Azad Rəhimovdan nazir kreslosuna Braziliyasayağı vida - təfsilat

 
 
Gənclər və idman naziri təşviş içində
 
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun şahidlik etdiyi son beynəlxalq yarış ola bilər.
 
Bu barədə Politika.Az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Azərbaycan millisinin əksər idmançılarının olimpiyadada uğursuz çıxış etməsi A.Rəhimovun nazir kreslosu üçün ciddi təhlükə yaradıb. Belə ki, hər il idmanın inkişafına milyonlarla manat vəsaitin xərcləndiyi, demək olar ki, hər bir rayonda olimpiya kompleksinin inşa edildiyi, böyük pullar hesabına çoxlu sayda əcnəbi məşqçi və idmançının yığmaya cəlb edildiyi Azərbaycanın Rio olimpiyadasında zəif nəticə ortaya qoyması A.Rəhimovu çıxılmaz vəziyyətdə qoyub. Bu nəticə, daha doğrusu nəticəsizlik A.Rəhimovun nazir kreslosu ilə vidalaşmasına səbəb ola bilər ki, bu real təhlükə idman naziri tərəfindən də yaxşı dərk olunmaqdadır.
 
Mənbənin bildirdiyinə görə, hazırda yarışları davam etdirən digər idmançılarımızın uğur qazanacağına ümid bəsləyən idman naziri, müəyyən nəticə əldə edən azsaylı idmançılarımızın uğurlarının mediada geniş şəkildə işıqlandırılmasını təmin etmək, bu uğurların əhəmiyyəti şişirtməklə Rio olimpiyadasındakı uğursuzluğu ört-basdır etmək niyyətindədir.
 
Lakin Rio uğursuzluğunun artıq indidən media və sosial şəbəkələrdə geniş müzakirə edildiyini nəzərə alsaq, A.Rəhimovun həyata keçirmək istədiyi "profilaktiki tədbirlərin" işə yarayacağı o qədər də inandırıcı görünmür. Çox güman ki, A.Rəhimov Azərbaycan millisinin bundan sonrakı yarışlarını adi bir tamaşaçı kimi ekran arxasından izləyəcək.