Aygün Kazımovanı 3 il həbs gözləyir – Vəkil rəyi

“Aygün xanım gah xəstə adı ilə, gah ölkədə olmamaqla, gah da müxtəlif bəhanələrlə qətnamənin icrasından yayınır”.
Bu sözləri müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirib. Qeyd edək ki, ötən gün vəkil dekabr ayından etibarən xəstəliyi ilə bağlı olaraq xalq artistinin ölkədən çıxışına qoyulan məhdudiyyət aradan götürüldüyü barədə mətbuata açıqlama vermişdi. Məlumatın ardınca isə xalq artisti mətbuat orqanlarına məktub göndərərək ağır xəstəliyə görə deyil, “kiçik bir estetik əməliyyatla bağlı ölkədən çıxdığını” bəyan etdi. Müğənni bəyanatında “sağlam, hətta yeni şamplena görkəmi”ndə olduğunu, bununla da açıq-aşkar qarşı tərəfə sanki acıq verirmiş kimi “məğlub tərəf” olmadığını, isbatlamağa çalışırdı.
Vəkil Fərid Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müğənni dekabr ayında Ədliyyə Nazirliyinin icra şöbəsinə  məhz səhhətində yaranan ağır problemlərlə bağlı müraciət edib və bildirib ki, təcili ölkə xaricində müalicə almalıdır:
“Yəni, bu məzmunda ərizə yazmışdı Aygün xanım. Sadəcə, o adam qətnamənin icrasından yayınmaq üçün bu cür arayış alıb. İndi də deyir ki, “sağlamam, estetik əməliyyata girmişəm”. Onda belə çıxır ki, saxta, yalan arayış alıb. Bu arayışı haradan, necə alıb, bilinmir”.
“Estetik əməliyyat üçün ölkə çıxışına qoyulan məhdudiyyət aradan götürülə bilərmi?” sualımıza vəkil bu cür cavab verdi:
“Xeyr. Yalnız və yalnız siyasi əhəmiyyətli, hansı ki, Azərbaycanda mümkün olmayan əməliyyatlar üçün bu məhdudiyyət aradan götürülə bilər. Digər tərəfdən də Aygün xanım sosial şəbəkələrdə 200 cümlə yazmaqdansa iki cümlə yazsın ki,  “qətnaməni icra edirəm”. Desin ki, “Natavan xanım haqqında müəyyən məlumatlar yaymışam, onu təkzib edir və ona qarşı etdiyim təhqirlərə görə üzr istəyirəm”. Yəni, bu iki cümləni yazmaq o qədər çətindir? İki cümlə yazmaq əvəzinə ona-buna söz atır, Türkiyəyə gedib-gəlir. Estetik əməliyyat və digər məsələlər qətnamənin icrasına mane törətmir axı. Bu, qanuna, məhkəmə qətnaməsinə hörmətsizlikdir. Bir ildir ki, qətnaməni yerinə yetirmir. Bu adam qətnaməni dolayıb barmağına. İcra şöbəsi onun hərəkətlərinə heç reaksiya da vermir. Mən icra şöbəsi haqda da məhkəməyə müraciət edəcəm. Artıq bununla bağlı şikayətlərin mətnini hazırlamışam. Ona qoyulan STOP-u niyə götürürlər?”
Vəkil onu da vurğuladı ki, müğənni qətnaməni yerinə yetirmədiyi üçün 3 il azadlıqdan məhrum edilə bilər:
“Qətnaməni yerinə yetirmədikdə inzibati qaydada cərimə, həbs, ikinci mərhələdə isə cinayət məsuliyyəti, 3 ilə qədər azadlıqdan məhrumetmə gözləyir.
Yəni ona şərait yaradılır ki, o qətnaməni icra etməsin. Qanun hər kəs üçün eynidir. Qanuna görə, qətnamənin qərarı çıxandan 2 aya qədər çıxarılan qərar icra edilməlidir. Qətnamə ötən ilin iyunun 15-dən qüvvəyə minib. Lakin Aygün xanım gah xəstədir, gah burda olmur, gah da müxtəlif bəhanələrə qətnamənin icrasından yayınır. Qanuna əsasən 30 il ərzində biz ondan bu qətnaməni icra etməsini tələb edəcəyik”.
Xatırladaq ki, bir müddət bundan öncə Aygün Kazımova ilə həmkarı Natavan Həbibi arasında böyük qalmaqal yaşanmışdı. Belə ki, xalq artisti efirdə həmkarının erməni milliyətinə mənsub olduğu barədə fikir səsləndirmişdi. Məsələ ilə ilə əlaqədar Nəsimi rayon Məhkəməsində məhkəmə prosesi aparılmışdı. Çıxarılan məhkəmə qətnaməsinə əsasən xalq artisti həmkarından üzr istəməli, səsləndirdiyi ifadələri təkzib etməlidir. Lakin Aygün Kazımova məhkəmə qərarını icra etmədiyi üçün ölkədən çıxışına qadağan qoyulmuşdu. Müğənni bu barədə Apellyasiya  Məhkəməsinə müraciət etsə də adı çəkilən qurum onun şikayətinin təmin etməmişdi.