​Azərbaycan elminə ağır itki üz verib

 
 
Kimya elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, əməkdar elm xadimi Akif Həmid oğlu Əzizov vəfat edib.
 
Oxu.Az xəbər verir ki, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutundan Report-a verilən məlumata görə, alim bu gün dünyasını dəyişib.
 
Əzizov Akif Həmid oğlu 1943‐cü il noyabrın 2‐də Ağdərə rayonunun Umudlu kəndində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub (1960), M.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilib və MDU‐nun Kimya fakültəsini bitirib (1966).
 
A.Əzizov 1971‐ci ildə kimya üzrə fəlsəfə doktoru və 1991‐ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1992‐ci ildə professor elmi adını alıb. 2001‐ci ildə AMEA‐nın müxbir üzvü, 2014‐cü ildə isə həqiqi üzvü seçilib.
 
A.Əzizov aspirantura təhsilindən sonra elmi fəaliyyətinə Azərbaycan EA‐nın Neft‐Kimya Prosesləri İnstitutunda başlayaraq kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri, şöbə müdiri, 1988‐2014‐cü illərdə direktorun elmi işlər üzrə müavini vəzifələrində işləyib.
 
A.Əzizov neft kimyası, kataliz və yüksək molekullu birləşmələr kimyası sahələri üzrə tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft‐kimya sintezi proseslərində metalkompleks və metalüzvi katalizatorların tətbiqi, oliqomerləşmə və polimerləşmə prosesləri üçün katalitik sistemlərin yaradılması, bir sıra yeni monomer və reaksiyaya qabil oliqomerlərin alınmasının, neft‐kimya və neft emalı proseslərində ion‐maye texnologiyalarının və s. elmi əsaslarının işlənib hazırlanması təşkil edib.
 
A.Əzizov 600-dən çox elmi və publisistik əsərin, o cümlədən 73 müəlliflik şəhadətnaməsi və patentin, 20 monoqrafiya və kitabın müəllifidir. Onun elmi əsərlərinin 350‐si xaricdə çap olunmuşdur. Tanınmış beynəlxalq jurnallarda onun əsərlərinə istinad olunur. A.Əzizovun rəhbərliyi altında kimya üzrə 15 fəlsəfə doktoru, 3 elmlər doktoru müdafiə etmişdir.
 
Allah rəhmət eləsin!