AZƏRBAYCAN HƏBSXANALARINDA 7 MİN GÜNAHSIZ İNSAN VAR! – Generaldan dəhşət saçan statistika

 

 
Hazırda Azərbaycan həbsxanalarında 7 mindən çox günahsız insan var! Dəhşət saçan bu statistik məlumatı, nə qədər qəribə olsa da, Azərbaycanın çox önəmli dövlət orqanlarından birinin rəhbəri bir qrup şikayətçi ilə görüşündə dilə gətirib!
 
Həmin görüşdə iştirak edən şikayətçilərin bir neçəsi “AzPolitika.info”nun redaksiyasında olarkən bu barədə danışıblar. Onların dediyinə görə, bu yaxınlarda, adını müəyyən səbəblərdən çəkmək istəmədiyimiz məmurun qəbulunda olublar. O, şikayətçiləri iş gününün bitməsinə az qalmış qəbul edib, arada səmimi atmosfer yarandığından söhbət 3 saata qədər davam edib. Hər kəs öz problemi barədə ətraflı danışıb. Yüksək çinli məmur, şikayətçilərdən biri övladının qanunsuz və əsassız həbsi barədə danışarkən, bu şokedici məlumatı dilə gətirib. Bildirib ki, özü şəxsən araşdırtdırıb, Azərbaycan həbsxanalarında 7 mindən artıq günahsız insan var!
 
Dilə gətirilən bu statistika reallığı əks etdirirsə, dəhşətli bir hüquq, ədalət böhranından xəbər verir – ÖLKƏDƏKİ HƏR 3 MƏHBUSDAN 1-i GÜNAHSIZDIR!
 
Xatırlatmaq yerinə düşər ki, London Universiteti nəzdində fəaliyyət göstərən Cinayətkar Siyasət Tədqiqat İnstitutu (ICPR) və Dünya Həbsxana Xülasəsi (WPB) təşkilatları tərəfindən hazırlanan hesabatda bildirilir ki, hazırda Azərbaycanda 22526 məhbus var. 2010-cu ildə bu rəqəm 21971 olub.
 
“AzPolitika”nın qısa şərhi: Əlbəttə, burda işin sensasiya doğuran tərəfi Azərbaycan həbsxanalarında minlərlə günahsız insanın olduğu barədə məlumat deyil – BU, ÇOXDAN MƏLUMDUR! Sadəcə bu gerçəkliyi yüksək vəzifəli generalın dilə gətirməsi gözlənilməz olub.
 
Azərbaycanda günahsız insanların kiminsə sifarişi, istintaq orqanı əməkdaşlarının səriştəsizliyi, hakimlərin vicdansızlığı kimi səbəblər ucbatından həbsxanalara atıldığına dair yetərincə konkret faktlar, məlumatlar var. (Məsələn, Şərurun polis rəisi Salman Vəliyevin arvadına yiyələnmək üçün qətldə ittiham edərək həbsə atdırdığı Yusif Əmirovun fəryadı hələ də qulaq batırmaqdadır. Bu şəxs 10 illik həbsdən sonra haqqını arayır, amma dinləyən, eşidən yoxdur-red.)
 
Bu səbəbdən əminliklə demək olar ki, Azərbaycanın ən böyük problemlərindən biri, bəlkə də birincisi ƏDALƏT ÇATIŞMAZLIĞIDIR! Azərbaycan məhkəmələri qətiyyən ədalətin təmin olunduğu məkanlar deyil! Əksinə, ən ağılasığmaz ədalətsizliklər bəzən məhz burda – MƏHKƏMƏLƏRDƏ baş verir!
 
Uzağa getməyək, götürək “MTN işi”ni. Məlum olur ki, Eldar Mahmudovun nazir olduğu dövrdə yüzlərlə, minlərlə insan MTN repressiyalarının qurbanı olub. Yüzlərlə günahsız adama “torba tikilib”, onlar barəsində saxta cinayət işləri təşkil olunub, barələrində ağır cəza qərarları verilib. Bütün bunları isə, Mahmudovçu MTN-çilər tək yox, məhz vicdansız, cinayətkar məhkəmə hakimlərinin iştirakilə həyata keçiriblər. Lakin bugünə qədər 1 nəfər də olsun məhkəmə hakimi MTN-lə qanunsuz, cinayətkar işbirliyinə görə məsuliyyətə cəlb olunmayıb.
 
Azərbaycanda islahatlar ilk növbədə məhkəmələrdən, hüquq-mühafizə orqanlarından başlamalıdır! Minlərlə günahsız insanın həbsxanalara doldurulması hakimiyyətin nəyinə lazımdır? Əlbəttə ki, hakimiyyətə bu lazım deyil! Məsələn, hansısa icra başçısının qanunsuz əməllərini ifşa edən bir şəxsin, həmin icra başçısı tərəfindən tutdurulmasından hakimiyyət nə qazana bilər? Əlbəttə ki, heçnə! Əksinə, onun ədalətinə, dövlətin aliliyinə inam sarsılar. Lakin Azərbaycanda nəzarət mexanizmləri işləmədiyindən həmin icra başçısı çox asanlıqla öz şəxsi düşmənini tutdurur, məhkəməni də satın alaraq, ağır cəza verilməsinə nail olur.
 
Siyasi motivli həbslərə gəlincə, bu yerdə onları bir kənara qoymaq olar. Açıqlanan son siyahıya görə, həbsində siyasi motivin olduğu iddia olunan insanların sayı 150 nəfər ətrafındadır. Bu, 7 minin neçə faizi edir? Təxminən 2 faizi! Demək ki, ümumilikdə hüquq, ədalət sistemi böhran keçirir! Hüquqi bərabərliyin, ƏDALƏTİN olmadığı, təmin olunmadığı cəmiyyətdə isə, heç bir inkişafdan söhbət gedə bilməz!