Aysel Əlizadədən təklif: “Azərbaycanda uşaq doğmaq qadağan edilsin”

 
Bir neçə gündür Qəbələdə üç uşaq anasının əri, qayınanası və qayınatası tərəfindən döyülə-döyülə öldürülməsi ölkə mətbuatının gündəmini zəbt edib. Hamilə olan 26 yaşlı Verdiyeva Səbinə xüsusi amansızlıqla, küt alətlərdən və bıçaqdan istifadə edilərək öldürülüb.
 
Bu məqamı elə-belə xatırlatmırıq. Belə amansızlığın baş verdiyi bir ailədə üç uşaq böyüyürdü, biri də dünyaya gəlmək üzrə idi. Yəni bu və bu kimi ailələrdə övlad dünyaya gətirməyin, onu yetişdirməyin məsuliyyəti barədə qətiyyən düşünülmür. Bunun nəticəsidir ki, anası öldürülən bu üç uşağa sahib çıxan tapılmır, onların gələcəyi sual altındadır.
 
Bu barədə Teleqraf.com-a danışan yazar-publisist Aysel Əlizadə maraqlı bir təkliflə çıxış edir. O, təklif edir ki, ölkəmizdə bir müddət uşaq dünyaya gətirilməsinə məhdudiyyət qoyulsun. Ən azından son vaxtlarda ard-arda baş verən qadın və uşaq qətllərinə son qoyulana qədər...
 
"Proses kontroldan çıxıb"
 
Aysel Əlizadənin təklifini belə əsaslandırır: “Doğum təkcə şəxsi, fərdin özünə bağlı məsələ deyil. Zaman-zaman biz tarixi proseslərdən də, aldığımız bilgilərdən də görmüşük ki, müəyyən quruluşlar, hakimiyyət doğuşu siyasi ideologiyanın bir qolu kimi qəbul edib. Məsələn, Sovet dövründə çox uşaq doğurdunsa, qəhrəman ana sayılırdın. Çünki çox uşaq doğulması bir o qədər işçi qüvvəsi, kolxozçu, pambıqçı demək idi. Yəni sən tək özün üçün uşaq doğmursan, həm də dövlətin üçün bir vətəndaş dünyaya gətirirsən. Ona görə də bu gün bu proses kontroldan çıxıbsa və dövlətin bu prosesə nəzarət etmək məqsədi varsa, doğumun qarşısını almaq dövlət proqramına daxil ediləcək qədər önəmli məsələdir.
 
Ciddi şəkildə çoxuşaqlılığın qarşısını almaq lazımdır. Heç olmasa, ailədə uşağın sayı biri keçməsin. Bir vətəndaş kimi müşahidələrimə söykənərək deyirəm ki, ölkədə övlad dünyaya gətirməyi dayandırmağa çox böyük ehtiyac var. Məsələn, o gün xəbər yayıldı ki, Bərdədə bir ailədə 15-cü uşaq dünyaya gəldi. O 15 uşağın taleyi necə olacaq, onlar böyüyəndə hansı sənətin yiyəsi, hansı işin sahibi olacaq, dövlət onları necə yerbəyer edəcək? Bunlar axı təkcə bir ailənin məsuliyyəti deyil, hətta ailədən çox dövlətin öhdəliyidir.
 
Ailə dövlətə köməkçi mexanizmdir. Əvvəlcə poliqam ailə olub. Sonra yavaş-yavaş adamlar ailə üzvlərini, ərlərini, arvadlarını lokallaşdırıblar. Ər-arvad bir yerdə yaşamağa başlayıblar, ailənin təməli budur. Ana xaqanlığından bu yana formalaşaraq indiki ailə modeli əmələ gəlib. Bunun da səbəbi təkcə iki insan arasındakı münasibət deyil. Ailə cəmiyyət idarəçiliyi üçün önəmli bir institutdur. Doğrudan da, bir ailədə bu cür vəhşiliklər baş verirsə, bu, o deməkdir ki, cəmiyyət təhlükədədir. Deməli, cəmiyyətdə bizim görmək istəmədiyimiz proseslər gedir. Bir ailədə ər, qayınana, qayınata yığışıb evin gəlinini döyür, öldürürsə, bu hadisələrin yanından necə biganə ötə bilərik? Biz o gəlini də günahlandıra bilərik, amma axı o qız da bir ailədən çıxıb, onu da bir ana, bir ata o cür tərbiyə edib. Ona öyrədiblər ki, bu kimi şeylərə dözmək lazımdır”.
 
"Ailənin niyə qurulduğunu bilmirlər"
 
Aysel Əlizadə deyir ki, bu, təkcə bizim cəmiyyətin problemi deyil: “Yoxsa Azərbaycandan xəbəri olmayan Hollivudda niyə bu mövzuda bir film çəkilsin ki? Deməli, bu kimi problemlər orda da var.
 
Bu kimi zorakılıqların baş verdiyi ailələrdə ər və arvad bir-birləriylə necə davranmalı olduqlarını, ailənin nə olduğunu bilmirlər. Ailənin niyə qurulduğunu, nəyə xidmət etdiyini bilmədikləri üçün bu vəziyyətə gəlib çıxmışıq.
 
Uşaq vaxtı bizim “Ailə” dərsliyimiz var idi. İndi də ciddi şəkildə “Ailə nədir?” sualına cavab verən dərsliklər, əlavə vəsaitlər lazımdır. Adamlar bunu bilmədikləri üçün özlərini dəli kimi, vəhşi kimi aparırlar”.
 
O, bu kimi hadisələr üzərində ciddi-ciddi düşünməyin və qərarlar verməyin vaxtı gəlib çatdığını deyir: “Ümumiyyətlə, biz indi cəmiyyət olaraq – müəllimli, jurnalistli, psixoloqlu, sosioloqlu, həkimli, hüquqşünaslı, deputatlı, nazirli hamımız işimizi-gücümüzü atıb bu məsələylə məşğul olmalıyıq. Qadın zorakılığına qarşı mübarizəyə start verməliyik, 102 xidmətini bu işə kökləməliyik. Qonşuda bir səs qalxanda, ər arvadını döyəndə sivil ölkələrdəki kimi polisə xəbər verilsin, polis də birmənalı şəkildə məsələyə müdaxilə etsin. Qadınını döyən kişini cəzalandırsın. Əlbəttə, cəza çıxış yolu deyil, ancaq bu səbəbləri aradan qaldıra bilər. Səbəb də odur ki, insanlar ailədə davranış qaydalarını bilmirlər. Bunun da özünün kökü var. Biz cəmiyyət olaraq bir-birimizə laqeyd qala bilmərik.
 
Necə olur ki, qonşunun qızı maşından düşəndə ona laqeyd qalmırıq, bütün məhəllə o qızdan, o maşından danışır. Amma qonşuda bir qadını döyürlərsə, “Nəyimə lazımdır?” deyib laqeyd yanaşırıq. Anlayışlar yerini səhv salıb. Ona görə də zorla da olsa cəmiyyətdə dəmir qaydalar tətbiq olunmalıdır. Birmənalı şəkildə qəbul edilməlidir ki, qadına əl qaldırmaq olmaz. Bu, artıq bir şüara çevrilməlidir, çünki ortada böyük bir problem var. Bu problemin də sivil yolla həlli çox uzun çəkə bilər. Təkcə təbliğat, ailələrlə iş, kurslar, psixoloq məsləhətləri azlıq edir. Eyni zamanda, dövlət, qanun, polis sistemi işə qarışmalıdır. Bu məsələdə güzəştsiz fəaliyyətə başlamalıyır. Sivil ölkələrdə necədir? Kişilərin hüquqları qadınların, uşaqların, qocaların, heyvanların hüquqlarından sonra gəlir. Niyə, bəyəm onlar az bilirlər? Onlar topdağıtmaz dövlətçiliyi qurana qədər bütün müşahidələrdən sonra bu nəticəyə gəliblər. Bilirlər ki, kişilərə o hüquqlar veriləndə qadını öldürəcək qədər vəhşi davrana bilər. Bu, onların cəmiyyətinin inkişafına mane olmur.
 
Bizdə də bu üsula müraciət edilməlidir, çünki vəziyyət getdikcə qəlizləşir. Uğursuz kişilərin sayı çoxdur. Kapitalizm elə bir cəmiyyətdir ki, orda pul yarışı gedir. Bizdə gender bərabərliyi çox pozulur, rəhbər, həlledici vəzifələr kişilərin əlindədir. Burda kişilər arasında böyük bir səlahiyyət yarışması var. Uğursuz kişilər bunun altında əzilir və qisaslarını qadınlardan alırlar. Heç eşidirsinizmi ki, varlı bir kişi arvadını öldürdü. Bunu adətən kasıb təbəqə edir. Səbəbi də çox aydındır ki, onlar aqressiyalarını qadına yönəldirlər.
 
"Qaynana içindəki aqressiyanı gəlinə tökür"
 
Məsələn, o gəlini döyüb öldürən qayınananın özü belə bir qadın kimi axtalanmış enerjisini səlahiyyəti keçən yeganə insana – gəlinə tətbiq edir. Onu incidir, ona hökmranlıq edir. Çünki hər insanın içində özünü ifadə etmək refleksi var. O özü də elə bir ailədə doğulub, düşdüyü ailədə də o cür münasibət görüb.  Özünü heç vaxt ifadə edə bilməyib. Ona görə içindəki aqressiyanı gəlinə tökür. Beləcə zəncirvari vəhşilik davam edir. İnsanlar uğursuzluqlarının heyfini bir-birindən alırlar. Biz deyə bilmərik ki, günah burda təkcə kişidə və ya qadındadır. Axı problemin içində qayınana da var. Azərbaycanda qayınana-gəlin problemi köklü problemdir. Bu da insanların özlərini realizə edə bilməməsi ilə bağlıdır. O qayınananın özünü işi, maraqları, ətrafı olsa onun gəlinlə nə işi? Heç buna vaxtı olmaz.
 
Yaşlı qadınların işə cəlb olunması üçün dərnək yoxdur. Ancaq gənc xanımlar işə tələb olunur. Bəs bu yaşlı xanımlar nəylə məşğul olmalıdır? Qınamaqla biz bu məsələləri həll edə bilmərik. Ancaq müəyyən mexanizmlər tətbiq etməklə xilas yolunu tapa bilərik. Vəziyyət çox faciəvidir. Bu qədər qadının ölümü, özü də vəhşicəsinə ölümü, bu aqressiya bizi yaxşı yerlərə aparmayacaq. Düzdür, biz danışırıq, deyirik, görürük ki, həllinə meyil yoxdur. Amma bu xəbərdarlıqlara ciddi şəkildə fikir vermək lazımdır. Yoxsa bizim həyəcan təbili çalmaqda marağımız nədir? Cəmiyyətimiz üçün narahatıq”.