Aygün Kazımova: “Çox yorulduğum üçün...”

Müğənni Aygün Kazımova Azərbaycan kubokunun finalında "Neftçi"-"Qarabağ" qarşılaşmasından öncə səhnəyə çıxaraq sevilən mahnılarını səsləndirib.
 Musavat.com xəbər verir ki, müğənni çıxışından sonra  konfrans zalında jurnalistlərin suallarına cavab verib.
İdmanla bağlı fikirlərini bölüşən sənətçi bildirib ki, futbolla maraqlansa da, azarkeş deyil: “İdmanla bağlı bir çox layihələrdə yer almışam. Bilirsiniz ki, müğənni olmadan öncə həndbol ilə məşğul olmuşam, komanda kapitanı idim. İdmana böyük sevgim var. Lakin davamlı izləmirəm, azarkeş deyiləm. Lakin ölkəmiz üçün mühüm olan oyunlarla maraqlanıram, uğurlar məni sevindirir”.
Müğənni Nabranda baş tutacaq konsertinə ciddi hazırlaşdığını deyib: “İyunun 18-də Nabranda səhnəyə çıxacağam, ciddi hazırlıqlar gedir. Saçlarımın rəngini dəyişdim, imicimi yenilədim. Konsert üçün xüsusi geyimlər hazırlanır. Konsertdə yeni “Orasını-burasını” mahnısını ifa edəcəyəm, yayın hiti olacağına inanıram. Türkiyə layihələrini isə dayandırmışam. Çox yoruldum, istirahət etmək, vətənimdə vaxt keçirmək istəyirəm. Konsertdən sonra yaradıcılıq işlərimə davam edəcəyəm. Sevənlərimi maraqlı sürprizlər gözləyir”.