Azərbaycan filmlərində çəkilən yazıçı və jurnalistlər- MARAQLI

 
 
Azərbaycan kinosunun hər zaman dünyaya çıxarıla biləcək ekran nümunələri  və orada ustalıqla çıxış edən peşəkar aktyor heyəti olub. Amma onlarla yanaşı, ara-sıra peşəkar aktyor olmayanlar da filmlərimizdə rol alıb. Aralarında yazıçı və jurnalistlərimiz də var ki, Moderator.az onlardan bir neçəsini təqdim edir:
 
Yazıçı İsi Məlikzadə 1985-ci ildə lentə alınan “Atları yəhərləyin”, filmində epizodik rolda çəkilib. Qaçaq Nəbidən bəhs edən və üç dəfə adı dəyişilən filmin  rejissoru Şeyx Əbdül Mahmudbəyovun öz xatırlatmasına əsasən İsi Məlikzadənin filmə cəlb olunması maraqlı bir hadisə sayəsində baş verib: filmdə Qaçaq Nəbinin varlı tacirlərdən parçaları alıb kasıb kəndlilərə paylanılması səhnəsi yəqin ki, hamımızın yadındadır. Oradakı tacirlərdən biri olan İsi Məlikzadəni əvvəlcə yarızarafatla desək, dəvə “seçib”. Çünki çəkiliş zamanı çəkilən dəvələrdən biri uzun müddət gözünü filmin redaktoru olan yazıçıdan çəkmir.  Bu epizodu hamı gülüşlə qarşılayır. Amma rejissorun beyninə bu zaman maraqlı bir fikir gəlir. İsi Məlikzadəyə deyir ki, bəlkə, elə sən çəkiləsən. Olmasın dörd tacir, olsun beş tacir.  Nə isə yazıçının saqqızını oğurlayaraq onu filmə çəkirlər.
 
Tanınmış yazıçı, rusdilli ədəbiyyatın nümayəndəsi Natiq Rəsulzadə xalq yazıçısı Maqsud İbrahimbəyovun 1977-ci ildə lentə aldığı "De ki, məni sevirsən" filmində yer alıb.
Film 1977-ci ildə "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Maqsud İbrahimbəyovun həm kino aləmində debütü, həm də diplom işidir. Filmin ssenarisi də onun özünə aiddir. Filmdə gənclərlə yanaşı, Məlik Dadaşov, Tələt Rəhmanov, Nodar Şaşıqoğlu, Larisa Xələfova kimi tanınmış aktyorlar da çəkiliblər. Baş rolun ifaçısı isə yazıçı Natiq Rəsulzadədir. O, filmdə müstəntiq Natiq obrazını canlandırıb.
 
Kinopovestdə cinayət axtarışı əməkdaşları tərəfindən qiymətli balıq növlərinin qanunsuz ovlanmasının təhqiqindən, nəinki maddi, həm də mənəvi ziyan vuran brakonyerlərin ifşa olunub həbs edilməsindən söhbət gedir. Filmin gənc qəhrəmanları - dəniz sahilindəki qəsəbəyə istirahətə gələn Samir və Səbinə istər-istəməz istintaqa kömək edirlər. Burada eyni zamanda şəxsi və ictimai münasibətlər probleminə toxunulur, milis işçilərinin fədakar əməyindən, öz işinə sadiq adamlardan, gənclərdən söhbət açılır. Filmin baş qəhrəmanı olan müstəntiq Natiqi isə mərhum aktyor Şahmar Ələkbərov səsləndirir.
 
Nə qədər qəribə də olsa, Xalq yazıçısı Anar da özünün məşhur povesti əsasında çəkilən eyniadlı “Dantenin yubileyi” filmində epizodik kadra çəkilib. Filmdə Kəbirlinskinin zəif çıxış etdiyi tamaşadan sonrakı müzakirədə bəstəkar Emin Sabitoğlu ilə birlikdə Anarı da görə bilirik. O, ironiya ilə müzakirələrə qulaq asır, gənc tənqidçinin bəzi aktyorların ünvanına “kötüklər” deməsini replika ilə qarşılayır.
 
Yazıçılarla bərabər, jurnalistlər də filmlərimizdə çəkiliblər. Onların arasında Elçin Şıxlının da adı var. O, atası İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında çəkilən “Dəli Kür” filmində rol alıb. Mollaxanada əqrəb səhnəsində haray-həşir salanlardan olan Elçin Şıxlı o filmin sonundakı kütləvi mənzərə səhnələrində də yer alıb.
 
Daha bir ustad jurnalist Qulu Məhərrəmli 2003-cü ildə çəkilən “Dəvətnamə” filmində epizodik  biznesmen rolunu oynayıb.
“Dəvətnamə” yazıçı-jurnalist, elm xadimi Aqşin Babayevin eyni adlı əsərinin motivləri üzərində çəkilib. Filmin rejissoru xalq artisti Ramiz Həsənoğludur. Filmdə bir çox tanınmış aktyorlar çəkilib: baş rolun ifaçısı Fərhad İsrafilov (Cəfər), Səyavuş Aslan, Yaşar Nuri, Cahangir Novruzov, Səidə Quliyeva və s.
Qulu Məhərrəmlinin çəkilişə cəlb olunması isə sırf təsadüf nəticəsində baş verib. Telejurnalistin biznesmen roluna çəkilməsinə səbəb isə kinostudiyanın həyətində saxladığı “Nissan” markalı maşını olub.
Q.Məhərrəmli filmə dəvət alınmağının maraqlı tarixçəsindən danışarkən bunları qeyd edir: Maşınımı kinostudiyanın həyətində yumağa saxlamışdım. Belə başa düşdüm ki, çəkiliş üçün maşın lazım olub. Çünki o vaxt xarici maşınlar şəhərdə az idi. Mənim “Nissan”ımı görən rejissor Ramiz Həsənoğlu təklif etdi ki, gəl, səni də biznesmen rolunda çəkək. Tərəf müqabilim də Yaşar Nuri (Əkbər) idi. Filmdə o, maşını yuyur, mən də gəlib deyirəm ki, təkərləri niyə qaraltmamısan? Yaşar da pulun azlığından gileylənir. Əlimlə jest edirəm ki, götür pulunu get burdan...
 
Elmin Nuri

Загрузка...
Загрузка...