​Aybəniz Haşımova: “Kaş ki, yoldaşım məndən boşanardı” – VİDEO

 
Tanınmış sənətçi, şəhid olan həyat yoldaşından danışıb.
 
ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olan əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlamalar verib.
 
“Övlad olan yerdə sevmək ikinci planda qalır. Övlad varsa, sevmək boş şeydir. Mən həmişə deyirəm ki, oğlanı və yaxud da qızı fərd olaraq yox, qurduğun ailəni bütünlüklə sevməlisən. Çox yaralı mövzudur. Mən 22 yaşımda ailə qurmuşam. Cəmisi 1 il 6 ay yoldaşımla birgə olduq. Daha sonra müharibə başladı. Müharibə başlayandan gecə-gündüz yoldaşımın məqsədi orduya getmək idi. Əvvəllər kömək edirdi orduya – silah, patron və qida məhsulları alıb aparırdı. Amma sonradan fikrləri çevrildi və döyüşə gedəcəyini bildirdi. Səhər açılan kimi isə o, gedib könüllü cəbhəyə yazıldı. Nə qədər elədik fikrindən daşındıra bilmədik. Arada bir evə gəlib-gedirdi. Mən də elə bilirdim mənim üçün gəlir. Sonradan bildim ki, maşın-maşın meyit gətirirlər. Şəhid olan əsgərlərimizin meyitlərini bunlar gətirirdi. Ağdərədə saysız-hesabsız əsgər şəhid oldu. Özümü itirirdim. Çox qorxurdum ki, yoldaşıma nəsə olar. Və oldu. Günlərlə uşağımdan xəbərim olmayıb. İynəni vurub yatızdırıblar məni. Özümə yer tapa bilmirdim. Yoldaşımın paltarlarını evdən apara bilmirdilər. Qoymurdum. Hamı dağılışandan sonra onun paltarlarını götürüb onlarla danışırdım. Çox pis hislərdir. Bilirsən ki, bunları geyinən bir daha geri qayıtmayacaq”.
 
Daha sonra Aybəniz Haşımova yoldaşının ondan boşanmağına da razı olduğunu bildirib: “Kaş ki, o, məndən boşanardı. Mən onun dərdini belə çəkməzdim. Ağrısını bu qədər yaşamazdım. Mənim sinəmi yarsanız, onun adı ilə nə qədər yara olduğunun şahidi olarsınız. Mən fəxr edirəm ki, mənim belə yoldaşım olub. O, ərazi bütövlüyümüzün qorunması naminə canından keçib. Onu daima qəlbimdə yaşadacam. Onun qanı yerdə qalmayacaq. İnanıram ki, torpaqlarımız geri qayıdacaq. Şəhidlər ölmür. Qızım atasına oxşayır. Avtomobili sürərkən onun əllərinə diqqət edirəm, sanki atasının əlləridir”.