“Azərbaycan nüvə silahı haqda düşünməlidir”

Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan Ermənistanın nüvə silahı olduğunu deyib.
Virtualaz.org-un məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, o, bu açıqlaması ilə həm özünü, həm də Ermənistanı çətin duruma salıb. İndi rəsmi Yerevan hər yerdə izah etməlidir ki, onun nüvə silahı yoxdur, əks halda Ermənistan beynəlxalq aləmdə problemlərlə üzləşəcək.
Onun sözlərinə görə, Ermənistan o dövlətlərdən deyil ki, nüvə silahı olsun: "Ancaq Ermənistan uran əldə edib "çirkli bomba" hazırlaya bilər. "Çirkli bomba"nın hazırlanması çətin proses deyil. Terrorçular da belə bombaya maraq göstərirlər. İndinin özündə Ermənistan ordusu Tərtər və Ağdam rayonlarının bombardmanları zamanı qadağan olunmuş kimyəvi tozlardan - fosfordan istifadə edir".
Ekspertin fikrincə, Ermənistanın "çirkli bomba"ya maraq göstərməsi Qərb dövlətlərini ciddi narahat etməlidir: "Təsadüfi deyil ki, Avropa İttifaqı Ermənistanın nüvə silahına malik olması barədə bəyanatları araşdıracaq. Vaşinqton da Qrant Baqratyanın nüvə silahı ilə bağlı açıqlamasından narahat olub. ABŞ-ın nüfuzlu qəzetləri bu mövzuya məqalələr həsr ediblər. Ermənistanın "çirkli bomba"ya maraq göstərməsini həm də bir müddət öncə ermənilərin Gürcüstanla sərhəddən radiasiya komponentli maddələri keçirməyə çalışmaları da göstərir".
E.Şahinoğlu qeyd edib ki, ABŞ-dakı erməni lobbisi uzun onilliklər ərzində ermənilərin təzyiq altında olması barədə doğru olmayan rəy formalaşdırıb, Qərb ölkələrinin siyasi mərkəzlərindən müəyyən dəstək qazanıb, indi isə bir erməni deputat "nüvə silahımız var" deməklə lobbinin "bu əməyinin" üstündən xətt çəkib: "Əslində Qrant Baqratyanın "nüvə silahıyla Azərbaycanı və Türkiyəni durdurmalıyıq" ifadəsi həm də o deməkdir ki, Ermənistan Azərbaycanla müharibədən çəkinir, aprel döyüşlərinin təkrarlanmasından - məğlub olmaqdan qorxur, ona görə də nüvə silahı təhdidi ilə özünü "sığortalamaq" istəyir ki, Azərbaycan Dağlıq Qarabağ üzərindəki nəzarəti ələ keçirməyə çalışmasın. Ancaq Ermənistandakı mərkəzlər anlamırlar ki, İrəvanın hətta hipotetik olaraq nüvə silahı olsa belə, Azərbaycan Dağlıq Qarabağa nəzarət uğrunda mübarizədən əl çəkməyəcək".
Ekspertin fikrincə, əgər həqiqətən də Ermənistanda "çirkli bomba" peyda olsa, onda Azərbaycan da modern nüvə silahına sahib olacaq: "Ermənistanın nüvə silahı haqqında məlumatı sirr qala bilməzdi və belə bir məlumat həqiqətə yaxın olsaydı, Azərbaycanın nüvə silahı Ermənistandan daha öncə yaradılardı. Hindistan bir gün nüvə sınağı keçirdi və bütün dünyaya bəyan etdi ki, nüvə silahı var, üstündən 24 saat keçməmiş Hindistanla münasibətlərində problemi olan Pakistan da nüvə sınağı keçirdi və o da nüvə silahına malik olduğunu açıqladı.
Pakistan bu addımı ilə hərbi üstünlüyün rəqib dövlətin tərəfinə keçməsinə imkan vermədi və hər iki dövlətin kəşfiyyatı, o cümlədən alimləri bilirdilər ki, qarşı tərəf hansı işlə məşğuldur".
Politoloqun fikrincə, bu o deməkdir ki, bir gün Ermənistanda böyük və ya kiçik həcmli nüvə silahı və ya radiasiya komponentli "çirkli bomba" peyda olarsa, eyni və bəlkə də daha modern nüvə silahına Azərbaycan sahib olmaq məcburiyyətində qalacaq: "Bəlkə də rəsmi Bakı bu haqda indidən düşünməlidir".