Azərbaycan Avropa Məhkəməsinə niyə hakim göndərə bilmir?

“Görünür,  Xanlar Hacıyevi hələ bir müddət də orada saxlamaq istəyirlər”
Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edəcək hakimliyə namizədlər irəli sürülsə də, onlar Avropa Məhkəməsi tərəfindən qəbul edilməyib. Azərbaycan isə Avropa Məhkəməsinə yeni hakimlər təqdim etmir.
2003-ci ildən Azərbaycanı Avropa Məhkəməsində təmsil edən Xanlar  Hacıyevin səlahiyyət müddəti 2015-ci ilin oktyabrın 31-də başa çatdı.
Azərbaycan hökuməti 2015-ci ilin aprelində Avropa Məhkəməsinin hakimi vəzifəsinə üç namizəd irəli sürüb. Namizədlər Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov,  Bakı Apelyasiya Məhkəməsinin hakimi Aygün Abdullayeva və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışova olub. Lakin AŞPA-nın Alt Komitəsi namizədləri qəbul etməyib və siyahını geri qaytarıb. Ona görə də Azərbaycanı Avropa Məhkəməsində (AİHM) təmsil edən hakim Xanlar Hacıyevin səlahiyyət müddəti artırılıb.
Azərbaycan Avropa Məhkəməsinə niyə yeni namizədlər təqdim etmir?
Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli “Yeni Müsavat” a bildirib ki, AİHM-ə Azərbaycan tərəfi hər dəfə qəsdən  3 namizəd irəli sürür: “Onlardan təxminən biri standarta uyğun gəlir və üç nəfərdən birini seçirlər. Hər dəfə təkrar formada ya eyni şəxslər, ya da digər ingilis dili çox zəif, hakimlik təcrübəsi az olan şəxslərin namizədliyi irəli sürülür. Ona görə də həmin namizədlər Avropa Məhkəməsi tərəfindən seçilmirlər. Düşünmürəm ki, Azərbaycanda lazımı səviyyədə olan hakim  yoxdur. Əlbəttə var. Bundan əvvəl Xanlar Hacıyev çox yüksək məhkəmə rəhbərliyindən ora gedib. Ancaq indi gedənlər ən yaxşı halda Apelyasiya Məhkəməsinin hakimləridir. Bu da təcrübə baxımından yetərli hesab olunmur”.
Hüquqşünas Müzəffər Baxış isə “Yeni Müsavat”a bildirib ki, günah hakimiyyətdədir: “Ədalətli namizəd seçmirlər. Omlar da Avropa Məhkəməsi tərəfindən qəbul edilmir. Eyni zamanda müəyyən kriteriyalar da var. Belə ki, tanınmış hüquqşünas olmalıdır, Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilməlidir, ingilis dilini bilməlidir. Azərbaycan da bu üstünlüyə sahib olan hakim təqdim etmir. Görünür,  Xanlar Hacıyevi hələ bir müddət də orada saxlamaq istəyirlər. Ümumiyyətlə, Azərbaycanda hakimlərin nüfuzu aşağıdır. Çünki onların çoxu korrupsiyaya bulaşıblar və icra hakimiyyəti orqanının nəzarəti altındadırlar.  Buna görə də bizim cəmiyyətdə savadlı, nüfuzlu adam hakim ola bilmir. Azərbaycan məhkəmələri tərəfindən müstəqil qərarın verilməsi, icra hakimiyyətinin nüfuzuna xələl  gətirir. Çünki  icra hakimiyyəti ancaq onun sifarişləri əsasında bu və ya digər qərarların qəbul olunmasını istəyir. Bütün bunlar isə onunla nəticələnir ki, Avropa Məhkəməsində azərbaycanlı hakimlər təsdiqlənmir. Məcbur qalıb, Xanlar Hacıyevin səlahiyyət müddətini uzadıblar. Amma bu da uzun müddət davam edə bilməz”.