​“Azərbaycan istəsə, bir gecədə İrəvana girər, amma…” - Ərdoğanın baş məsləhətçisi

 
“Müstəqilliyimizə, suverenliyimizə, torpağımıza, dövlətimizə göz dikənlərin şah damarını kəsərik”
Yalçın Topçu: “Azərbaycanla Türkiyə əkiz qardaşdır, birinin əlinə tikan batanda o biri ağrısını ürəyində hiss edər”
 
 
Xəbər verdiyimiz kimi, dünən Nizami kinoteatrında “Türk Filmləri Həftəsi”nin qala gecəsi baş tutub. “Türk Filmləri Həftəsi” ilə bağlı Türkiyənin tanınmış aktyor və rejissorlardan ibarət böyük bir heyət artıq bir neçə gündür ki, paytaxtımızda qonaqdır. Qonaqlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Yalçın Topçu da yer alıb.
 
Dünən baş tutan qala gecəsində Yalçın Topçu Moderator.az-ın bir neçə sualını cavablandırıb.
 
İlk öncə “Türk Filmləri Həftəsi”nin əhəmiyyətindən danışan Yalçın bəy bildirib ki, film siyasətdən də böyük təsirə, gücə malikdir: “Getdiyim Türk dövlətlərində uşaqların belə gözəl Anadolu ləhcəsində danışdığına şahid oluram. Olardan belə gözəl danışmağı kimdən öyrənmisiniz deyə soruşduğumda “TRT-dən bir serial gedirdi, o serialdan öyrəndik” cavabını alıram. Bu da o deməkdir ki, film uzun illər yürüdülən siyasətdən daha təsirlidir”.
 
 
 
 
Yalçın Topçu daha sonra “Türkiyədə hər hansı bir siyasi hadisə baş verdikdə bəzi politoloqlar “Türkiyədə növbəti bir çevriliş cəhdi baş verə bilər” fikrini irəli sürürlər. Türkiyə prezidentinin baş müşaviri olaraq sizdən soruşmaq istəyirik ki, ölkənizdə növbəti çevriliş cəhdi ola bilərmi?” sualımızı cavablandırıb:
 
“Bu gün 246 şəhidimiz var, 2000-dən çox qazimiz var. Qazilərimizin, şəhidlərimizin bir çoxuyla ta əvvəldən yaxından tanış olmuşam. Bu, onların içindən, ürəyindən gəlmiş bir missiya idi. Prezident iqamətgahının ətrafında şəhid olan uşaqların hardasa 6-7-si mənim daha əvvəl rəhbərlik etdiyim siyasi hərəkatın üzvləri idi və ya uşaqları idi. 18 yaşında Rüstəm orada can verdi, bir qız övladımızın atılan bombalardan başı qopub iqamətgahın içərisindəki mədəniyyət mərkəzinin damına düşdü. Gerçəkdən bu millət Sakaryadan, Çanakkaladan sonra yenidən bir dastan yazdı. Bu millət deyərkən Balkanlardan ta Çin səddinə qədər uzanan böyük bir coğrafiyanı nəzərdə tuturam. Baxın, bizim şəhidlərimizdən birinin xanımı Azərbaycandan idi, burada bizim bir şəhid yadigarı gəlinimiz var, 9 aylıq körpəsi ilə bərabər. Bir gün öncəki mətbuat konfransında həmin qızcığaz gəlib bizlə görüşdü. Necə ki, Çanakkalada bu millətin, azərbaycanlısı, qazaxıstanlısı, özbəkistanlısı, misirlisi həp bərabər, vahid millət olaraq mübarizə aparıbsa, Ankarada da 15 iyulda əslində bu yaşandı.
Orada da kürd, türkmən, çərkəz, laz demədən, Azərbaycandan, Türkmənistandan və s. gəlmiş insanlar  ay ulduzlu al bayraq yerə enməsin deyə canlarını ortaya qoydular. Çünki bu mədəni coğrafiyamızın tamamı bilir ki, Ankara çökərsə, mədəniyyət coğrafiyamız bundan zərər görər.
 
İndi bunlar burada Bakını narahat etməyə çalışırlar. Azərbaycanda yaşayan qardaşlarımız üçün erməninin gəlib onun torpağının yüzdə  iyirmisini işğal etməsi mümkünmü? Azərbaycan istəsə, bir gecədə İrəvana qədər gedər, buna gücü yetir. Amma erməninin arxasında indi bəlkə də azı 72 tərəfdaşı olduğu üçün torpaqları indi də işğal altındadır. Az əvvəl Şuşalı uşaqlarla bir yerdəydik, onlar ata-analarının doğulduğu torpaqları tanımırlar. Burada qaçqın olaraq doğuldular.
 
Dünya durduqca bizim millətimizə öcəşənlər olacaq, amma bizə öcəşənlər bunu bilsin ki, gerçəkdən biz qan tökməyi, dava etməyi sevən bir millət deyilik. Buna Allah şahiddir, tarix şahiddir, insanlıq şahiddir.  Orta Asiyadan, Tanrı dağlarından  endiyimizdən indiyədək bizim tariximizdə soyqırım, qətliam, qadınlara təcavüz, uşaqları öldürmək yoxdur. Amma bunlar əgər bizim müstəqilliyimizə, suverenliyimizə, torpağımıza, dövlətimizə göz dikərsə, o zaman onların şah damarını kəsərik”.
 
 
 
 
“Türkiyə hökumətinin Qarabağ mövzusunda Ermənistana göstərdiyi dirənişə görə hər zaman sinəmiz qabardı. Bəs siz Azərbaycan hökumətinin FETÖ-çulara qarşı apardığı mübarizəni necə qarşıladınız, yetərli hesab etdinizmi?” sualımıza da Yalçın Topçu aydınlıq gətirib:
 
“Azərbaycana hər gəldiyimdə sərbəst gəzirəm, bu mənim şəxsi xarakterimlə də bağlıdır. Bakıda yaşayan bir ailənin fərdi kimi universitetdə oluram, bazara gedirəm, küçəyə çıxıram, vəzifəmdən dolayı Azərbaycan hökumət nümayəndələri ilə də görüşürəm. Və məmnuniyyətlə görürəm ki, hörmətli prezident İlham Əliyevin davranışı, duruşu alt təbəqəyə qədər təsir edib. O, bir beynəlxalq toplantıda əlini masaya qoyub dedi ki, Türkiyə burada yoxdur, amma mən varam, ona görə danışın. Bu çox önəmlidir.
 
Biz millət olaraq tərif edilmişik, doğrudur, biz bir millətik. Sadəcə Azərbaycanla Türkiyə bir millət deyil, biz Balkanlardan Çin səddinə, Qalidcadan Yəmənə qədər bir millətik, vahid millətik. Ancaq bu millətin içərisində Azərbaycanla Türkiyənin bir özəlliyi var. Necə ki, bir evdə 7-8 qardaş olar, ancaq onların içərisində bir cütü əkiz qardaşlar olar. Baxın bu əkizlər bambaşqadır, birinin bir tərəfinə tikan batsa, digəri ağrısını ürəyində hiss edər. Azərbaycanla Türkiyə belədir, Bakının dizinə tikan batsa, Ankara ürəyində hiss edər, Ankaranın əlinə tikan batsa, Bakı ürəyində hiss edər. Bunu zatən dövlət adamları da hər ortamda göstərirlər.
İki gün öncə xarici işlər nazirimiz Mövlud Çavuşoğlu dedi ki, “Biz sizə demədikmi Qarabağın işğalına son verin, qapılarınızı açaq, sizin də qarnınıza çörək getsin. Siz dediniz ki, nəyə görə Azərbaycanı şərt qoyursuz, biz də sizə dedik ki, Azərbaycanın məsələsi bizim məsələmizdir”.

Загрузка...
Загрузка...