğuna görə, Anadoluda türk qırğını törətməsinin və şiələrin yəhudilərlə əbədi düşmən olub, xristianlara meyl etməsi nəticəsində sünni türk ədavəti apardığının səbəbləri aydın olur.
Təriqətçiliyin gətirdiyi problemlərə görə, islam dini də istisna təşkil etmir. İslamın təriqət və məzhəblərə ayrılması və təriqətlərarası ziddiyyət islam daxilində ikinci cahiliyyə dövrünü başlatmışdır ki, nəticədə islam cəmiyyətləri inkişafdan qalmış, islam hümməti birlik və həmrəylik nümayiş etdirə bilmədiyindən, həm də başqa ideologiyaların ovuna çevrilmişdir. Qurani-Kərimin “Rum” surəsinin 31,32-ci ayələrində buyrulur: “Tövbə edərək Ona tərəf qayıdın, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın... O kəslərdən ki, öz dinlərini parçaladılar, bölük-bölük oldular və hər bir dəstə özündə olana sevinər..”. “Zümər” surəsinin 2, 3, 11, 14, 36, 37-ci ayələrində bəyan edilir: “Həqiqətən bu kitabı sənə haqq olaraq nazil etdik. Buna görə də Allaha etiqad və itaətini Onun üçün xalisləşdirilmiş halda ibadət et... Bilin ki, xalis din, etiqad və itaət Allaha məxsusdur. Allahın yerinə başcı və rəbb götürənlər “biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik””... Həqiqətən, Allah onların arasında haqqında ixtilafda olduqları şey barəsində hökm çıxaracaqdır. Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz... De: “Mənə Allaha xalis itaət və etiqadla ibadət etmək əmr edilmişdir.. De: “Mən etiqad və itaətimi Allah üçün xalisləşdirdiyim halda, yalnız Ona ibadət edirəm”... Məgər Allah bəndəsinə kifayət deyil?! Və səni Ondan qeyrisi ilə qorxudurlar. Allah kimi azğınlıqda boşlasa, ona əsla bir yol göstərən olmaz... Allahın hidayət etdiyi kəsi əsla azdıran olmaz. Məgər Allah yenilməz qüdrət və intiqam sahibi deyil?!”. “Qafur” surəsinin 14, 65-ci ayələrində bəyan edilir: “Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək ibadət edin! Əbədi olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. Dini yalnız Ona məxsus edərək ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”
Bu ayələrdən aydın şəkildə görünür ki, dində Allahdan başqa hər hansı bir köməkçi, başcı götürmək və yol seçmək günahdır. Buna görə də, təriqət banilərinin və liderlərinin yolunu düz yol hesab edib, Allaha yaxınlaşmaq istəyənlər əslində ondan uzaqlaşmış olurlar. Allah-təala keçmişi və gələcəyi bildiyindən İslamın da şünni-şiəyə ayrılacağını, onlar arasında ziddiyyətlərin meydana çıxaçağını  bilmişdir və müsəlmanlara “parçalanmayın, əlinizdə olani düz hesab etməyin, parçalandınızsa, bir-birinizlə höcətləşməyin, mübahisə etməyin, bir-birinizə hörmətlə yanaşin” deyə əmr etmişdir. Nə yazıq ki, əksər təriqət mənsublari bu əmrləri nəzərə almır.
Nə üçün təriqət və məzhəblərarası mübahisə yersiz və günahdır? Birincisi, əgər Allah-təala Özü, Qurani-Kərimdə buyurduğu kimi, Qiyamət günü hansı məzhəbin və ya təriqətin doğru olduğunu elan edəcəksə, onda insanların tələskənlik edib bu dünyada hansı təriqətin düz olduğunu iddia etməsi özünü Allaha şərik qoşması deməkdir. İkincisi, hər bir təriqət mənsubu öz təriqətinin maraqlarından həqiqətə yanaşdığından, belə yanaşma təəssübkeşliklə bağlı olduğundan, mütləq çaşmalara səbəb olacaqdır. Üçüncüsü, Qurani-Kərimin ayələrinə görə, mübahisə höcətləşməyə, oradan da təriqətlərarası toqquşmalara gətirib çıxarır.
Mən də bir neçə ildir ki, dini ayinləri icra etməyə cəhd edirəm, şiə ailəsində doğulmağıma baxmayaraq, Quranı dəfələrlə oxuduqdan sonra bu qənaətə gəldim ki, təriqət və məzhəblərin hamısı yanlışlıqdadır . Buna görə, əqidəmdə Allahın Özünün əmr etdiyi doğru yolla - bu gün İslam aləmində orta yol deyilən yolla getməliyəm. Bu yolda getdiyimə görə, təriqət təəssübkeşliyim yoxdur, həm sünnilikdən, həm şiəlikdən eyni məsafədə olduğumdan, ikisinə Qurani-Kərimin məntiqi ilə  yanaşıram və buna görə də bu təriqətləri üz-üzə qoymağı həm dini, həm də türk millətçiliyi və həm də dövlətçilik baxımından yanlış hesab edirəm. Xüsusən keçmiş tarixə müasir təriqət təəssübkeşliyi ilə baxılmasını yolverilməz yanaşma kimi qiymətləndirirəm.
Bir-birini kafir elan edən və cəhənnəmdə əzab çəkəcəklərini elan edən bu dünyada isə bir-biri ilə düşmən olan təriqt təəssübkeşləri bir şeyi unudurlar ki, Peygəmbərimizin Buxari və Müslumin uzlaşdırılmış  “Müttefekun Aleyh hədislər” səhih hədislərində buyrulur ki, “Allaha şəhadət gətirən və Məni Onun Rəsulu kimi qəbul edən kimsəni Cəhənnəm odu yandırmayacaqdır”. Bu, o deməkdir ki, nə sünnilər, nə şiələr  bir-birinə kafirlər, xristianlar, buddistlər, yəhudilərə münasibətdəki kimi yad ola bilməz. Məzhəb fərqliliyi  İslamın inkişafina xidmət etdikcə qəbul ediləndir, parçalanmaya qarşıdurmaya gətirdikcə yolverilməzdir.
Fazil Mustafa şiəliyə münasibətində ikinci yolu tutur və şiəliyi mürtədlik - dindən çıxmış elan edir. Bununla da özünü kimin doğru yolda olacağını bəyan edəcək Allahın yerinə qoyur, nəticədə özünün küfrə düşdüyünü fərq etmir.
Şah İsmayıl nə üçün şiəliyi dövlət dini səviyyəsinə qaldırmışdır? Əvvala, Şah İsmayıl əksəriyyəti şiə təriqətində olan bir mühitdə doğulub-böyümüşdür. Şah İsmayıl öz sülaləsinə görə qanunu  hakimiyyət haqqından  məhrum edilmiş, atası və qardaşı Sultanəli bu yolda öldürülmüş, özünün də ölüm hökmünə fərman verilmişdir. Halbuki, dövrün tələblərinə görə Şah İsmayıl qanunu varis kimi hakimiyyətə gəlməli idi. Eyni hadisə 800 il əvvəl Həzrət Əlinin də başına gəlmiş və o da qanuni hakimiyyətdən terror yolu ilə məhrum olmuş və sonrakı dövrlərdə nəsli də onun hakimiyyətini qəsb edənlər tərəfindən terror edilmişdir. Şiəlik buna - islam cəmiyyətində hakimiyyətin zorakılıqla uzurpasiyasına protest kimi yaranmış, buna görə hakimiyyət qəsbinə loyal yanaşan sünnilikdən fərqli olaraq radikal və inqilabi ruha malik olmuşdur. Sünnilik – yaşam, həyat tərzi fəlsəfəsi, şiəlik - hakimiyyət fəlsəfəsi üzərində qurulmuşdur. Buradan da “nə üçün şiəlik 500 ildə iki inqilab etmiş, amma sünnilik 1500 ildə bir inqilaba belə rəvac verə bilməmişdir” sualının cavabı aydın olur. Sünni ölkələrinin başqa dindən olanların uzun illik əsarətinə düşməsi də sünniliyin mayasında olan hakimiyyətin necə və kimlər tərəfindən idarə olunmasına laqeyd olması ilə bağlıdır. Beləliklə, Şah İsmayılla Həzrət Əlinin siyasi taleyi anologiya təşkil etdiyindən, məntiqnən şiəlik onun öz qanunu hakimiyyətini ələ almasında əvəzsiz bir silah idi və buna görə də Şah İsmayıl özünü Həzrət Əliyə oxşatmaqlaşiə dəyərlərini daha qabarıq müdafiə etməklə düşmənləri üzərində və buna paralel, onların ideologiyası üzərində, yəni sünnilik üzərində qələbə çaldı. Bütün tarixçilər Şah İsmayılın azsaylı qüvvələrənin döyüşlərdən qalibiyyətlə çıxmasını qızılbaş fanatizmi ilə əlaqələndirirlər. Bu da öz dövründə Şah İsmayılın  qızılbaşlığı dövlət idelogiyasi səviyyəsinə qaldırmasını, imperiya yaratmaq üçün ən optimal yol olduğunu sübut edir.
Digər tərəfdən, şiəlik təriqətində olan qeyri-türkləri -farsları, ərəbləri, əfqanları, puştuları və s. öz tərəfinə çəkmək üçün də bu bölgədə şiəlik əlverişli idi. Buradan çıxarılan nəticə ondan ibarətdir ki, Şah İsmayıl şiəliyi dirçəltmək üçün hakimiyyətə gəlməyib, əksinə hakimiyyətə gəlmək və hakimiyyətini saxlamaq üçün siəliyi dirçəldib. Fazil Mustafa məzhəbçi nəzərlə tarixə baxdığına görə, onun görmədiyi və ya görmək istmədiyi tarixi həqiqət bundan ibarətdir. O, Şah İsmayılın tarixinə ideloji baxışla baxır və 500 il bundan əvvəlki tarixi şəraiti və Şah İsmayılın imkanlarını düzgün qiymətləndirmir, nəticədə Azərbaycan tarixinin şanlı səhifələrinə aşkar düşmən mövqeyi nümayiş etdirir. Mən bundan əvvəl Səfəvilik və şiəlik məsələsi ilə bağlı mətbuatda təhlil xarakterli çıxı etdiyimə görə, burada qısa şəkildə şərh verməklə kifayətlənirəm.
Fazil bəy şiəliyə qarşı bir sünni təəssübkeşi kimi o qədər nifrətlə köklənib ki, hətta farslara qan udduran Qacarı belə, tariximizdən silməyə cəhd edir. Bir tərəfdən Şah İsmayılı farslara tarixi fürsət verməkdə ittiham edir, o tərəfdən farslardan bu fürsəti almış Qacarı ittiham edir. Buradan aydın olur ki, o, fars məsələsindən yox, həm Şah İsmayılın, həm Qacarın şiə olmasından narazıdır. Buradan da müasir dövrdə Azərbaycan xalqının 90 faizinin şiə olduğuna nəzər salsaq, aydın olar ki, Fazil bəy Şah İsmayıla, Qacara və bütün Azərbaycan xalqına məhz şiə olduqlarına görə nifrət edir və şiəliyə qarşı mübarizə aparacağını bəyan etməklə, bu xalqla mübarizə aparacağını açıq şəkildə bəyan edir.
Unutmaq olmaz ki, Allahın bir və tək doğru yolu var. O yolun adı nə şiəlik, nə sünnilikdir. Onun adı siratəl müstəqim - yəni düz yoldur. Qurani-Kərimdə elan edildiyi kimi, “Başqa bütün yollar - təriqət və məzhəblər əyridir”. Bir əyri yolda olub, başqa əyri yolu bəyənməmək təəssübkeşlikdir. Allah-təala təəssübkeşliklə haqdan dönənləri lənətləyir. Bu gün şiəlik, yoxsa sünnilik doğru yoldur? Qiyamət günü bu yollardan hansının, doğru olacağını Allahın bəyan edəyəcəyini gözləmədən bu gün  “şiəlik və ya sünnilik əyridir” deyənlər özlərini Allaha şərik qoşurlar .

                                                                                                                   

                                                                                                     VI   H   İ   S   S   Ə

Fazil Mustafa Facebook statusunda şiəliyə nifrətinin səbəbini belə açıqlayır: “Bu dünyagörüş (şiəlik nəzərdə tutulur) bugünki İran teokratik sisteminin nəzəri əsası üçün münbit bir toxum rolunu oynamış və Azərbaycan Türklərinin yaşamında mövhumat elementlərinin üstünlük təşkil etməsinə yardımçı olmuşdur. Azərbaycan Türklərini moneteist inanc dəyərlərindən uzaqlaşdırmış, Allahdan başqa hər şeyə - daşa, qəbirə, pirə, ağaca, adama sitayiş etməsinə yol açmışdır”. Əvvala, türklər əski inanclardan - mövhumatdan islama gəlmişlər. Yəni türklərin, eləcə də islama qədərki ərəb və farsların çıxış vəziyyəti mövhumatçılıq olmuşdur. Buna görə də, guya, türklərin yaşamına şiəliyin mövhumat elementləri gətirdiyni deməyin məntiqi əsası yoxdur. Biz Ramazan ayında türk televiziyalarında əhli-sünnənin övliya qəbirlərinə, pirlərə - daşa, ağaca axın edib, dilək tutduqlarını nümayiş etdirdiyini dəfələrlə müşahidə etmişik. Xüsusən, İstanbulun mərkəzində “Sirkəci Baba”adında sadə bir şəxsin qəbirindən kömək istəyənlərin uzun növbələrə durduğunu da hamı görmüşdür. Peyğəmbərin əbasını “ziyarət” etmək üçün Türkiyənin ən uzaq guşələrindən insanların axın etdiyinin şahidi olmuşuq. Hətta əhli-sünnənin İbrahim peyğəmbərin yandırılmasında istifadə edilmiş odunların balığa çevrilməsinə inandıqlarını da bilirik.

Fazil bəy əhli-sünnəyə xas olan bu cür mövhumatlardan xəbəri yox kimi şiəliyə hücüm edir. Əslində, bu fakt da sübut edir ki, islam dinini qəbul etmiş bütün türklərdə, məzhəb və təriqətindən asılı olmayaraq daşa, ağaca, ulduza, canlılara və adama sitayiş elementləri vardır. Bu, türkün əski inanc sisteminə xas ideyaların, o cümlədən türk mifoloji şüurunun, arxeotiplərin islama keçməsi ilə bağlıdır. Sünnilər arasında inkişaf etmiş Mövləvilik və digər təsəffuv təriqətləri də islamaqədərki türk zehniyyətinin islamlaşması kimi meydana çıxıb. Ərəb şiələri və sünniləri arasında bu cür adətlərə rast gəlinməməsi də bunu sübut edir. Peyğəmbər tərbiyyəsində olmuş və dini bilavasitə ondan mənimsəmiş Həzrət Əli heç vaxt daşa, ağaca inanmayıb ki, şiələr də onun yolu ilə gedib, eyni inanclara sahib çıxsın.

Fazil bəy radikal şiə təriqəti olan İsmayıli təriqətinin adını çəkməklə, guya, şiəliyi radikallıqda və zorakılıqda ittiham etmək istəyir. İsmayılilik - döyüşkən əfqan ruhu hopmuş şiəlikdir. Amma biz blirik ki, islam təriqətlərində zorakı metodlardan istifadə edən əqidələr əhli-sünnədə daha çoxdur. Xaç yürüşlərinin başında duran xristianlığın “Məbəd xidmətçiləri”ndən - şovalyelərdən dərs götürmüş həşşaşilik, vəhhabilik, İŞİD və s. təriqətlərin mövcudluğu bunu sübut edir. Buradan aydın olur ki, sünni əqidələrində olduğu kimi, İsmayılilərin zorakılığı şiəliklə yox, islamdan kənar əqidələrlə, etnik xüsusiyyət və ya hakimiyyət maraqları ilə bağlıdır. İslam sülh dinidir və zorakılığı qadağan edir, özünü müdafiə, qisas və cihad istisna olmaqla, zorakılığın bütün təzahürləri islama ziddir. XVI əsrdə vəhhabilərin Kərbalada məhərrəm ayında 30 min şiəni qətlə yetirməsi əhli-sünnənin zorakılıqda və radikallıqda İsmayılikdən geri qalmadığını sübut edir. Necə ki, bəziləri Sultan Səlimin 40 min nəfərlik tarxi şiə qırğınını gözaltı edir, əvəzində Şah İsmayılı uydurma sünni qırğınında ittiham edir.

Bu da tarixə təriqət təəssübkeşliyindən baxılmasının yanlış olduğunu göstərir.

Əgər şiəlik türkçülüyü parçalayıbsa, bəs sünnilərin özlərinin öz aralarında dörd əhli-sünnə təriqətinə və hər birinin də yüzlərlə məzhəbə ayrılmasını necə dəyərləndirmək olar? Bəs, bu əhli-sünnə daxilindəki
ayrılmalar türkləri parçalamır?AZƏRBAYCAN TARİXİNƏ MƏZHƏBÇİ BAXIŞ

F.Mustafa yazır: “Sultan Toğrul səmimi müsəlman kimi, İslamın parçalanmasına səbəb olan marjinal qruplara qarşı mübarizəni özünün ilahi vəzifəsi olaraq görürdü”. Qurani-Kərimi mənimsəmiş heç bir səmimi müsəlman əqidə davası apara bilməz. Çünki Quran bunu qadağan etmişdir. Bu da bu cür mübarizə aparanaların islam dinində səmimi olmadıqlarını sübut edir. Buna görə də Toğrulun vəzifəsi ilahi yox, əksinə, anti-ilahi vəzifə olub. Çünki Allah-təala “gözləyin” əmri verib, “mübarizə aparın” yox! Hətta peyğəmbərə “Sən onları hidayət edə bilməzsən, Hidayət edən Mənəm” deyə xəbərdarlıq edib. Kimin nə ixtiyarı var ki, kimisə hidayət etsin?! Hətta müasir dövrdə vicdan azadlığı hüququ belə, hüquqşünas Fazil Mustafanın əqidə təəssübkeşliyini dayandıra bilməmişdir. Hansı ki, o, şiəliyi marjinal bir qrup adlandırır. Əgər bu həqiqətdirsə, onda Şah İsmayıl şiəliyi dövlət ideologiyası elan etməklə necə nəhəng bir imperiya yarada bildi?

F.Mustafa bir tərəfdən şiəliklə farslıq arasında bərabərlik işarəsi qoyur, digər tərəfdən Şah İsmayılın tərəfdarları haqqında yazır: “Faruq Sümərə görə, bunlar nə Qaraqoyunlulara, nə də Ağqoyunlulara aid ünsürləri əhatə etmişdir. Bu təriqətin əsas kütləsini Anadoludan gələn yeni türklər təşkil edib”. Hansına inanaq? Şah İsmayılın tərəfdarlarını Anadoludan gələn türklər təşkil edib, yoxsa farslar? Əgər türklər təşkil edibsə, bu imperiya necə farslara xidmət edə bilər? Burada nədənsə, Fazil Mustafa “Anadoludan yeni türklərin Azərbaycana gəlişinə” aydınlıq gətirmir. Niyə? Lazim bilmir, yoxsa, bu günün acarını başqa yerdə axtarır? Necə olur ki, F.Mustafanın türk kimi mədh etdiyi Sultan Səlimin hakimiyyətində olan Anadoludan yüzminlərlə türk onun farsa xidmətdə ittiham etdiyi Şah İsmayılın himayəsinə axışıb?! Yalançının şahidi yanında (və ya yadında) olar -, deyiblər. Çünki Sultan Yavuzun vaxtında Anadoluda 40 min ələvi (şiə) türkü qılıncdan keçirilmiş, yerdə qalan on minlərlə türk xilas olmaq üçün Azərbaycana mühacir etməyə məcbur olmuşdur. Bu nəhəng mühacirət ordusunu “Anadoludan gələn yeni türklər” kimi ifadə etmək mahiyyəti dəyişmir? Fazil bəy ustalıqla Şah İsmayılı sünni qırğınlarında ittiham edir. “Çaldıran”a görə Şah İsmayılı ittiham edənlər Sultan Səlim Yavuzun Şərqi Anadoluda şiə adı ilə apardığı qardaş qırğınını gözardı edir və bu qırğından türkləri xilas etmək üçün Şah İsmayılın Səlimlə müharibəyə girməyə məcbur qaldığını görmək istmirlər.

Türk sultanları hakimiyyət naminə atasını, oğlunu, nəvəsini qətl etməyi Fatehin vaxtında rəsmləşdirdikləri halda, onların Səfəvi şahlarına mənfi münasibətinə siyasi-ideoloji don geyindirilməyə cəh edilir. Halbuki, bütün bunlar hakimiyyət ambisiyalarından başqa bir şey deyildir. Bir şeyi bilmək lazımdır ki, hakimiyyət münasibətləri ictimai münasibətin bütün formaları içərisində ən ali, ən üstün və prioritet münasibətdir. Buna görə, monarxiya rejimlərində hakimiyyət maraqlarına övladlarını, valideynlərini, qohumlarını, o cümlədən etnik qohumluqlarını qurban verməyi bu idarəçiliyin qanunauyğunluğu kimi qəbul etmək lazımdır. Bu günkü demokratik dünyagörüşündən yanaşıldıqda, monarxiya qurluşunda baş verənlərin buna görə də yanlış anlaşılması təbiidir.

Bəs Şah İsmayıl necə, Sultan Səlim kimi hakimiyyət naminə öz ovladlarına, qardaşlarına və ya atasına divan tutmuşdurmu? İslam tarixi göstərir ki, hakimiyyət məsələsində sünnilərlə şiələrin öz doğmalarına münasibəti fərqli olmuşdur. Əhli-sünnənin hakimiyyət davaları qardaş qırğınlarından keçmişdir. “Burda mənəm, Bağdadda Kor xəlifə” ifadəsi də bu dəhşətli hadisələrdən meydana çıxmışdır. Ərəb xəlifələrinin hakimiyyət naminə bir-birinin gözünə mil çəkməsi o qədər geniş yayılmışdır ki, “kor xəlifə” deyimini meydana çıxarmışdır.

Ərəblərin hakimiyyət naminə qardaşlarını, oğullarını, nəvələrini öldürmək ənənəsi sünni türk hakimlərinə keçmiş, eyni işi onlar da görmüşdür. Peyğəmbər tərbiyəsi görmüş və Quranın “qohumluq əlaqələrini kəsməkdən qorxun” əmrini icra edən Həzrət Əli və şiə hakimləri isə doğma qanı tökməkdən uzaq olmuşlar. Əmir Teymur ona iki dəfə xəyanət edən Toxtamışı bağışlamış, amma Səlim atasını öldürməkdən belə çəkinməmişdir. Buradan da hansı əqidənin necə olması aydın olur. Fazil bəy sünniliyin bu üzündən danışmır və susur. Şiəlik tarixində Həzrət Əlidən gələn patriarxal bağlılığa və mənəvi hakimliyin dünyəvi hakimlikdən üstünlüyünə görə, heç bir şiə hakimi öz yaxınlarına divan tutmamışdır. Əslində, şiə imamlarına divan tutulması da əhli-sünnələrin hakimiyyət fəlsəfəsindən meydana çıxmışdır.

Fazil Mustafa əslində Şah İsmayılın şiəliyi dəstəkləmə səbəbini düzgün anladığını özü etiraf edir. O, yazır: “Hakimiyyətə gəlmək və tərəfdarlarını artırmaq üçün istifadə etdikləri metod anlaşılandır. Bu, həmin bölgədə yayğın olan onlarca təriqətdən yalnız biri idi və bu genişlənmə prosesi öz görüşlərini paylaşmaq, tərəfdarlarını artırmaq məqsədi güdürdü. Hansısa siyasi bəyanatın izləri bu dövrdə görünmür, sadəcə, güc mərkəzi kimi bütün hökmdarların hesablaşdığı dini mərkəz halını almağa başlayır”.

Buradan belə bir sual meydana çıxır. Əgər Şah İsmayılın hakimiyyətə gəlmək üçün şiəliyi dövlət dini səviyyəsinə qaldırması anlaşılandırsa və şiəliyin genişləndirilməsi tərəfdarları artırmağa xidmət edibsə, onda burda anlaşılmayan “nə üçün Sah İsmayılın türk dövləti yaratmasıdır?!” məsələsidir.

Mən islam-şiəlik-İran məsələsində Fazil Mustafanın yanlış möqedə olmasına onun da avtoritet qəbul etdiyi böyük liderimiz M.Ə.Rəsulzadənin fikirləri ilə cavab vermək istəyirəm. Rəsulzadə 13 sentyabr 1912-ci il tarixli “Səbillürrəşad” məcmuəsinin 3-cu nömrəsində “İran türkləri” adlı məqaləsində yazır: “İran əhalisi başlıca iki qismə ayrılır, bunlardan bir qismi farslar, digər qismi də türklərdir... Asari qədiməsindən böylə bir ənənati-qəhrəmaniyəyə malik olan İran, bədei-islam dəxi şanlı ənənələrə malikdir. Bir dövrü-tarixdə dəxi İran cahani-islamiyyət və insaniyyətdə bir səhifeyi-şan və şərafət sahibidir... Hələ islamiyyətdən sonra İranın məcimeyi-fəyyazindan doğan dahiyani-elmü-ədəbiləl-əbəd İranın mədari-fəxrü mübahatı olacaqdır... Mühərirlərdən brisi “ərəblər islamiyyətin müvəllidi, iranlılar mürəbbisi, türklər də müdafiəçisidir” - demiş idi. Mühərriri-möhtərəm ərbabi-elm və tədqiqə məchul bir həqiqəti kəşf deyilsə də, miləli-islamiyyənin islamiyyətlə nə dərəcədə əlaqədar olduqlarını tərif üçün pak münasib bir təbir bulmuşlardır... İran üdabəsinin Şərq aləmində, xüsusilə cahani-islamdakı mövqeyi-büləndləri dəxi heç bir vaxt nəzəri-diqqət və tətəbbödən dur tutulmamalıdır... Bu böyük ədəbiyyatın Osmanlı ədəbiyyatına etdiyi təsir məlumdur. Bir vaxt dövləti Osmaniyyənin müghərriratı-rəsmiyyəsi farsca olduğu kimi, Yavuz Sultan Səlimin farsca inşa etdiyi əşari da məşhurdur... Xülasə, Yunanıstan mədəniyyəti və yunan qövmü Avropa aləmi-xristianisincə nə kimi bir şöhrətə sahib isə, Şərq və aləmi –islamca da İran öylə bir ənənəyi-tarixiyyəyə malikdir”. Bu sitatdan görünür ki, Rəsulzadə Fazil bəydən fərqli olaraq fars-şiə İranının islam aləminin tərbiyyəçisi olduğunu, hətta Osmanlının rəsmi dilinin fars dili olduğunu vurğulayır. Bu da, guya, şiəliyin islama zidd olması ilə bağlı fikirlərin əsassız olduğunu sübut edir. Burada Rəsulzadənin tərifini göylərə qaldırdığı İran haqqındakı fikirlərinin böyük əksəriyyətinin həm də İranda yaşayan Azərbaycan türklərinə aid olduğu unudulmamalıdır.

Tarixə məzhəbçilikdən baxanlara yenə də Rəsulzadənin dili ilə cavab vermək lazım gəlir. Rəsulzadə adıçəkilən dərginin 20 sentyabr 1912-ci il tarixli 31-ci sayında “Hökuməti-Osmaniyyə ilə İran beynində maddi və mənəvi rabitələr” adlı məqaləsində yazır: “Hal-hazırda isə bu iki millət anlamaq üzrədir ki, Quranı, Kəbəsi, peyğəmbəri, qibləsi bir olan müsəlmanlar arasında heç bir mübayinət yoxdur... Zatən inqilabati-axirə artıq o qəflətləri meydandan qovmaqda, əhrar-tərəfeyin bu cəhəti təshih ücün uğraşmaqdadırlar... Qarşılarında bir düşməni ümumi bulunduqca mənafeyi və amali xüsusiyyyə ikinci dərəcədə qalmalıdır”. Təəssüf ki, bu fikirlər deyildiyi vaxtdan yüz ildən artıq müddət keçməsinə baxmayaraq, hələ də qəflətdə olanlar var və onlar mədəniyyətlər toqquşması erasında Türkiyə və İranı paralel təhdid edən əks cəbhənin maraqlarından çıxış edib, əqidə-məzhəb məsələsini önə çəkməklə, İslami birliyə və türk birliyinə çox ciddi ziyan vururlar. Rəsulzadə İranla Türkiyə arasında əlaqələrin yüksək səviyyədə qurulmasını “ağıl və hikmət” adlandırmışdır. Bunun əksini idda edənlər isə sağlam ağıldan məhrum olanlardır.

(ardı var)

Sərdar CƏLALOĞLU                       

Загрузка...
Загрузка...