Azərbaycan 1943-də müstəqil ola bilərdi - Şok video

 
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadənin silahdaşı Məhəmməd Kəngərlinin illər əvvəl çəkilmiş videosu yayılıb.
 
Axar.az xəbər verir ki, Kəngərli Türkiyə telekanalına müsahibəsində Məhəmməd Əmin Rəsulzadənin almanlarla razılığa gələ bilməməsinin səbəbini açıqlayır. O, Rəsulzadənin almanlara “Müstəqil Azərbaycan” memorandumu təqdim etdiyini bildirir:
 
“İkinci Dünya müharibəsi başlayanda SSRİ-dəki bütün millətlərin liderləri Berlinə axın etməyə başladı. Məhəmməd Əmin isə Berlinə öz istəyi ilə gəlməmişdi. Şərq məsələləri ilə məşğul olan alman fon Şulenberq Rəsulzadəni şəxsən öz ölkəsinə dəvət etmişdi. Bundan sonra Rəsulzadə Almaniyaya getdi. O, almanların nə istədiyini çox yaxşı bilirdi. Almanlara isə Azərbaycanın siyasi baxımdan təcrübə qazanmış lideri ilə danışıqlar aparmaq sərf eləmirdi. Danışıqlar zamanı Rəsulzadə onlara bir memorandum təqdim etdi. Burada əsas maddə kommunizmin çöküşündən sonra Azərbaycanın müstəqilliyinin tanınması idi. Lakin almanlar bununla razılaşmadı. Buna görə də Rəsulzadə Almaniyanı tərk edərək, Buxarestə getmək məcburiyyətində qaldı”.
 
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə öz qeydlərində Şulenberqin dəvəti ilə Berlinə getdiyini bu sözlərlə bildirib: “1943-cü ildir. İkinci Cahan hərbi əsnasında Alman Xariciyyə Nazirliyindən qraf fon Şulenberqin dəvəti üzərinə Berlində idim. Milli Azərbaycan Komitəsi təşəkkül etmişdir; bu komitə Milli Azərbaycan davasının əsaslarını alman məqamlarına qəbul etdirmək üzrə fəaliyyətə keçmişdir”.
 
Qeyd: Video sosial şəbəkədəki “Azərbaycan Tarixi” səhifəsindən götürülüb.