​AZAL-da soyğunçuluq: Əsgərovun düyməsi basıldı - Fakt

 
AZAL-dakı korrupsiya, özbaşınalıq, soyğunçuluq pik həddə çatıb; Artıq hökumət rəsmiləri, deputatlar da narazılığını dilə gətirirlər...
 
Politika.Az-ın əldə etdiyi məlumata görə, AZAL prezidenti Cahangir Əsgərov üçün möhlət bitməkdədir.
 
Hələ referendumdan qabaq xəbər vermişdik ki, baş pilota ümumxalq səsverməsinə qədər möhlət verilib.
 
Referendumdan sonra sınaq müddəti bitir və onun vəzifəsində qalacağına baxılacaq. Təsadüfi deyil ki, deputat Çingiz Qənizadə də AZAL təyyarələrində özbaşınalıqdan danışıb.
 
Bu da C.Əsgərovla bağlı düymənin basıldığına işarədir. Artıq bu qurum rəhbərliyinin fəaliyyəti yuxarıları da narahat edir. Ona görə də parlamentdə müzakirəyə çıxarılır.
 
Politika.Az-ın verdiyi xəbərə görə, prezidentin göstərişləri də C.Əsgərovun vecinə olmayıb.
 
“AZAL-ın bilet qiymətləri ilə bağlı əsaslı şikayət olarsa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ümumi qaydada araşdırma aparıla bilər”. Bunu Baş İdarənin rəisi Kamran Əliyev jurnalistlərin suallarını cavablandırarkən demişdi.
 
Qeyd edək ki, prezidenti İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib, aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırıq verib.
 
Millət vəkili Çingiz Qənizadə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) şikayətlənib. Ç.Qənizadə AZAL vasitəsilə İstanbula uçarkən ondan əlavə 30 dollar pul istənildiyini dedi:
 
“Gah yeməyə, gah ərzağa, gah qabaqda oturmağa görə əlavə pul istənilir. Prezident vətəndaşların rahatlığı üçün qərarlar verir. Amma AZAL-da belə bir durum yaradılır. Təsəvvür edin, stüardessa sərnişinə deyir ki, sən qabaqda otur, arxaya yük yığılacaq.
Çağırdım onu, dedim bu, kolxoz arabasıdır, yoxsa təyyarədir, necə yəni arxada yük yığılır? Bu, dilənçilikdir. 15 biznes-klass boş gedib-gəlir. Amma digər yerlər üçün əlavə pul tələb edirlər. Biz əcnəbiləri, turistləri dəvət edirik, amam AZAL-da bu cür insanları incidirlər”.