Azərbaycan Avropa Hərəkatı siyasi islahatları təqdir edir

Azərbaycan Avropa Hərəkatı Azərbaycanda cərəyan edən son siyas proseslərlə bağlı açıqlama yayıb. Adıçəkilən qurum siyasi məhbuslar və digər məsələlərlə bağlı atılan addımları müsbət qarşıladığını vurğulayıb.
Turaninfo.az Musavat.com-a istinadən  həmin açıqlamanın mətnini diqqətinizə çatdırır:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv fərmanı ilə vətəndaş cəmiyyəti fəalları - Anar Məmmədli və Rəsul Cəfərov, Nida Vətəndaş Hərəkatının üzvləri - Rəşadət Axundov, Rəşad Həsənov,  Məmməd Əzizov və Ömər Məmmədov, Musavat Partiyası üzvləri - Sirac Kərimli, Yadigar Sadıqov və Tofiq Yaqublu, jurnalistlər - Hilal Məmmədov, Pərviz Həşimli və hüquq müdafiəçisi Taleh Xasməmmədov və digər məhbusların azad olunması ölkədə əsl bayram əhval-ruhiyyəsi yaratmışdır və bu addım vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilir.
Həmçinin, Ali Məhkəmənin qərarı ilə jurnalist Rauf Mirqədirov və hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa çıxması hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin dialoqunun nəticəsidir və gələcək dialoqun dərinləşməsinə xidmət etdiyinin bir nümayişidir.
Eyni zamanda, artıq hesablarına həbs qoyulmuş təşkilatlarının bir neçəsinin hesablarının açılması, onların bağladıqları qrant müqavilələrinin qeydiyyatına başlanması da irəliyə atılmış müsbət addım kimi qiymətləndirlir və Azərbaycan Avropa Hərakatı olaraq təqdir edirik.
Ümid edirik ki, ən yaxın zamanlarda beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin hamısının azadlığa çıxması, vətəndaş cəmiyyəti barəsində qanunvericilikdə olan əngəllərin aradan qaldırılması, qeyri-hökumət təşkilatlarının beynəlxalq qurumlarla, o cümlədən qlobal layihələrdə iştirakına məhdudiyyətlər yaradan, problemli məsələlərin həlli istiqamətində də intensiv islahatlar həyata keçiriləcək.
Əminik ki, bu istiqamətdəki islahatlar cəmiyyətin ayrı- ayrı ictimai institutlarının inkişafına, pluralizmin güclənməsinə gətirib çıxaracaq ki, nəticədə Azərbaycan həm iqtisadi, həm də mədəni cəhətdən qüdrətli ölkəyə çevriləcək".