AZƏRBAYCAN ƏSGƏRİNƏ

AZƏRBAYCAN ƏSGƏRİNƏ
Qarı düşmən at oynadır hay çəkir,
Həvəslənib hər millətdən soy çəkir,
Əsir düşən qız-gəlinə vay çəkir,
Nə gözləyir, nə sayırıq illəri?
Qalx, qaytaraq əsir düşən elləri!
Ermənilər Kəlbəcərə ləl deyir,
Türk əsgərin hədələyir, gəl! – deyir,
Qarabağım hər gününə il deyir,
Nə gözləyir, nə sayırıq illəri?
Qalx, qaytaraq əsir düşən elləri!
Keçən aylar, illər yaman nəs idi,
Dığaları çox gözlədik, bəsidi.
Haray çəkən bir millətin səsidi,
Nə gözləyir, nə sayırıq illəri?
Qalx, qaytaraq əsir düşən elləri!
Girov düşən qız-gəlinin halın bil,
Qar üstündə ayaqların yalın bil,
Ermənini qabırğası qalın bil,
Nə gözləyir, nə sayırıq illəri?
Qalx, qaytaraq əsir düşən elləri!
 
DANIŞ, GÜLÜM
Nədir yenə qəm tutubdu gözünü,
Qəhər boğur deyəmmirsən sözünü.
Gözüm baxcaq gizlədirsən üzünü.
Alıb yolumuzu duman, çən, gülüm,
Nə sən günahkarsan, nə də mən, gülüm!
Hiss etmirəm, payızdımı, yazdımı,
Qərib ömrüm bəyəm mənə azdımı?
Fələk bizə belə qismət yazdımı?
Zirvələrdən çəmənliyə en, gülüm,
Belə baxma, danış gülüm, din gülüm!
Bağlayıb yolumu qüssə, qəm, kədər,
Gecəm, gündüzüm də olubdur hədər.
Xəyalın mənimdi, ölənə qədər.
Bu nə cəza, qismətinə dön, gülüm,
Ya alış yan, ya əbədi sön, gülüm!
Baxışların nə deyirsə düz deyir,
Ürək deyən sözləri də göz deyir.
Bu hicranın əzabına döz deyir.
Sevinci, qəmi də bölək tən, gülüm,
İstərdim ki, görünəsən şən, gülüm!

Elbrus Qayalı