​Aygün Səmədzadə: “Reket kimi başımızın üstünü kəsdirib, pul istəyirlər?!”

Şəhərin mərkəzi küçələrində maşınların park edilməsi ilə bağlı  problemlər hələ də həll olunmur. Bu da uzunmüddətli tıxacların yaranmasına səbəb olur.
 
Tanınmış bəstəkar Aygün Səmədzadə öz təcrübəsinə əsaslanaraq. məsələyə münasibətini  bildirib.
 
“Şəhərdən təxminən 40 km kənarda yaşayıram. Şəhərin mərkəzinə qədər yolum avtomobillə 20 dəqiqədən çox çəkmir. Amma şəhərin daxilində hamı kimi mən də saatlarla yollarda qalırıq. Səbəblər çoxdur. Yol, bina tikintiləri, eyni yolların dəfələrlə eyni yerlərdən qazılıb-düzəldilməsi və sairə. Amma ən gülünc problem maşınların park edilməsi ilə bağlıdır. Bilirsiz ki, mərkəzin geniş prospektlərilə yanaşı, özünəməxsus dar yolları, məhəllə cığırları var. Bu yollarla 2-3 maşın yanaşı keçə biləcəyi halda, biri güclə və yavaş sürətlə keçir. Səbəbsə yolun hər iki tərəfində saxlanılan maşınlardır. Bu dar küçələrdə hər tinbaşı park avtomatı qoyulub və hər avtomatın yanında bir adam. Bu adamlar sürücülərə yaxınlaşır və “pulu ora ödəmə, mənə ver” deyərək qanunu pozur. Yəni dövlətə, büdcəyə gedəcək pullar yol boyu dayanıb tum çırtlayan, şəhərin mərkəzi küçəsində süfrə salıb yemək yeyən kişilərin cibinə gedir. Bu əli aşağı sağlam adamların yerində fiziki qüsuru olan adam görsəm, susaram. Deyərəm, “əlindən bir iş gəlməsində çətinlikləri var, o da evinə çörək aparmalıdır. Halal xoşu olsun”. Amma bu adamlar sağlamdırlar. Daha normal və sağlam adama yaraşan faydalı işlə məşğul ola bilərlər. Niyə onlar burdadır?! Niyə reket kimi sürücülərin başının üstünü kəsdirib pul istəyirlər?!”.

 
Xanım bəstəkar,  bu cür özbaşınalıqlardan xəbərdar olanların da kimliyini açıqlayıb.
 
“Bu cür halları post-patrul xidməti görür və susur. Bu məsələnin bir tərəfi. Digər tərəf isə ümumiyyətlə, şəhərin qanunsuz “parkovka”larla dolmasıdır. Şəhərin içində bu qədər “parkinq” olmasıdır. Evakuator heç bu yollardan keçmir belə... Dar yollar qanunsuz “parkovka”lardan təmizlənsə, məncə, tıxaclar da azalar, piyadalar da rahat gəzər. Bakı gözəldi və onu rahat, ayaqları dəmir-dümürə ilişmədən gəzməyə hər bir vətəndaşın və turistin haqqı var”.(Modern.az)