AZAL-ın ölkə turizminə zərbə vuran siyasəti...

“Azərbaycan Hava Yolları” QSC Avropanın bir çox ölkələrinə və şəhərlərinə birbaşa uçuşlar təşkil edir. Son illər bu aviareyslərin sayı sürətlə artır. Demək olar ki, dünyanın bir çox ölkələrindən Azərbaycana birbaşa uçuş mümkündür. Lakin maraqlıdır ki, AZAL dünyanın əsas maliyyə və turizm ölkələrindən sayılan İsveçrəyə birbaşa reyslər təşkil etmir.
Xatırladaq ki, bir müddət əvvələ qədər İsveçrənin Cenevrə şəhərinə AZAL birbaşa reys təşkil etmişdi. Ancaq bu reysin rentabelliyi aşağı olduğu üçün qurum həmin reysi dayandırdı. İsveçrənin Surix şəhərinə isə Azərbaycandan heç vaxt birbaşa uçuş olmayıb. Azərbaycandan oraya uçmaq istəyən sərnişinlər adətən Türkiyə üzərindən o uçuşu həyata keçirirlər.
Lakin məsələ burasındadır ki, Sürix aeroportu Avropanın 3 ən iri tranzit aeroportlarından biridir. Buradan birbaşa uçuş olmadığı üçün Avropadan, İsveçrədən Azərbaycana gəlmək istəyən sərnişinlər 10 saatdan artıq vaxt itirməli olurlar. Bu isə Avropadan Azərbaycana gələn turistlərin sayına ciddi təsir edir.
Elə iqtisadçı ekspert Natiq Cəfərli də bildirir ki, AZAL-ın siyasəti bir çox hallarda Azərbaycan turizminin əleyhinə işləyir: “AZAL-ın illərdir ki, apardığı siyasət turizmin inkişafında ən böyük əngəllərdən biridir. Çünki, AZAL-ın son rəsmi hesabatında da bildirildi ki, ölkədən xaricə və xaricdən ölkəmizə olan uçuşların 90 faizdən artığını AZAL həyata keçirib. Bu isə o deməkdir ki, bu qurum bazarda böyük inhisara malikdir və digər aviaşirkətlərin ölkəyə gəlməsində maraqlı deyil. Təbii ki, AZAL Avropanın iri hava limanlarında Sürix, Frankfurt, London, Berlin kimi aeroportlardan Azərbaycana uçuşların intensiv olmasında maraqlı olmalıdır. Bu, həm də turizm baxımından böyük gəlir deməkdir. Xüsusən də, istirahətə böyük məbləğdə pul xərcləməyə meyli olan avropalı turistlərin Azərbaycana gəlişində maraqlı olmaq lazımdır”.
Ekspert bu sahədəki Türkiyə təcrübəsinə diqqət çəkərək, aviaşirkətlərin Avropaya ucuz və intensiv reyslər təşkil etdiyini vurğuladı: “Türkiyədə Rusiya ilə vəziyyətin gərginliyini nəzərə alaraq, ən çox Avropadan turist qazanmaq istəyirlər. Hədəfdə olan ölkələrdən biri də İsveçrədir. Turist sayını artırmaq üçün bu reyslərin mütəmadi və ucuz olması vacibdir. Türkiyə artıq bu istiqamətdə uçuşları dövlət dəstəyi ilə təmin etdi, müəyyən vergi güzəştləri etdi. Avropaya uçan aviaşirkətlər də çox ucuz qiymətə uzunmüddətli biletlər təklif etdilər. Məsələn, İstanbul-Madrid-İstanbul bileti 120 dollardır və bu, çox ucuzdur. Bütün bunları nəzərə alsaq, AZAl da Avropanın böyük hava limanlarından uçuşların təşkil olunmasında maraqlı olmalıdır və bunun üçün də çevik qiymət siyasəti həyata keçirməlidir. Əgər bu, olmayacaqsa, heç bir turist dolayı yollarla, Türkiyə üzərindən bir neçə uçuş həyata keçirməklə, əlavə vaxt və pul sərf edərək, Azərbaycana gəlməz”.