Azərbaycan adının ideya müəllifi kim olub?

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuiyyətlnin yaranmasının 98 illiyi münasibətilə seminar keçirilib.
 Report xəbər verir ki, muzeyin Xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsinin təşkilatçılığı ilə keçirilən seminarda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, muzeyin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva, AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnistitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, Şərqşünaslıq İnstitutunun direktor müavini, professor Şahin Mustafayev və tarix muzeyinin əməkdaşları iştirak ediblər.
 Nailə Vəlixanlı 28 May - Respublika Günü münasibətilə təbrik nitqi söyləyib. Azərbaycanın müstəqillik tarixində Cümhuriyyət dövrünün xüsusi yeri olduğunu vurğulayıb.
 Professor Solmaz Rüstəmova-Tohidi çıxışında I Dünya müharibəsi dövründə beynəlxalq vəziyyət, fevral və oktyabr inqilabları nəticəsində çar Rusiyasının dağılması prosesi və başda Məhəmməd Əmin Rəsulzadə olmaqla mütərəqqi ziyalıların Azərbaycan dövlətçiliyinin təməllərini atma mərhələsini geniş şəkildə izah edib. Natiq "Daşnaqsütyun" terrorçularının və bolşeviklərin Azərbaycanın müstəqilliyinə qarşı fəaliyyəti və Osmanlı qoşunlarının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qardaşlıq yardımı haqqında da ətraflı izahat verib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının kökündə bolşevik çevrilişi durub: "Yəni bolşeviklər gəlməsəydi, Rusiya I Dünya müharibəsində qalib dövlətlərin arasında olacaqdı".
 Professor həmçinin cümhuriyyətin yaranması tarixindən danışaraq xatırladıb ki, 1918-ci il mayın 28-də Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına qərar verib: "Yeni yaranan dövlətə Azərbaycan adı verilməsi özlüyündə o dövlətin yaranması qədər böyük tarixi hadisə idi. Cümhuriyyət xalqın yaratdığı ilk Azərbaycan milli dövləti idi. Azərbaycan sözü XX əsrin əvvəllərindən ictimai şüura hakim kəsilirdi, amma Azərbaycan Cənubi Azərbaycan ərazisinə şamil edilirdi. Azərbaycan dedikdə Arazın o tayındakı torpaqların ərazisi nəzərdə tutulurdu. Yeni yaranan dövlətə Azərbaycan adının verilməsi ilə bu ad siyasi məna alır və siyasi gündəmə gəlir. Baxmayaraq ki, proseslərin başında Məmməd Əmin Rəsulzadə dururdu. Amma Azərbaycan adını, ideyasını siyasi tərəfdən formalaşdırmaqla gündəmə gətirmək Nəsib bəy Yusifbəyliyə məxsusdur. Bu ideyanın müəllifi Nəsib bəy Yusifbəylidir. Cümhuriyyətə Azərbaycan adının verilməsinə İran dövləti narazılığını bildirib. Bu adın məntiqi mənası odur ki, həm bu tayda, həm də o tayda yaşayan Azərbaycan xalqı eyni xalqdır. Eyni dil, din, mədəniyyətə malikdir".