“Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya formatı olmalıdır” - MÜSAHİBƏ

 

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və işlətmə kafedrasının müəllimi, politoloq Nazim Cəfərsoy yaradılması nəzərdə tutulan Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatı ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
 
– Belə bir əməkdaşlıq formatının yaradılmasına münasibətiniz nə cürdür?
– Bu formatın yaradılmasına münasibətim müsbətdir. Bunun vacib olduğunu mən hələ 1,5 il bundan əvvəl Türkiyədən yayımlanan “EkoAvrasiya” dərgisində yazdığım yazıda təklif etmişdim. Dərginin 2015-ci ilin birinci, ümumilikdə 29-cu sayında dərc olunan “Putinin Türkiyə ziyarətindən nə anlamalıyıq?” başlıqlı məqaləmdə qeyd etmişdim ki, belə bir formatın yaradılması mümkündür. O yazıda Qarabağ məsələsinin həlli yollarını özündə ehtiva edən Azərbaycan-Ermənistan-Rusiya-Türkiyə əməkdaşlıq formatı modelini də irəli sürmüşdüm. Bir müddət sonra gündəmə gəlsə, heyrətlənməyin (gülür –  S.Həmid). Yazıda qeyd etmişdim ki, Putinin səfərinin Cənubi Qafqazdakı güc balansına və Qarabağ məsələsinə təsir edəcəyinə dair hələlik konkret bir işarə yoxdur. Bəlkə də, bunun üçün ilk mərhələdə İŞİD təhlükəsi, Ukrayna böhranı və enerji əməkdaşlığı kimi mövzuları müzakirə edəcək Azərbaycan-Rusiya-Türkiyə üçlüyündən ibarət yeni bir formata ehtiyac var. Ayrıca, Cənubi Qafqazda təhlükəsizlik və sülh məsələsində Qarabağ probleminin həllini güdən Azərbaycan-Ermənistan-Rusiya-Türkiyə dördlüyündən ibarət yeni bir formatın qurulması gərəkdir. Minsk qrupunun nəticəsiz və getdikcə özünü mənasız hala gətirən çabaları nəzərə alındıqda, Azərbaycan-Ermənistan-Rusiya-Türkiyə dördlüyü çox daha anlamlı ola bilər.
 
– Yeni formatın perspektivini necə görürsünüz?
– Bu format hələ rəsmi olaraq qurulmayıb. Ancaq hər 3 ölkənin siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı üçün yetərincə əsas var. Rəsmi qurulduqdan və ümumi çərçivəsi cızıldıqdan sonra bu barədə daha konkret məqamlar demək olar.
 
– Yaradılması nəzərdə tutulan əməkdaşlıq formatı hər üç ölkəyə və onun xalqlarına nə verəcək?
– Mənə elə gəlir ki, bu format bölgədə təhlükəsiz əməkdaşlıq və rifah mühitinin yaradılmasına kömək edə bilər.
 
– Bu çərçivədə əməkdaşlığın Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı təsirləri, töhfəsi olacaq?
– Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatı, xüsusən də, bölgədə Qarabağ barədə Rusiyanın mövqeyinin Azərbaycan və Türkiyə ilə daha çox uzlaşdırılmasına xidmət edə bilər. Ancaq şəxsən mən Qarabağ məsələsinin həllində effektiv olması üçün bu 3-lük formatının işə düşməsindən bir müddət sonra yeni bir dördlük formatının qurulmasının vacib olduğunu düşünürəm. Az öncə qeyd etdiyim kimi, bu fornat da Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya formatı olmalıdır. Minsk qrupunun mövcud səmərəsiz fəaliyyəti fonunda dördlük modeli daha effektiv nəticələr əldə edə və Qarabağ məsələsinin ədalətli həllinə imkan yarada bilər.
 
Ümumiyyətlə, ikitərəfli əlaqələrdə kritik sahə olan Qafqazlar mövzusunda da artıq ilk addım atılmış durumdadır və məhz bu bunun nəticəsi olaraq Azərbaycan-Türkiyə-Rusiya üştərəfli əməkdaşlıq formatı qurulacaq. Bu format hər üç ölkəyə üçtərəfli formatda əlaqələrini yumuşaltma və əməkdaşlıq etmə imkanıını təmin edəcək. Bu format Qarabağ məsələsində xüsusən Rusiyanın mövqeyinin yumşalmasında faydalı ola bilər. Fəqət sonrakı mərhələdə Qarabağ probleminin həlli üçün Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya dördtərəfli formatının da qurulmasına ehtiyac olacaq. Ayrıca Türkiyə-Gürcüstan-Rusiya formatının qurulması gərəkdir.