​“Azərbaycan Parlamenti təcili toplanmalıdır, bunu dünyaya car çəkməliyik”

 
 
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Ermənistanla Vahid Ordu Birləşmələrinin yaradılması haqda bir müddət öncə əldə olunan razılaşmanı imzalamaq haqda sərəncam verib.
 
Maraqlıdır, Rusiyanın Ermənistanla vahid ordu yaratması sabah Qarabağ cəbhəsində Rusiya ilə üz-üzə gəlməyimizə hüququ əsaslar yaratmayacaq ki?
 
Moderator.az məsələ ilə bağlı tanınmış politoloq Cümşüd Nuriyevin fikirlərini öyrənib.
 
Cüşmüd Nuriyev bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsinə əsasən Ermənistanla Rusiyanın vahid ordu yaratmasına hüquqi əsas yoxdur:
 
“Çünki bu müqaviləyə görə onlar ancaq sərhəd bölgələrində birgə fəaliyyət göstərə bilərlər. Ermənitanla da Rusiyanın sərhədi olmadığına görə bu ancaq özünü o zaman doğrulda bilər ki, Ermənistan ərazisinə kənardan hücum olanda Rusiya ordusu onlara kənardan kömək edə bilər. Amma indi vahid ordu yaratmaq məsələsinin gündəmə gəlməsi qorxulu  məsələdir. Əslində Rusiya qanunvericiliyi də buna yol vermir. Çünki Rusiyanın hərbi doktarinasına görə bütün hallarda Rusiya hər hansı bir addım atsa, strateji tərəfdaşı olduğu dövlətlərə bunun aidiyyati olmamalıdır.
Azərbaycanla  Rusiyanın arasında da strateji əməkdaşlıq, tərəfdaşlıq haqqında razılşma var”.
 
Politoloq daha sonra bildirib ki, bu, əslində Rusiyanın yenidən ikiüzlü siyasət yürütməsinə gətirib çıxarır:
 
“Bir tərəfdən Putin Türkiyəyələ yaxınlaşır, eyni zamanda da Türkiyə ilə kifayət qədər əks mövqedə olan Ermənistanla belə bir addım atır. Bu, sırf Azərbaycanla Türkiyəyə qarşı yönəldilmiş addımdır. Əgər belə bir müqavilə varsa, informasiya “utkası” deyilsə, bütün hallarda yaxşı bir iş deyil. Bu təkcə Rusiyanın mənəmmənəmlik siyasətinə xidmət etmir, eyni zamanda Rusiyanın özünü bir müharibə dövləti kimi təqdim etməsinə gətirib çıxarır. İstər istəməz vahid ordunun yaradılmasının arxasında bu durur”. 
 
Siyasi şərhçi prezident İlham Əliyevin cəbhə bölgəsinə səfərindən sonra Putinin belə bir sərəncam imzalamasının maraq doğruduğunu vurğulayıb:
 
“Nəzərə alsaq ki, Ermənistan kifayət qədər provakator bir dövlətdir. O zaman maraqlısı odur ki, Rusiyanın belə bir addımı Azərbaycan prezidentinin cəbhə bölgəsinə səfərindən sonra gündəmə gəldi. Nəzərə alsaq ki, Azərbaycan prezidenti orada bəyan etdi ki, Aprel döyüşləri təkcə Ermənistana yox, onun arxasında duranlara da aiddir. Bircə məsələ anlaşılmır ki, Rusiya bununla nə etmək istəyir? Putin nə istəyir, atdığı addımının arxasında hansı maraqlar durur? Çünki bu, birmənalı şəkildə Azərbaycan ərazisinə olan növbəti təhdiddir. Əgər həqiqətən də bu xəbərin arxasında bunların birgə fəaliyəti durursa, Rusiya birmənalı şəkildə Azərbaycan ərazi bütövlüyünü təhdid altına salır. Daha doğrusu, Azərbaycan ərazi bütövlüyünü birmənalı şəkildə qəbul etmir. Putinin sözləriylə əməlləri uyğun gəlmir”.
 
C.Nuriyev sonda vurğulayıb ki, Azərbaycan hökuməti təcili olaraq məsələ ilə bağlı tədbirlər görməldiir:
 
“Bütün hallarda belə bir məsələ varsa, Azərbaycan Parlamenti təcili toplanmalıdır, bütün dünya ölkələrinə müraciət etməliyik. Son iki yüz ildə dəfələrlə bizim ərazi bütövlüyümüzə olan təhdidlərin arxasında ancaq Rusiya durub. Və yenidən Azərbaycanı işğal etmək məsələsi gündəmə gəlirsə, bu, bizim üçün çox qorxulu məsələdir. Azərbaycan Xarici İşlər Nazirliyi nota verməlidir. Azərbaycan daxilində bütün media bunun üzərinə getməldiir. Azərbaycan daxilində olan bütün siyasi partiyalar, QHT-lər bir araya gəlməlidir və biz dünyaya car çəkməliyik. Bu, birmənalı şəkildə Azərbaycanın əleyhinə yönəlmiş bir addımdır”.