“Azərbaycan polisinə hücumla bağlı xəbərdarlıq ciddiyə alınmalıdır” - ÖZƏL

Mahmud Hacıyev: “Terrordan dünyanın heç bir dövləti sığortalanmayıb”
Bugünlərdə Türkiyənin “Milliyyət” qəzeti İŞİD-lə bağlı maraqlı iddia ilə çıxış edib. Qəzetin yazdığına görə, İŞİD Türkliyə və Azərbaycanda kamikadzelərin iştirakı ilə terror aktları törətməyə çalışır. Azərbaycanda həyata keçiriləcək terror aktlarının əsas hədəfinin isə polis əməkdaşları və onların ailə üzvləri olacağı bildirilir.
Qəzetin iddiasına görə, Türkiyənin xüsusi xidmət orqanları bununla bağlı məlumatlıdır və İŞİD-in gözlənilən hücumlarının önlənməsi üçün zəruri tədbirlər görülür.
Maraqlıdır, İŞİD-in Azərbaycanda polis əməkdaşlarına qarşı hücumlar təşkil etməsi mümkündürmü? Bu informasiya nə dərəcə ciddiyə alınmalıdır?
Bununla bağlı Politika.Az-a açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev bu informasiyaya qeyri-ciddi yanaşmaq üçün heç bir əsas olmadığını vurğuladı:
“Əgər qəzetin yazdığı doğrudursa, yəni bu barədə informasiya Türkiyə xüsusi xidmət orqanı tərəfindən əldə edilibsə, o zaman bu informasiyanın mötəbərliyinə şübhə etmək üçün əsas yoxdur. Çünki Türkiyənin xüsusi xidmət orqanları kifayət qədər güclüdür və informasiya əldə etmək üçün geniş imkanlara malikdir. Yəqin ki, artıq bu barədə Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərliyi də məlumatlıdır və bu hücumların qarşısını almaq üçün profilaktiki tədbirlər görüləcək. Bu tədbirlərdən biri kimi gücləndirilmiş iş rejiminə keçirilməsi, məxfi əməliyyat xidmətinin işinin yüksək səviyyədə qurulması və s. ola bilər.
Bunu da nəzərə almalıyıq ki, təxribatlardan dünyanın heç bir dövləti sığortalanmayıb. Madam ki, bu cür təxribatlardan ABŞ kimi qüdrətli bir dövlət sığortalanmayıb, Azərbaycanın da bundan sığortalanması mümkün deyil”.