Ayaz Mütəllibovun mətbuat katibinin - Dələduzluq işi

 
Eks-prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş Teylor İbrahimovun (Fətişoğlu) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Elnarə Quliyeva ifadə verib.
 
O bildirib ki, təqsirləndirilən şəxs Teylor İbrahimova 9 min manat verib: “Bunun qarşılığında Teylor həbsdə olan həyat yoldaşımın azadlığa çıxmasına kömək edəcəkdi. Qohumum İbrahim dedi ki, Teylor adlı şəxs var, əli hər yerə çatır, bizə bu işdə kömək edə bilər. Biz də çarəsiz vəziyyətdə idik. Mal-qaranı, maşını satıb pul düzəltdik.
 
İlk dəfə pulu almağa gələndə İbrahimlə Teylor birlikdə idi. İbrahim yoldaşımın atasının xalası oğludur. Həmin gün Teylor maşında oturmuşdu. İbrahim 4 min manatı alıb maşına getdi. 3 min manatı da Teylor özü bizim evdən aparıb. Hələ uşağımın başına sığal da çəkib dedi ki, “narahat olma, atan gələcək”.
 
Bizi də əmin etdi ki, iş düzələcək. Hazırlaşırdıq ki, yoldaşım yaxında həbsdən çıxacaq”.
 
Zərərçəkmiş Teylor İbrahimova güvənərək pul verməsini belə izah edib: “Adam övladının, balasının canına and içirdi. Övladdan o tərəfə nə var? Həm də bizə deyirdi ki, narahat olmayın. Bizi tanış edən İbrahim də qohumumuz idi”.
 
Teylor İbrahimov zərərçəkənin yalan danışdığını deyib. O bildirib ki, Elnarə Quliyevadan pul almayıb: “Özü də ifadəsində deyib ki, İbrahimə verib. İbrahimlə mənim ortaq pulumuzdan 2 min manatını qaytardım. Amma qalan puldan xəbərim yoxdur. Getsin, İbrahimdən istəsin”.
 
Zərərçəkmiş isə 2 min manatın ona verilmədiyini söyləyib.
 
Daha sonra şahid qismində ifadə verən Vidadi Nurəddinov bildirib ki, zərərçəkmişlərdən biri, Eldəniz Nurəddinovun qardaşıdır. O, bildirib ki, qardaşı ondan 8 min manat alaraq Teylor İbrahimova verib: “Mənim övladım həbs edilmişdi. Bu işi həll etmək üçün Teylorla əlaqə saxladıq. İşi həll edə biləcəyini dedi.
 
10 min manat istədi, 8 minə razılaşdıq. Mən pulu qardaşım Eldənizə verdim. O da lazım olduqca, hissə-hissə pulu Teylora verib. Amma sonra iş alınmadı. Teylor bizə deyirdi ki, türmə pulu yeyilməz. Cəmi 8700 manat vermişəm. Tələbim də budur”.
 
Növbəti proses sentyabrın 6-da davam edəcək.
 
İttihama görə, Teylor İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
 
Digər zərərçəkmiş Zaur Məmmədovu isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.
 
O, 20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda günahkar bilinir.
 
Teylor İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...