​AYB-dən Rüstəm Behrudiyə: "Sən Allah, getmə" (YENİLƏNİB)

 
Bununla bağlı AYB-nin katibi xalq şairi Fikrət Qoca Publika.az-a açıqlama verib:
 
“Rüstəm Behrudi çoxdandır AYB-ıin qapısından içəri girmir.  Heç vaxt da gəlib deməyib ki, mənim ad günümdür. Heç olmasa, zəng edib mənə deyərdi ki, ay Fikrət Qoca, ad günümü AYB-də qeyd etmək istəyirəm. Mən də aydınlaşdırardım, adını siyahıya salardıq. O qədər adam var ki, mən hardan bilim onun ad günüdür? Yoxsa ki, bizə heç nə demədən xəbər yayır ki, mən AYB-dən getdim. Bu, yaxşı hərəkət deyil. Rüstəm Behrudi yaxşı şairdir, xətrini də istəyirəm. Amma gedənin qabağını kəsib deyə bilmərəm axı, sən Allah, getmə. Gedib, özü bilər”.
 
P.S… Hər halda, Rüstəm Behrudi sıradan biri deyil ki, gəlib kiməsə doğum günü tarixini elan eləsin. Bəs nə yaxşı AYB başqa yazarların ad gününün tarixini yadında saxlaya bilir, özlərindən xəbər almır, hələ onlara  təmtəraqlı ad günü törəni keçirir. Amma Rüstəm Behrudi kimi şairin doğum gününü yadında saxlaya bilmir.
 
 
***
 
Azərbaycanın tanınan şairi Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyindən istefa verib.
 
 
Bu haqda şair "facebook" hesabında paylaşdığı statusda bildirib. Şairin bu qərarının səbəbi çox maraqlıdır. Sən demə, illərdir ki, R.Behrudini ad günlərində AYB-dən bir quruca təbrik də almayıbmış.
 
 
"Mən az qala 30 ilə yaxındir ki, əvvəllər SSRİ Yazıçılar İttifaqının, sonradan Azərbaycan Yazıçılar Birliyinin üzvü oldum. Və bir Tanrı şahiddir ki, o təşkilatdan heç bir umaçağım olmadı. Ancaq indi baxıb görürəm ki,bu uzun illər ərzində  ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan YB-nin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərində  adımı çəkməyib.Niyə? Görəsən Şerləri Türk dünyasında dillər əzbəri olan  bir şairə bu cür münasibət hardan qaynaqlanır?.Bir quruca təbrikə nə deyirsiniz,əfəndilər?
 
 
YB üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm.
 
Hamıya sevği və sayğılarımla!
Rüstəm  Behrudi."                        
 
 
Şair musavat.com-a bildirib ki, indiyədək nə "Ədəbiyyat" qəzeti, nə "Ulduz" jurnalı onu doğum günündə yada salmayıb.
 
"Məni saya salmayan bir qurumda niyə qalmalıyam?!"- deyən şair bu addımının həm də AYB rəhbərliyinə etiraz olduğunu söyləyib.