Azərbaycan dövlətinin güvəndiyi General – Ramil Usubov

Azərbaycan polisinin tarixi çox da uzaq deyil
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi.
Əvəzində “milis” adlandırılan bir qurum yaradıldı. Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan d-ha çox bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilmişdi. Sovet mili- si mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynamışdır.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirildi. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olmuşdur.
Polisin sıralarında xeyli sayda Milli Qəhrəman adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Prezident H. Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.
Bayram ərəfəsində əsasən general-polkovnik Ramil Usubovdan danışmaq istərdik. Daxili işlər nazirinin indiyə qədər həm Heydər Əliyev, həm də İlham Əliyevə göstərdiyi sədaqətlilik uzun illər araşdırılacaq. Bu əsnada isə bildirək ki, Daxili İşlər naziri Ramil Usubovun nazir təyin olunmasının 22 illiydir. Bu illər ərzində Ramil Usubova qədər respublika daxili işlər naziri vəzifəsini 25 nəfər tutub. Hazırkı nazirə qədər bu yüksək postda ən çox əyləşənlər Arif Heydərov (19.03.1970-20.07.1978) və Cəfər Vəliyev (04.11.1978-06.04.1987) olub.
82 il ərzində 25 nəfərin nazir olduğunu nəzərə alsaq, orta hesabla hərəyə üç il düşür. Ramil Usubovun stajı isə orta statistik rəqəmi təxminən 5,6 dəfə üstələyir. Ona görə də kiminsə istəyindən asılı olmayaraq Azərbaycan polisinin tarixindən ona rəhbərliyin Ramil Usubov dövrü qırmızı xətlə keçir. İllər sonra belə Azərbaycan polisinin tarixi tədqiq olunarkən bu dövrü araşdırıb obyektiv qiymətləndirmədən keçinmək mümkün olmayacaq. Bu dövr həm də ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan müasir müstəqillik dövrünün tərkib hissəsi olduğundan araşdırmaçılar mütəmadi olaraq DİO-nun müstəqilliyin qorunub saxlanmasındakı və sabitliyin bərpa olunmasındakı rolunu qiymətləndirəcəklər. Və əlbəttə ki, nazirin idarəetmə qabiliyyətindən, dövlətə və dövlətçiliyə sədaqətindən, peşəkarlığından mütləq söhbət açılacaq.
1988-ci ildə başladılan Dağlıq Qarabağ münaqişəsi ilə Azərbaycanın ərazi bütövlüyünə qəsd edildi. Respublika sürətlə zülmət qaranlığın hakim kəsildiyi, xaos və anarxiyanın tüğyan etdiyi sonu görünməyən məchulluğa yuvarladıldı. Bu dəhşətli vəziyyət ümummilli liderin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışınadək davam etdi. Zaman böyük öndərin üzərinə tarixi missiya qoymuşdu. O, Azərbaycan xalqını və dövlətçiliyini xilas etməli idi. 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev Bakıda ancaq onun çiyinlərinin tab gətirəcəyi ağır, həlli müşkül, bəzən də mümkünsüz görünən vəzifələrin icrasına başlayarkən gözü arxada – Naxçıvanda qalmışdı. Çünki ümummilli liderin mərkəzi hakimiyyətə gəlişindən çox ciddi əndişələnən destruktiv qüvvələr muxtar respublikanı qarışdırmağa başlamışdılar. Qanunsuz silahlı birləşmələr və bandalar ictimai təhlükəsizliyə, asayişə qənim kəsilmişdilər. Siyasi ambisiyaların quluna çevrilən bu qüvvələr “havalanmış başlar”ı ilə “dövlətlə dövlətçilik” edə biləcəkləri qənaətinə gəlmişdilər. Bir tərəfdən də Ermənistanın ardı-arası kəsilməyən hücumları Naxçıvanda çox təhlükəli, daha dəqiq desək, qorxunc bir vəziyyət yaratmışdı. Belə bir vəziyyətdə – 1993-cü il iyulun 2-də ölkə rəhbəri Ramil Usubova telefonla deyir: “Ramil, mən bura gələndən sonra Naxçıvanda vəziyyət dəyişib. Sən 1987-89-cu illərdə orada işləmisən. Şəxsi heyət arasında hörmətin olduğu barədə məlumatım var. Camaat da səni tanıyır. Səni ora daxili işlər naziri göndərirəm. Təcili get, işləri yoluna qoy”. Şübhəsiz, ölkə rəhbəri bu qərarı qəbul edənədək Ramil Usubovu şəxsən tanıyıb, etibarına, peşəkarlığına və sədaqətinə güvənib. Əgər elə olmasaydı, onu yalnız əvvəllər Naxçıvanda nazir işlədiyi tərcümeyi-hal faktına görə təkrar həmin vəzifəyə təyin etməzdi. Üstəlik, zaman və vəziyyət başqa, Naxçıvanın taleyi ortada olduğu bir vaxt, tamam ayrı vəzifələrin icrası labüdkən.
Nazir Naxçıvana gəldiyi ilk günlərdən əmin oldu ki, “ağır kriminogen xəstəliyin nə ambulator, nə də stasionar kurs müalicələrlə sağalması” ehtimalı yoxdur. Yeganə yol “cərrahi müdaxilədir”. Bu müdaxilə özünü çox gözlətmədi. Qarşı tərəf isə “skalper tutan əl”ə atəş açmazdan əvvəl ultimatum verdi: “Ramil Usubov, 2 günə Naxçıvanı tərk etməsən özündən küs!”. İki gün keçsə də, nazirin yol tədarükü görmədiyinə əmin olan cinayətkar ünsürlər sui-qəsdə baş vurdular.
Avtomatdan açılan güllələr nazirin kabinetinin pəncərələrini sındırıb, divarı “yalayıb keçdi”. Yalnız xoşbəxt təsadüf nəticəsində nazir sağ qaldı. Cinayətkarlar isə yanılmışdılar. Çünki Ramil Usubov hələ DİN Cinayət Axtarışı İdarəsinin rəisi vəzifəsində işləyərkən 365 günün 242-ni cəbhə bölgələrində ezamiyyətdə keçirmişdi. Neçə dəfə həyatı təhlükədə qalmışdı. Onu belə atəşlərlə qorxudub yolundan çəkindirmək mümkün deyildi. Nazir tapşırılan vəzifəni mütləq və mütləq yerinə yetirməli idi, yerinə yetirdi də. Şəxsi heyəti səfərbər etdi. Silahlı bandalar bir-bir zərərsizləşdirildi. Naxçıvan sərhədlərini erməni hücumlarından qorumaq üçün də təsirli tədbirlər görüldü. Az müddət sonra Naxçıvanda kriminogen durum tam nəzarətə alındı. Təbii ki, hər gün Naxçıvanın müdafiəsi, əhalinin vəziyyəti, sabitliyin və asayişin qorunması haqqında məlumat alan rəhbər nazirlə bağlı seçimində yanılmadığına bir daha əmin oldu.
1988-ci ilin fevralından 1993-cü il iyunun ortalarınadək Ermənistanın təcavüzü fonunda Azərbaycanda baş verən dəhşətli hadisələr polisin həyat və fəaliyyətinə dağıdıcı təsir göstərmişdi. Nazirliyin yeni rəhbərliyi qarşısında acınacaqlı, başıpozuq, yarıkrminal vəziyyətə salınmış, ictimaiyyət arasında nüfuzunu tamamilə itirmiş, iflic edilmiş böyük bir strukturu tamamilə yenidən qurmaq vəzifəsi dururdu. Bununçünsə öncə aşağıdakı vəzifələr həll edilməli idi:
- sadədən mürəkkəbə qədər bütün problemlərin həlli üçün strateji xətti müəyyənləşdirmək;
- məsuliyyəti üzərinə götürməyi bacaran peşəkar bir komanda formalaşdırmaq;
- DİN-in tərkibində fəaliyyət göstərən XTPD-ni mübtəla olduğu hakimi mütləqlik, üstqurum orqana çevrilmək mərəzindən xilas etmək;
- DİN və onun strukturlarını çox qaranlıq və krimonegen keçmişi olanlardan təmizləmək (İlk təmizləmə zamanı aydın oldu ki, saxta diplomlar təqdim etməklə yalnız zabit vəzifələrinə irəli çəkilənlərin sayı 110 nəfərdən çoxdur);
- bir çox hallarda “mundirli polis”lərin də müdafiə etdiyi, bəzən də zorən göz yumduqları yüzlərlə silahlı mütəşəkkil cinayətkar dəstəni, mafioz qrupları, qeyri-qanuni silahlı birləşmələri zərərsizləşdirmək;
- əvvəllər hüquqları kütləvi surətdə pozulmuş yüzlərlə polis əməkdaşının hüquqlarını bərpa və peşəkar özəyi reabilitasiya etmək;
- polisi öz qanuni vəzifələrinin, müstəsna səlahiyyətlərinin icrasına yönəltmək, vətəndaşların hüquq və azadlıqlarını qorumağı ön plana çəkmək, bağlı qalmış və bilərəkdən arxivə göndərilmiş cinayət işlərinin (İlkin araşdırmalar nəticəsində aydın oldu ki, onların sayı 6000-dən çoxdur) açılmasını təmin etmək.
Nazirliyin yeni rəhbəri bu vəzifələri yerinə yerirmək üçün çətin bir yola çıxmışdı. Bu yolun üstündə kiçik daş-kəssək də, çoxlarının keçilməz hesab etdikləri böyük qayalar da var idi. Nazir isə irili-xırdalı həmin maneələri dəf edə bilirdi ona görə ki, onun arxasında Heydər Əliyev kimi sərkərdə dururdu. Nazir gücü həmin sərkərdədən alırdı və bunu açıq söyləyirdi. Ramil Usubov nazir təyin olunandan sonra DİN-in rəhbər işçiləri ilə keçirdiyi toplantıda deyir: “Mənim üçün, eləcə də DİO əməkdaşları üçün ən üstün qərar xalqın rəyi, dövlətin hüquq prinsipləri, ədalət məhkəməsinin hökmü, ən nəhayət möhtərəm prezidentimizin, Ali Baş Komandanımızın tapşırıq və göstərişləridir. Fəaliyyətim kimlərisə qane etməyəcək, kimlərsə narahatlıq keçirəcəksə, bu, onların problemidir. Nə qədər ki, ölkə prezidenti bu vəzifədə mənə etimad göstərəcək, fəaliyyət prinsiplərim dəyişməyəcək”.
Kim sübut edə bilər ki, ötən illər ərzində nazir fəaliyyət prinsiplərindən heç olmasa birinə kiçik bir redaktə edib? Əsla, yox! O, fəaliyyət prinsiplərini qətiyyən dəyişmir. Dövlətə, dövlətçiliyə, Ali Baş Komandanına sədaqətlə xidmət edən nazirin bir məmur mənəviyyatı var. Mənəviyyat sahibi məmur isə heç vaxt öz başçısına, rəhbərinə xəyanət etmir. Onun fəaliyyətində nöqsanlar və səhvlər ola bilər. Lakin etibarsızlıq və sədaqətsizlikdən söhbət gedə bilməz. Azərbaycan polisinin 80 illik yubileyində çıxış edən ümummilli liderin dedikləri: “İşinizdə səhvlər ola bilər. İşinizdə səhvlər var, çoxdur. Ancaq bir məsələdə səhv ola bilməz. Dövlətə sədaqət andına xəyanət etmək olmaz, vətənə sədaqət andına xəyanət etmək olmaz, xalqa sədaqət andına xəyanət etmək olmaz”. Nazir tabeliyində olanlar qarşısında bu tələbi qoyur: “Prezident İlham Əliyevin xalqa xidmətlə bağlı tələbləri, şəxsi nümunəsi hər bir dövlət məmurunun fəaliyyətində başlıca prinsip olmalıdır”.
Bəs DİN-in dövlətə və dövlətçiliyə sədaqətlə xidmətinin nəticəsi nədir? Bu yazını statistik rəqəmlərlə ağırlaşdırmayım deyə bir neçə ümumiləşdirilmiş rəqəmi qeyd etməklə kifayətlənəcəyəm. Zənnimcə, onlar fəaliyyət və xidmət tendensiyasını xarakterizə etməyə yetərlidir. Son 20 ildə əllərdə olan 40 mindən çox qeyri-qanuni odlu silah müsadirə olunub. Qrup halında 15 mindən çox cinayət törətmiş 45 min nəfər tutulub cinayət məsuliyyətinə cəlb edilmişdir. Ümumilikdə isə son 20 ildə 80 mindən artıq təqsirləndirilən şəxs tutulmuşdur. Hər il orta hesabla qrup halında fəaliyyət göstərən 1000-dən çox dəstə zərərsizləşdirilir. Xidməti fəaliyyətin önəmli məqamlarından olan, prokurorluq və milli təhlükəsizlik orqanları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində son 15 il ərzində bağlı qalmış 367 cinayətin üstü açılıb. Təkcə 2009-cu ildə həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətmiş 955 nəfəri birləşdirən 436 qrup və mütəşəkkil dəstə zərərsizləşdirilib. Yalnız insan alveri ilə məşğul olan 25 cinayətkar qrup ifşa olunub. Son illərdə bir sıra ağır cinayətlərin davamlı şəkildə azalma tendensiyası müşahidə olunur. Ayrı-ayrı qanun pozuntularının baş verməsi isə proqnozlaşdırılan çərçivədən kənara çıxmır. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı MDB və Şərqi Avropa ölkələri ilə müqayisədə öncül yerlərdən birini tutur (100 min nəfərə münasibətdə orta hesabla 200 cinayət hadisəsi).
Sabitliyin tam bərpa olunmasına qədər ölkədə baş verən bir neçə taleyüklü hadisəni qeyd etməklə yaddaşları təzələmək faydalı olar. Onlar 1994-95-ci illərdə dövlət çevrilişinə edilən cəhdlər və 1994, 1995, 1996-cı illərdə prezidentin fiziki cəhətdən aradan götürülməsinə yönəlik terror aktlarıdır. Şübhəsiz, o dəhşətli hadisələrin qarşısının alınmasında “Xalq-Heydər Əliyev birliyi” və Heydər Əliyev şəxsiyyətinin gücü həlledici oldu. Eyni zamanda, bütün hallarda DİN Konstitusiya ilə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə sədaqətlə xidmət nümunəsi göstərib. Məsələn, 1995-ci ilin martında Kopenhagendən səfərdən dönən prezident təyyarəsinin vurulmasının və Sabunçu körpüsünün partladılmasına cəhd kimi terror aktlarının qarşısının alınması xüsusilə DİO-nun xidmətləri sayəsində mümkün olub. Sonralar cinayətkarların tutulub istintaqa cəlb edilməsində də DİN-in müstəsna rolunu qeyd etmək lazımdır. Müxtəlif zamanlarda ölkədə daxili sabitliyi pozmağa və dövlətlə zor dilində danışmağa yönəlik cəhdlərin qarşısının alınmasında da DİO öz vəzifələrini lazımınca yerinə yetirib. Qeyd olunanlardan çıxış edərək belə bir fikir söyləmək olar: 1988-ci ildən 1994-cü ilədək Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsini tutanların fəaliyyətini Ramil Usubov qətiyyətlə rədd etdi. Çünki sələfləri ilə müqayisədə nazirin şəxsi keyfiyyətləri tərs mütənasib olduğu kimi, dövlət, dövlətçilik, Ali Baş Komandanın əmr və göstərişlərini sədaqətlə yerinə yetirməklə bağlı anlayış və prinsipləri də tamamilə antaqonistdir.
Qazanılan uğurların nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyev DİO-nun fəaliyyətini belə xarakterizə edir: “Bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir. Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanılması nazir ve onun komandası üçün bir mənalı şəkildə sadiqlik məsələsidir…
Qeyd edək ki, nazir Ramil Usubov illərdir bunu qazanan yeganə NAZİRDİR… Var ol sağol bu millət və dövlət həmişə SİZƏ güvənib və yanınızda olacaq. Buna həm bizlərin həm də yüce dövlətimizin etimadı sonsuz…
Politika.Az olaraq hörmətli nazirimiz, general-polkovnik cənab Ramil Usubov başda olmaqla asayişimizin keşiyində, gecə-gündüz, ayıq-sayıq dayanan şanlı Azərbaycan Polis Orqanları əməkdaşlarının qarşıdan gələn peşə bayramlarını ürəkdən təbrik edir, Vətənimiz, Dövlətimiz, xalqmız naminə yeni-yeni uğurlar, başarılar diləyirik.