Azərbaycan "Formula 1"ə görə 100-dək təcili yardım maşını aldı

"Yeniyetmələr arasında beynəlxalq futbol çempionatı və "Formula 1" yarışlarında idmançılara, xarici ölkələrdən gələn azarkeşlərə və tamaşaçılara ilkin tibbi yardım etmək üçün Təcili Tibbi Yardım Stansiyanın tibbi heyətinin hazırlıq məşğələlərinin keçirilməsi nəzərdə tutulub".
Turaninfo.az Virtualaz.org-a istinadən bildirir ki, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Naǧıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, respublika üzrə bütün tibbi yardım stansiyaları ötən il keçirilən Avropa oyunlarında sıx iştirak ediblər: "Bu il keçiriləcək beynəlxalq oyunlar üçün 100-ə yaxın yeni təcili tibbi yardım avtomobili gətirilib. Yarışlarda zəruri hallarda hər kəsə ilkin tibbi yardım etmək üçün stansiyanın kifayət qədər işçi heyəti var".
Baş həkim onu da qeyd edib ki, I Avropa oyunlarında stansiyanın 200-ə yaxın seçilmiş həkimi təlim kurslarına cəlb edilib: "Həmin həkimlər bu il də təlimlərə cəlb olunacaq. Ehtiyac olarsa, əlavə briqada cəlb ediləcək".