​Aynur Camalqızı: “Qadın fermerləri cəmiyyətə tanıtmaq istəyirik” - MÜZAKİRƏ

 
Bu gün Qadın Konsensus Mərkəzi Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar” mövzusunda layihənin təqdimatını keçirib.
 
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı iki ay davam edəcək layihə barədə ətraflı məlumat verib:
 
“Layihə çərçivəsində Azərbaycanda kənd rayonlarında qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək üçün onların problemlərinin öyrənilməsi, təşəbbüslərinin reallaşması və dəstəklənməsi üçün şəbəkələşmələrinə, dövlət qurumları ilə əlaqələrinin möhkəmlənməsinə yardım göstərilməsi, uğur hekayələrinin mediada işıqlandırılması və “15 oktyabr – Dünya Qadın Fermerlər günü”nə diqqət ayrılması ilə bağlı təşqivat aparmaq planlaşdırılır”.
 
Aynur Camalqızı bildirib ki, Azərbaycanda son illər qeyri-neft sektorunun inkişafına artan diqqətlə bağlı kənd təsərrüfatı alternativ sahə kimi tez-tez xatırlanır: “Ərzaq və kənd təsərrüfatı məhsullarının 80 faizi qadınlar tərəfindən istehsal olunur. Deməli, qadınların rolu əhəmiyyətli dərəcədədir. Layihə çərçivəsində bu qadınları cəmiyyətə tanıtmaq istəyirik”.
 
Onun sözlərinə görə, 2015-ci ilin rəsmi statistik məlumatlarına əsasən, məşğul əhalinin 36,4 faizi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir: “Kənd təsərüfatı ilə məşğul olan fərdi sahibkarların neçə faizinin qadın olması rəsmi statistikada əksini tapmır. Bu gün, sadəcə kənd təsərrüfatında muzdlu işləyən qadınların sayı bəllidir. Onların da sayı 2015-ci ildə 9733 nəfər olub. 2014-cü ildə bu rəqəm 10125 nəfər idi”.
 
Layihənin rəhbəri Fainə Hənifəyeva Qadın Konsensus Mərkəzinin daim qadınlarla bağlı silsilə layihələr həyata keçirdiyini xatırladıb. Onun sözlərinə görə, layihələrin hamısı qadınların gücünün nümayişinə yönəlib. Bura məişət zorakılığının qarşısının alınmasından tutmuş lider qadın yetişdirilməsinədək kimi mühüm məsələlər daxildir: “Məqsədimiz qadınların bir çox sahələrdə rolunun güclənməsi, onların maddi asılılığının azalmasıdır”.
 
O qeyd edib ki, layihə çərçivəsində Bərdə, Tərtər, Salyan, Neftçala, Masallı, Ucar və b. rayonlarda fəaliyyət göstərən fermer qadınlarla müsahibələr edilib, onların fəaliyyəti, qarşılaşdıqları çətinliklər araşdırılıb, Azərbaycanının fermer qadınlarının portreti cızılıb: “Oktyabrın 15-i Dünya Qadın Fermerlər günü idi, həmin gün mətbuatda silsilə yazılarla çıxış edərək, diqqəti qadın fermerlərin problemlərinə yönəltdik. Araşdırmalarımıza görə, qadınlar əkin və heyvandarlıq sahələrində fəaliyyət göstərirlər. Rayonlar üzrə Siyəzən, İmişli, Dəvəçidə fermer qadınlar quşçuluqla, cənub rayonlarda sitrus meyvələrinin yetişdirilməsi, Şəmkirdə isə istixanalarda meyvə-tərəvəzin yetişdirilməsi ilə məşğul olurlar.
 
Müsahibə verən qadın fermerlər üzləşdikləri problemlərdən də danışıblar. Buraya maddi gəlirlərinin az olması, texnologiya və innovativ biliklərin azlığı, torpağın məhsuldarlığının artrılması, gübrədən düzgün istifadə, ziyanvericilərlə mübarizə, düzgün toxumun seçilməsi, bazarın əlçatan olmaması, nəqliyyat, tədarük məsələsi  kimi problemlər daxildir. Məhz bu problemlər səbəbindən məhsuldarlıq aşağı düşür. Cavan qadın fermerlər bazarda yetişdirdiyi məhsulu satmağa utanırlar. Onlar etiraf edirlər ki, pul olsa, toxum alıb yaxşı nəticə əldə edə bilərlər”.
 
Millət vəkili Fəzail Ağamalının sözlərinə görə, müşahidələr və konkret faktlar göstərir ki, fermer təsərrüfatının rəhbərləri sırasında qadınların sayı azdır: “Bu gün Azərbaycanda gender bərabərliyi mövcuddur. Azərbaycanın ictimai-siyasi həyatına kişilər kimi qadınlar da öz töhfələrini verməkdədir. Bu, dövlətin apardığı siyasətlərdən biridir. Ancaq çox təəssüf ki, kənd təsərrüfatı sahəsində çalışan fermerlər arasında qadınların sayı azlıq təşkil edir. Bu sahədə daha çox kişilər çalışır. Fermer təsərrüfatının rəsmiləşdirilməsində və qurulmasında iştirak etmədiyinə görə qadınların fəaliyyəti statistikada öz əksini tapmayıb”.
 
O bildirib ki, bu gün ölkə başçısı Azərbaycanda fermer təsərrüfatlarının inkişafı istiqamətində ciddi addımlar atır, dövlət tərəfindən sahibkarlara maliyyə dəstəyi verir: “Ölkə başçısının kənd təsərrüfatı sahəsinə başçılıq edən şəxsi yenisi ilə əvəz etməsi bu sahədə inkişafa inam yaratdı. Kənd təsərrüfatının inkişafı dövlətin qarşıya qoyduğu məsələlərdən biridir. Bu gün Azərbaycanda qadınlar da kənd təsərrüfatı sahəsində çalışır. Bakıdan cənub zonasında gedəndə, magistral yol boyu Salyanda, Cəlilabadda və digər rayonlarda əkin sahələrində nə qədər qadınların çalışdığının şahidi oluruq. Qadınlar çay tədarükü ilə məşğul olur, tərəvəzin yetirşdirilib yığılması, çiyələk plantasiyalarında  işləyirlər. Həmin sahələrdə işləyənlər sırasında bir nəfər də kişi olmur. Etiraf edək ki, kişilər çay içib işin gedişatına baxmaqla məşğuldurlar. Ailənin yükünü çiyinlərində daşıyan qadın eyni zamanda ailənin dolanışığı ilə də məşğul olur. Bütün təsərrüfat sahələrində qadın əməyindən istifadə olunur. Ancaq həmin təsərrüfatların əksəriyyəti kişi sahibkarlara məxsusdur. Muzdlu əməyə də aşağı məbləğdə ödənişlər olur”.
 
Deputatın fikrincə, Azərbaycanda xırda təsərrüfatların birləşdirilməsi vacibdir: “Ailə fermer təsərrüfatlarında qadınların rolunu artırmaq lazımdır. Elə etmək lazımdır ki, ailə fermer təsərrüfatlarında qadınlar da rəhbərlikdə çalışsınlar. Bunun üçün xüsusi maarifləndirici seminarlar keçirmək lazımdır. Bu seminarları İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri və yerli icra hakimiyyətləri ilə birgə təşkil etmək olar. Hesab edirəm ki, bu təşəbbüs çox gözəldir. Ona görə də bu istiqamətdə müvafiq addımlar atılması lazımdır”.
 
Milli Məclisin deputatı Çingiz Qənizadə bildirib ki, Azərbaycanda daha böyük təsərrüfatların olması üçün kiçik təsərrüfatlar birləşdirilməlidir: “Bu gün Azərbaycanda torpaqların bir çoxu şoranlaşdığı üçün onun təmizlənməsi ilə bağlı müvafiq addımlar atılmalıdır. Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılması işinə dövlət tərəfindən də dəstək verilməsi vacibdir. Bu istiqamətdə cənab Prezident İlham Əliyev tərəfindən də addımlar atılır. Hətta, “ASAN xidmət”in nəzdində fermerlərə dəstək verilməsi işi ilə bağlı ABAD layihəsi həyata keçirilməyə başlayıb. Dövlət başçısı bununla bağlı müvafiq fərman imzalayıb.  İndi Azərbaycanda kiçik fermer təsərrüfatlarının inkişafı üçün dövlət tərəfindən dəstək mütləq lazımdır. Hesab edirəm ki, dövlət də bu dəstəyi verəcək”.
 
Ç.Qənizadə əlavə edib ki, regionlarda fermer və şəxsi təsərrüfatlarda “qara iş”lər qadınlara, bəzi hallarda uşaqlara həvalə edilir: “Bu, təəssüfedici haldır. Şəxsən mən zərif cinsin nümayəndələri olan qadınların kənd təsərrüfatı sahəsində işləməsinin tərəfdarı deyiləm. Ancaq ölkəmiz elə bir coğrafi məkanda yerləşir ki, kənd təsərrüfatının inkişafına imkan verir”.