Azərbaycan səfiri etimadnaməsini Küveyt əmirinə təqdim edib

Səfir Elxan Qəhrəman Azərbaycanın Küveytdəki səfiri təyin olunması barədə etimadnaməsini Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabaha təqdim edib.
Azərbaycanın Küveytdəki səfirliyindən APA-ya verilən məlumata görə, təqdimetmə mərasimində fəxri qarovul düzülüb, Azərbaycanın Dövlət bayrağı yüksəldilib və Dövlət himni səsləndirilib.
Daha sonra, səfir Elxan Qəhrəman Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabahla görüşüb və etimadnaməni Əmirə təqdim edib.
Rəsmi mərasimdən sonra keçirilmiş söhbət zamanı, Azərbaycan prezidenti İlham Əliyevin iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyi qeyd olunub.
Əmir Şeyx Sabah Əl-Əhmədin Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu qeyd edərək, bu səfərin iki ölkə arasında mövcud səmimi münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inandığını vurğulayıb.
Əmir Azərbaycanla əlaqələrin inkişafını alqışladığını və bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu deyib.