“Azərbaycan informasiya müharibəsində qalib gəlməyi bacarmalıdır” – SƏRDAR CƏLALOĞLU

 “Azərbaycan informasiya müharibəsində qalib gəlməyi bacarmalıdır” – SƏRDAR CƏLALOĞLU“Ermənilərin hər bir provakasiyasının qarşılığında Azərbaycan ən azı bir rayonu tam azad etməlidir”
 
“Rusiya sadəcə olaraq situasiyanı özünə əlverişli olan bir şəraitə gətirib çıxarmaq istəyir”
 
“Rusiya əvvəlki illərdən fəqli olaraq artıq bir hərbi çəmbər içərisindədir...”
 
“Artıq Rusiyanın parçalanmasından söhbət gedir”
 
Azərbaycan Ordusunun cəbhədə erməni təxribatına cavab olaraq apardığı uğurlu əməliyyat hazırda bütün dünyanın diqqət mərkəzindədir. Şimal qonşumuz Rusiya istisna olmaqla, istər digər qonşu ölkələr, istər də əksər nüfuzlu dövlətlər açıq və dolayı şəkildə Azərbaycanın haqlı tərəf olduğunu bəyan etdilər. Ən azı ona görə ki, Azərbaycan 23 ildən çoxdur işğal olunan torpaqlarının uzun müddət erməni tapdağı altında qalmayacağını nümayiş etdirdi.
Odur ki, hakimiyyətin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində göstərdiyi səylər cəmiyyətdə də ciddi dəstək qazandı. Belə ki, hətta radikal adlandırılan müxalif partiyalar belə, bu məsələdə ölkə başçısının yanında olduqlarını bəyan etdilər. Maraqlıdır, torpaqlarımızın azadlığı uğrunda Azərbaycan cəmiyyətində əldə olunan həmrəylik ölkədə ciddi siyasi islahatların aparılmasına da təkan verə bilərmi?
Bu və ya digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
 
-Gözləmək olardı ki, İlham Əliyev Amerikadan qayıdandan sonra ölkədə hansısa ciddi addımlar atacaq, islahatlar həyata keçirəcək. Bunun ilk və ən radikal əlaməti ölkədə parlamentin buraxılaraq, yenidən demokratik parlament seçkilərinin keçirilməsi olar. Çünki ölkədə demokratikləşməni həyata keçirə biləcək yeganə güc mərkəzi kimi yalnız parlament çıxış edə bilər. Neçə ki, parlament saxta yolla formalaşıb, neçə ki, parlamentdə xalq və dövlət maraqlarına xidmət edən insanlar oturmayıb, Azərbaycan dövlətinin kəskin siyasi kurs dəyişdirmək imkanı yoxdur. Dəyişdirilərsə, bu avantura olar və çox ağır nəticələrə gətirib çıxara bilər.
 
-İndiki vəziyyətdə iqtidar-müxalifət dialoqunun təkrar gündəmə gəlməsi mümkündür?
 
-Əslində dialoq bütün cəmiyyətlərdə, bütün şəraitlərdə vacibdir, zəruridir və qaçılmazdır. Hətta müharibələrin sonu belə, dialoqa gəlir. Bu gün əgər biz Ermənistanla dialoqa gediriksə, təbii ki, daxildə də siyasi qüvvələr milli problemlərin həllində bir yerdə çıxış etməyi bacarmalıdırlar. Yoxsa, tutaq ki, bu gün Azərbaycan hansısa bir addım atsın, biz də o addımın əleyhinə çıxışı edək, bu cür yolla uzun müddət getmək olmaz. Yəni əgər bu gün Azərbaycan hakimiyyəti səmimi şəkildə Qərbyönlü və Amerikayönlü siyasət aparacaqsa, Azərbaycan müxalifəti də iqtidarı birmənalı şəkildə dəstəkləməlidir.
 
-Sizcə, Azərbaycan atəşkəs razılaşmasına imza atmayıb, torpaqların işğaldan azad edilməsi istiqamətində ardıcıl əməliyyatlar həyata keçirsəydi, Rusiya tərəfindən ciddi təzyiqlərlə üzləşə bilərdi?
 
- Əvvəla, beynəlxalq hüquqa görə işğala məruz qalan ölkənin işğal olunmuş ərazilərini azad etmək hüququ var. Yəni bu məsələdə Azərbaycan müstəqildir və heç kəs öz ərazilərimizi işğaldan azad etdikdə, bizə güldən artıq bir söz deyə bilməz. İkincisi, atəşkəs rejimi birmənalı şəkildə Ermənistan tərəfindən pozulur. Əgər bu gün Rusiya Ermənistana deyə bilmirsə ki, Azərbaycan ərazilərini atəşə tutma, onda Azərbaycana deməyə ixtiyarı yoxdur ki, sən niyə ermənilərə qarşı atəş açırsan...?! Əslində, erməniləri qısqırdan da Rusiyadır. Rusiya sadəcə olaraq situasiyanı özünə əlverişli olan bir şəraitə gətirib çıxarmaq istəyir. Yenə də Ermənistanla Azərbaycan arasındakı münaqişə fonunda aparıcı bir fiqur kimi çıxmaq, Qafqazda bir qədər də mövqeyini möhkəmləndirmək istəyir. Son günlər Türkiyənin, Amerikanın da bu məsələlərə reaksiyası bununla bağlıdır. Amma Rusiya uzun müddət bu cür hərbi intriqalarla, hərbi müdaxilələrlə öz təsirlərini həyata keçirə bilməz. Müasir dünya tələb edir ki, beynəlxalq hüquqla öz gücünü, qüvvəni bildirəsən. Rusiya özü Gürcüstanda, Ukraynada, Suriyada bunu nümayiş etdirdi. Bundan əlavə, Sovet hökuməti Əfqanıstanda eyni siyasəti apardı və təcrübə göstərdi ki, bu siyasətin heç bir nəticəsi yoxdur, əksinə bununla Rusiya uduzur. İndi artıq Rusiyanın parçalanmasından söhbət gedir. Hətta Medvedyev səviyyəsində Çin və Rusiyanın torpağı və əhalini birləşdirməsi haqda müzakirələr aparılır. Yəni faktiki olaraq çinliləri Rusiya ərazisinə yerləşdirməkdən söhbət gedir. Bu da Rusiyanın bir dövlət kimi parçalanması deməkdir. Çünki bu hərbi avanturanın qabağında dövlət dayana bilmir. İqtisadi cəhətdən tükənib, blokadaya alınıb, neftin qiyməti durmadan aşağı düşür, belə bir vəziyyətdə Rusiyanın uzun müddət aqressiv siyasət aparması mümkün deyil.
 
-Belə demək olar ki, Azərbaycan Qarabağın və ətraf 7 rayonun işğaldan azad olunması üçün yaranmış fürsəti qaçırdı?
 
-Mənə elə gəlir ki, ermənilərin hər bir bu cür provakasiyasının qarşılığında Azərbaycan ən azı bir rayonu tam azad etməlidir. Gücümüz də var. Birinci növbədə Füzuli azad olunmalıdır. Çünki Füzuli rayonu vasitəsilə ermənilər Ermənistanla əlaqələri yaratmaq baxımından geniş imkanlar əldə edir. Və Azərbaycan atdığı addımların hüquqi və siyasi bazasını da kifayət qədər yaratmalıdır. Bilirsiniz ki, bu hadisələrdən sonra dünyada bir informasiya müharibəsi gedəcək. Bu müharibədə qalib gəlmək lazımdır. Yəni 5 rayonu azad etmək kifayət deyil. Bu, əraziləri azad etmək demək deyil. İnformasiya müharibəsində Azərbaycan qalib gəlməyi bacarmalıdır. Bunun üçün, birinci, bütün diplomatik korpuslara baş verən hadisələrin mahiyyəti izah olunmalıdır, faktlar təqdim olunmalıdır. Beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın fəaliyyəti əsaslandırılmalıdır. Eyni zamanda Ermənistanın hərəkətləri ifşa olunmalıdır. Yəni, əgər biz informasiya müharibəsində uduzacağıqsa, cəbhədəki mübarizəmizin heç bir əhəmiyyəti olmayacaq. Digər tərəfdən, Azərbaycan hökuməti Qərbdən və Amerikdan torpaqların azad edilməsi ilə bağlı - necə ki Ukraynaya, Gürcüstana dəstək verilir - birmənalı dəstək almalıdır. Amerika birmənalı şəkildə necə deyirsə ki, Krım Ukraynaya qaytarılmalıdır, Dağlıq Qarabağın Azərbaycana qaytarılması, işğal olunmuş ərazilərdən Ermənistanın çıxması məsələsini də birmənalı şəkildə qoymalıdır. Bu cür dəstək verilərsə, bu cür kömək olunarsa Azərbaycan öz ərazilərinin işğaldan azd edilməsində daha arxayın şəkildə irəliyə gedə bilər.
 
- Bu halda Rusiya Azərbayacan qarşı açıq savaşa başlaya bilər?
 
-Mənə elə gəlir ki, hətta biz öz ərazilərimizi işğaldan azad etməsək belə, Rusiya bəhanə tapıb, bizə qarşı hər hansı hərbi əməliyyat apara bilər. Hətta baxın, Putin bu yaxınlarda bir bəyanat verdi ki, biz İranda yaşayan azərbaycanlıların hüquqlarını qoruyacağıq. Soruşan olmadı ki, sən kimsən azərbaycanlıların hüquqlarını İranda qoruyursan?! Bundan əvvəl – 40-cı ildə İranla Sovet arasında bağlanmış müqavilələrə istinad edirlər. Halbuki Sovet hökuməti də dağılıb, İran şahlığı da dağılıb. Yeni hüquqi situasiya yaranıb. Bu bölgədə müstəqil Azərbaycan dövləti var. Ona görə də həmin müqavilələrin heç bir hüquqi gücü yoxdur. Amma Rusiya hətta tarixin qədim vaxtalarından hansısa bir müqaviləni çıxarıb, o müqaviləni bəhanə edib, bu addımı ata bilər. Rusiyanın hərəkətlərində hüquq heç vaxt gözlənilməyib. Amma dünya da əvvəlki dünya deyil. Rusiya həm Ukrayna ilə, həm Azərbaycanla eyni vaxtda vuruşmaz. Bilirsiniz ki, Azərbaycanla münaqişə vəziyyətinə keçsə Türkiyə əvvəlki illərdən fəqli olaraq Azərbaycana açıq şəkildə hərbi dəstək verəcək. Bunun Rusiya ekspertləri də təhlil edib. Yəni bu Rusiya üçün asan bir şey olmayacaq. O tərəfdən Amerika artıq qoşunlarını Rusiyanın sərhədlərinə yığır. NATO Rusiyanın sərhədlərinə kifayət qədər yaxınlaşıb. Yəni Rusiya əvvəlki illərdən fəqli olaraq artıq bir hərbi çəmbər içərisindədir. Belə bir vəziyyətdə Rusiyanın yeni bir hərbi müdaxiləyə, münaqişəyə cəlb olunması Rusiyanın dövlət kimi süqutuna gətirib çıxara bilər.
Ayxan İLDIRIMTÜK