​Azərbaycan Cümhuriyyətin süqutunu araşdırarkən ağlamsınan gürcü professoru- Mərhum araşdırmaçının qeydləri

 
 
 
Moderator.az 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili bağlı silsilə yazılarına davam edir. Bu dəfə təqdim edəcəyimiz yazının müəllifi biz yox,  bir neçə il bundan əvvəl dünyasını dəyişən mərhum jurnalist-yazıçı, araşdırmaçı Zakir Sadatıdır.
 
Əvvəlcə, onu deyək ki, təəssüf ki,  Cümhuriyyət dövrünün araşdırmaçıları çox öyrənilməyib. Xüsusən, 1990-cı illərin ortalarından sonra bu şanlı tarixə maraq artdı. Bir çox araşdırmaçılar arxiv materiallarından əldə etdikləri materialları publisistik dillə bizlərə çatdırdılar. Onlardan biri də “Əfqanıstan uçurumu” romanının müəllifi Zakir Sadatlıdır. O, həm radioda, həm də mətbuatada Cümhuriyyət məsələlərini tez-tez qabardırdı.
 
Artıq həmin mətbuu orqanların bir çoxu gün fəaliyyət göstərmir. Lakin əldə etdiyimiz həmin qəzetlərin hesabına Zakir Sadatlının Cümhuriyyət barəsində maraqlı bir məqaləsini təqdim edəcəyik. Bunun üçün isə araşdırmaçının ailəsinə minnətdarlığımızı bildiririk:
 
 “...Ermənilərin Qafqazda müsəlman qırğınının qarşısını almaq üçün  “Seym”in işində iştirak edən müsəlmanlar belə qərara gəlmişdilər ki, 4 nəfər İstanbula gedib kömək istəsin. Bu məqsədlə Qafqaz müsəlmanlıq firqəsindən doktor Miryaqub, Dağıstan sosial firqəsindən İbrahim bəy, bakılı mühəndis Məmmədhəsən Hacınski, Məmmədəmin bəy Rəsulzadə də getmişdi. Bu nümayəndə heyəti gedəndən sonra gürcü və ermənilər hər gün iclaslarda bizi nalayiq sözlərlə təhqir edirdilər ki, Türkiyəyə nümyəndə göndərib onlardan kömək istəyirsiniz. Biz onlara cavab verməyib türklərin gəlməsini gözləyrdik.
 
... Türkiyədə Nazirlər Kabinəsi bizim nümayəndə heyətini o qədər də yaxşı qarşılamır. Bir çoxları bizə köməyə qarşı etiraz edir. Onlar deyir ki, Lenin Qars və Ərdəhanı Türkiyəyə qaytardığı üçün türk qoşunu Qafqaza girməməlidir. Lakin Tələt Paşa ilə Ənvər Paşa kabinə üzvlərinə qarşı çox ciddi etiraz edirlər. Onlar deyirlər ki, erməniləri başlı-başına buraxmaq olmaz ki, bizim din qardaşlarımızı qırandan sonra oradakı ana və bacılarımızın namusuna təcavüz etsinlər. Nə vasitə ilə olur-olsun biz Qafqaa qoşun yeritməliyik. Həmin günün səhəri Ənvər paşa qardaşı Nuru paşa ilə əmisi Xəlil paşanı 25 min qoşunla Qafqaza tərəf yola salır”.
 
 
 
Millətin namərd və zalımlarının sağlığına badə
 
“Gürcüstan Respublikası Prezident Aparatının milli münasibətlər üzrə dövlət müşaviri ilə məhşur “Şeytanbazar meydanı”nın yanında görüşməliyik. Vədələşdiyimiz vaxta hələ çox vaxt var. Asta-asta var-gəl edib ətrafa baxırıq. Birdən yaxınlıqdakı “Hədiyyələr” dükanı gözümüzə sataşır.
Biz içəri keçəndə yaşlı bir kişi “müştəriləri” görüb ayağa qalxır. Qədim xalçalar, xəncər, kilim, palaz, sumaq və başqa qiymətli əşyalarla zəngin olan dükanı heyranlıqla seyr edirik. Birdən yoldaşlarımdan biri astaca qulağıma pıçıldayır: “Ə, bu ermənidi, ə...”
Təəccüblənmirəm. “Hə, noolsun –deyirəm –gördüyün bu əşyalar ki, bizimkidir...”
Deyəsən, satıcının da bizim söhbətimizdən dalağı sancır. Diqqətlə üzümə baxıb udqunur. Sonra bir siqret yandırıb başını aşağı salır. Biz ağır addımlarla dükandan çıxırıq...
... Şəhərə axşam toranı düşür. Gecənin şəvə gözləri qaralır...
Gördüyümüz bütün soydaşlarımız tələm-tələsik (əslində, dilucu) bizimlə vidalaşıb ayrılırlar. “Heç olmasa dil-ağız eləmək olardı, axı biz burada qonağıq...” deyə düşünürük (əslində, gileylənirik).
Hər üçümüz bir-birimizə pərt bir nəzərlə baxırıq.
-Yaxşı, uşaqlar, gəlin gedək bizə!
Qəfil və amiranə təklifdən diksinirik. Qoşa qoltuq ağacına sığınan Vaqif kişi... Səhər tezdən haraya baş çəkmişiksə, böyrümüzcə gəzib. Bütün günü bizimlə bir yerdə olmasına baxmayaraq, kəlmə belə kəsməyib.
Doğma və səmimi olan bu adamı indicə görmüş kimi başdan-ayağa süzürük. Qılçası dizdən aşağı kəsilib. Yalnız bir ayağına və qoşa çəliyə söykənib dayanır (sonra öyrənirik ki, o “ayaq” da protezdir).
- Çox sağ ol, Vaqif dayı, biz mehmanxanada qalacağıq.
- Elə şey yoxdu, qadan alem, bizi bu yad millətə söydürməyəmi gəlifsinez bura?
- ... (Bayaqkı pərtliyin yaratdığı sükut)
- Hıy... Biz beləyik də, nağayrem.
Qocaman şəhəri yarıb keçən bulanıq Kürün sağ böyründən burulub, “Şah Abbas hamamı”nın yanından üzüyuxarı qalxan daş küçəylə Sənan dağının yamacına sığınan evlərə doğru qalxırıq. Narınqalanın ətəyindəki ikimərtəbəli qədim bir həyətə çatırıq. Cümə məscidinin qənşərindəki bu binanın divarında bir xatirə lövhəsi (barelyef) diqqətimizi cəlb edir: “Gürcüstanın xalq artisti İbrahim İsfahanlı bu evdə yaşamışdır (1897-1967)”.
Bayaqkı mərdanəliyin və səxavətliliyin səbəbi yavaş-yavaş bizə əyan olur. “Deməli, biz sənətkar ocağına qonaq gəlmişik. Burada gecələməliyik. Görünür qismətdir”. Taxta pilləkənlərlə yuxarı qalxırıq. Vaqif kişi təzədən : “xoş gəlifsiniz, xoş gəlifsiniz” deyə-deyə, tavanı uçuq-sökük bir otağa dəvət edir...
“Kasıb mərd olar!” Evdə olan-olmazını düzüb stolun üstünə. Elə bil hamımız öz doğma evimizdəyik. Gecə keçir, söhbət şirinləşir, məclis uzanır...
Vaqif İsfahanlı qoltuq ağaclarına dayaqlanıb ayağa qalxır, sağlıq deyir:
-Sizin qadanız alem! Elə bilin öz evinizdəsiniz. Evin sahibi özünüzsünüz. Deyin-gülün, yeyin-için...
Əgər siz sözümü yerə salıb bizə gəlməsəydiniz, səhərəcən gözümə yuxu getməzdi. Noolsun e, bu mənim ata evimdi. Biz hamımız qəribik, qərib...
Bura mənim doğma ocağımdı ha, bilin. Biz elə bu doğmaların içində qəribik... Sizlərlə nəfəs alırıq, Azərbaycannan öyünürük. Qonşularımın çoxu ermənidi... Bax, siz bura gələndə hamısı gördü. Qoy görsünlər, qoy ürəkləri partlasın! Qoy desinlər İbrahim İsfahanlının ocağından Azərbaycandan gələn qonaq-qara ayağı kəsilmir...
Mən bu badəni qaldırıram millətin sağlığına! Lap onun namərdlərinin, zalımlarının sağlığına...
... Və doluxsunmuş halda siqaret yandırır.
 
İz haqqında yaddaşımdakı 3-cü iz
 
“Və bir gün yenə uşaqlığın əlahəzrət oynamaq şakəri başımızı yaman qatdı. Başımız açılanda gördük “lələ köçüb, yurdu qalıb”. “Çilədi” oyunundan aldığımız 3-4 saatlıq həzz bir anın içində burnumuzdan töküldü. Ara qarışıb, məzhəb itdi.
Yaşca hamımızdan böyük, dəstəmizin təzə üzvü “Qara Petka” ayamalı oğlan bizə toxtaqlıq verdi: “Quzuların izini mənə göstərin, harda olsa gedib tapacağıq”. Və doğrudan da izə düşüb az bir vaxt içində itiyimizi tapdıq.
O gün dünya kiçik bir həqiqətin böyük bir mənasına gözümüzü açdı. Anladıq ki, nə qədər uzaq olsa da, bütün itkilərə yol onun izindən başlayır. Nəyi axtarırsan axtar, birinci onun izini tapmalısan. Heç bir itki izindən o tərəfə gedə bilməz. Bütün itkilərə cığırı onun öz içi açır.
Sən demə, həyatda ən mürəkkəb məsələlərin çox sadə bir həlli var imiş. Lap elə qarmaqarışıq fikirlərin adi ifadə tərzi olduğu kimi...
 
Dustaq səs cığırında iz
 
Zakir Sadatlının öz həyatının iki fərqli mərhələsindən sitat gətirərək, verdiyi girişin mahiyyətində böyük bir məna yatır. Bəli, Cümhuriyyət bizim üçün həm də böyük bir İZdir... Bizi şanlı tariximizin dərinliyinə aparacaq iz...
Cümhuriyyətə qovuşmaq, atasının itirən kiçik uşağa qovuşmanın sevinci deməkdir... Gəlin, müəllifin Nağı bəy Şeyxzamanlıdan (AXC funksioneri) gətirdiyi misala,daha doğrusu, onun alt qatına diqqət edək:
 
“Azərbaycan Cümhuriyyətinin siyasi xadimlərindən biri, 1919-cu ilin avqustundan dövlətin əks-kəşfiyyat idarəsinə - Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etmiş Nağı bəy Şeyxzamanlının xatirələrindən :
...Gəncədə xəbər tutdum ki, Nuru paşa Qarabağa gəlib. Bir gün sonra Gəncədə olacaq. Mən ertəsi gün Yevlax stansiyasına yola düşdüm. Yevlaxda bir saat gözlədik. Gəncədən gedən heyət Nuru paşanı Qarabağda qarşılamışdı.
...Çoxsaylı bir süvari dəstə aralandı. Nuru paşa Yevlax stansiyasına çatdı. Xalqımız Nuru paşanı Gəncədə böyük təntənə ilə qarşıladı. Nuru paşa ilə İstanbulda Heydərpaşa stansiyasında ayrılmışdıq.
Ona vəziyyət barədə məlumat verdim. Nuru özü ilə gətirdiyi zabitləri və polkovnik Nazim bəyi Bakı cəbhəsinə göndərdi.
Nuru paşanın rəhbərliyinə veriləcək hərbi qüvvələr qatarla Gəncəyə gəldilər. Camaat şəhər meydanına yığışmışdı. Dövlət dairələri və məktəbləri tətil etmiş, dəstə halında düzülmüşdülər. Müharibə vaxtı rusların işğal etdikləri Türkiyənin şərq vilayətindən gətirilib Azərbaycanın uşaq evlərində yerləşdirilən sahibsiz türk cocuqlarının dörd yaşından yuxarı olanları da meydanda idilər. Xalq əsgərlərə baxırdı. Sevincindən hamının gözləri yaşlı idi. Cocuqlar əsgərlərə yanaşırlar, əllərinə sarılırlar, haralı olduqlarını anladırlar. Əsgərlər də bu yetim uşaqları öpür və sığallayırdılar.
...Bu vaxt bir qışqırıq qopdu. Doqquz yaşlı bir türk cocuğu əsgərlərin arasında atasını tanıdı.
Onlar bir-birinin boynuna sarıldı. Ətrafdakılar bu mənzərəyə dözməyib ağladılar.
Elə bu vaxt erməni heyəti də xilaskar Nuru paşanın yanına təşəkkürə gə[email protected]
 
Çökən səssizliyin diriliyi
 
Gürcüstan Milli Dövlət Kitabxanasının direktoru, professor Aleksandr Kartozianın qəbul otağında xeyli gözləməli olduq. Nəhayət, həmkarımız Süleyman Süleymanov katibəni gürcü dilində başa sala bildi ki, biz qonağıq, vaxtımız da çox azdı. Vəzifəsinin profilinə uyğun, adamlara təbəssüm göstərməyə “adətkar olan” xanımın üzündən nədənsə təəccübvari bir ifadə süzüldü (yəni qonağın kitabxanada nə ölümü?!). Dərhal üzrxahlıq edib (iraq bizimkilərdən) direktorun otağına keçdi.
...A.Kartoziani bizi lap diplomatsayağı – soyuq təbəssüm, ölçülü-biçili mehribançılıqla qəbul etdi. Yarıqonaq, yariev sahiblərindən ibarət olan “nümayəndə heyəti” ilə xeyli söhbətdən sonra bütün ədaları öz-özünə “sivişib” aradan çıxdı. Mətbuat bölməsinin əməkdaşlarına ciddi göstəriş vedi ki, 1918-ci ildə Gürcüstanda çap olunmuş qəzet və jurnalları bizə təqdim etsinlər.
...Köhnə qəzetlərin ayrı-ayrı saylarını vərəqləyirik. Onsuz da Süleyman müəllimdən başqa heç birimiz gürcü əlifbasını bilmirik. O dövrün qəzetləri də yalnız yazılardan ibarətdir. Adicə bir şəkil belə yoxdu ki, kimisə tanıyasan, nəyisə müəyyənləşdirəsən.
Süleyman müəllim “Tapdım!”  sözünü elə həyəcanla dedi ki...
“Saxalko sanki” (“Xalq işi”) qəzetinin 11 aprel 1918-ci il sayı... Dərc olunmuş “Güney Qafqazda Seymin tarixi iclası” başlıqlı üç səhifəlik yazıda Karlo Kixeidzenin, Oniaşvilinin və M.Ə.Rəsulzadənin məruzələrinin stenoqramı çap olunub. Hər üç məruzəçi dövrün ictimai-siyasi mənzərəsinin analitik təhlilini aparır, vəziyyətdən çıxış yollarını göstərir. Çıxışlarda əsasən vurğulanır ki, Zaqafqaziya Seymi Rusiyanın diqtəsiylə yaranıb və Qafqaz alqarının milli-azadlıq hərəkatı səngitməyə xidmət edir.
Uzun sürən müzakirədən sonra Qafqazda yeni bir siyasi qurumun yaradılması barədə qəbul olunur.
Beləliklə, 9 aprel 1918-ci ildə Zaqafqaziya Federativ Demokratik Respublikası yaradılır...”
 
 
 
“Bakı – Azərbaycanın, Gəncə azərbaycanlıların paytaxtıdır!”
 
Qarşımızdakı qəzet yazısının əsas süjet xətti məlumdur: Zakir Sadatlının Cümhuriyyətə aid lazımı sənədləri araşdırması üçün Tiflisə etdiyi səfər və ora ilə bağlı təəssüratları... Amma təbii ki, yenə də diqqət mərkəzində əsas məqsəd olan Cümhuriyyətdir. Z, Sadatlının gürcü professoru ilə dialoqu bir çoz məqamları yenidən düşünməyə iman verir:
 
Qorqasali küçəsi, 17. M.F.Axundovun Ev Muzeyi bu binada yerləşir. İctimai əsaslarla fəaliyyət göstərir. Rəhbəri pedaqoji elmlər namizədi Məmməd Gülməmmədovdur.
Onunla Tiflisə çatdığımız gün tanış olduq. Məqsədimizi bilən kimi bizi maraqlı bir gürcü alimlə görüşdürəcəyinə söz verdi.
 
...Tarix elmləri doktoru, professor Aleksandr Nikolayeviç Mudjirini qafqazlı alimlərə o qədər də xas olmayan geyimdə (əynində “cins” şalvar, dəri gödəkçə və qalstuksuz) görəndə, doğrusu, ağlım ndan bir şey kəsmədi. Hələ bu harasıdı... Tanış olar-olmaz bizi “cayılı” suallara tutanda və yalnız gürcü dilində müsahibə verəcəyini bəyan edəndə fikrimi qətiləşdirdim: “Yox, deyən söhbətimiz alınmayacaq”.
Araya çökən səssizliyin diriliyi sanki firikləşib çıxış yolu tapmağa macal verdi.
- Mən istəyirəm, 1918-20-ci illərdə baş verən Zaqafqaziya hadisələrindən danışarkən, bütün qafqazlılar mənim qafqazlı səsimi eşitsinlər. Ömrümü o müqəddəs iki ilin öyrənilməsinə sərf etmişəm.Müstəqil Azərbaycan Dövlətinin yaranmasına heç də sizlərdən az sevinməmişəm. Onun iflası dövrünü araşdırarkən həyəcan keçirmişəm, kədərlənmişəm. Tarixi rəqəmlərin ruhsuz və cansız dilinə çevrilənlərə həmişə fikrimi xatırlatmışam: biz Qafqaz xalqları, hər birimiz yeganə və əvəzedilməzik. Bizim keçmişimiz təkcə rəqəmlərin diliylə danışmalıdır.
1919-cu ildə Gürcüstan və Azərbaycan dövləti öz aralarında hərbi müqavilə imzlayıb. Çox təəssüflər olsun ki, bu qanun öz hüquqi qüvvəsini almayıb.
Belə olmasaydı... kim bilir... bəlkə də...
Azərbaycan öz dövlət müstəqilliyini Tiflisdə elan edib, sonra Gəncəyə köçüb. Yeri gəlmişkən onu da deyim ki, həmişə Bakı – Azərbaycanın, Gəncə - azərbaycanlıların paytaxtı təəssüratını yaradıb məndə...
Ermənilər də müstəqilliyini Tiflisdə elan ediblər. Amma sizinkilərdən fərqli olaraq çıxıb getmək istəməyiblər. Burada qalmağa, Tiflisi Ararat Respublikasının paytaxtına çevirməyə çox səy göstəriblər. Hətta belə bir absurd təklif də irəli sürüblər: “Noolar, qoy Tiflis həm sizin, həm də bizim paytaxtımız olsun...”
1918-ci ilin iyununda erməniləri zorla buradan çıxarıb qovublar... Görürsünüz də...
Hə, bir də Zaqafqaziya dövlətləri müstəqilliyini itirdikdən sonra hökumət nümayəndələrimiz xaricdə də əlaqə saxlayıblar. Hətta birgə ittifaq yaratmağa səy göstəriblər. Buna da erməni daşnaqları ciddi şəkildə mane olublar...
A.N.Mudjiridən ayrılanda nə vaxtsa bakıya gələcəyinə, Azərbaycan mətbuatında bu barədə geniş söhbət açacağına söz verir.
Görüşmək ümidiylə xudahafizləşirik...
Bir neçə gündə, sən dmə, Tiflisə əməlli-başlı isinişibmişik. Vaqif İsfahanlı ilə görüşüb ayrılanda ürəyimi kədərqarışıq bir duyğu çuğladı.
-Yaxşı yol! Hamıya salam deyərsiniz – dedi Vaqif İsfahanlı...
“Hamı”nın kokret ünvanı olmadığı üçün elə mən də onun salamını hamınıza çatdırmağı özümə borc bildim...
 
Hə, onu deyirdim axı...
 
“Azadlıq yolunun mücahidləri Vətəndən didərgin düşdülər, perpessiya olundular, qatil gülləsinə qurban getdilər.
Lakin müqəddəs insanların mübarək əməlləri artıq müstəqillik adlı bəşəri mənaya gözümüzü açıbdır.
Ot basmış cığıra bənzəyən o tarixi yol neçə qərinə yolumuzu gözləyib. Biz indi o əbədi yolun yolçularıyıq. Tanrı heç kəsə yolunu azmağı rəva bilməsin.
 
Mənbə:Günaydın qəzeti, 13-14 iyun 2000, №37 (270)
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...