"Ayaz Mütəllibovun çərşənbə yalanlarına..." - Alimdən SENSASİYALI MÜSAHİBƏ

Publika.az-ın qonağı filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, türkoloq alim, tele-aparıcı Güllü Yoloğludur.
Güllü xanım, Novruz bayramı ətrafında kifayət qədər ziddiyətli fikirlər formalaşıb. Sizin Novruz haqda dəyərli araşdırmalarınız olduğu üçün bu mövzuda rəyinizi bilmək vacibdir.
-Bilirsiniz, tarix boyu bir çox müəlliflərin əsərlərinin qadağan olduğunun şahidiyik. Öz əsərlərini yandıranlar da az olmayıb. Əksər hallarda bu kitabların müəllifləri kiminsə bostanına daş atılıb, kiminsə işinə yaramayıb... Lakin haqqında danışacağımı kitab (toplu) həm mövzu, həm içindəkilər baxımından öz məsumluğu ilə seçilir. Mövzu Novruz, içindəkilər xalqdan toplanan atalar sözləri, zərb-məsəllər, meydan tamaşaları, xalq oyunları, inanc və adətlər... “Novruz bayramı” toplusu 1990-cı ildə işıq üzü görsə də, birbaşa zülmətə qərq oldu.
Səbəbi nə idi?
Bu kitabda toplama, tərtib, müqəddimə və qeydlər professor Azad Nəbiyevindir. Müəllif Novruzqabağı mərasimlərdən, nəğmələrdən bəhs edir, şum mərasimi, saya mərasimi, sayaçı nəğmələri, çoban nəğməsi, əkinçi nəğmələri, “Xıdır Nəbi” mərasimi, “Xıdır Nəbi” nəğmələri, Novruz hazırlığı, sağın nəğmələri, nehrə nəğmələri, dəyirmançı, xana, balıqçı nəğmələri, Novruz süfrəsi, Novruz nəğmələri, yada nəğmələri, Böyük Çillə, Kiçik Çillə, mart nəğmələri, atalar sözü və məsəlləri, tapmacalar, inancları, alqış və qarğışları, acıtmaları, Novruz adətləri, tamaşa və oyunları, zorxana tamaşaları, dəvə döyüşü, buğa döyüşü, Kosa-Kosa, Novruz oyunları, ayinlər, etiqadlar, mərasimlər, Axır çərşənbədə icra olunan “su falı”, “qapı pusma”, “bəxt xətti”, “qismətində olan”, “iynə falı” və s., “xan” bəzəmə, Axır çərşənbədə keçirilən şənliklərdən “su çərşənbəsi mərasimi”, axır çərşənbədə səhər tezdən su gətirmək, bir-birini sulamaq və s) haqqında ətraflı məlumat verir. Burada bütün ayinlər ancaq və ancaq Axır çərşənbə ilə bağlanılır. Başqa heç bir çərşənbə adından söz getmir.
 
 
Toplunun 11.09.1989-cu ildə yığılmağa verildiyini, 15.01.90-cı ildə çapa imzalandığını, təbaşirli kağızda “Yazıçı” nəşriyyatında çapa hazırlandığını, 60 000 nüsxə ilə “Kommunist” nəriyyatının mətbəəsində çap olunduğunu da ayrıca vurğulamağa ehtiyac var. Kitab 15 yanvar 1990-cı ildə çapa imzalanır... Ölkədə vəziyyət çox gərgindir. Moskva artıq SSRİ-nin ayrı-ayrı yerlərindəki hərbi hissələrdən qoşunu Bakıya yönəldib... Qanlı Yanvara sayılı günlər qalıb. Belə bir vaxtda “Novruz bayramı” toplusuna ehtiyac vardımı? Həm də 60 min nüsxə ilə dövlət hesabına... Qeyd edək ki, Novruzun böhranla bağlı qabardılması, xalqın başının qatılması məsələsi Ə.Vəzirova məxsus idi. Elə o hava ilə də toplu hazırlanmışdı və o qədər pul ayrılmışdı... O vaxt çərşənbələr ortaya atılmamışdı... Sadəcə Novruzun özü...1988-ci ildən Nazirlər Sovetinin sədri olan Ayaz Mütəllibov 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdi. Kənardan gəlməmişdi... Ölkə 20 Yanvar hadisələrinə doğru gedəndə o da kifayət qədər səlahiyyətə sahib şəxs idi. Və 1990-cı ilin martında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi bütün məsuliyyəti çiyinlərində daşımalı idi. Xalq da ondan bunu tələb edirdi...
 
 
1990-cı ilin mart ayına Azərbaycanda olan vəziyyəti göz önündə canlandırmaq üçün “Kommunist” qəzetinin 18 mart sayında dərc olunan Azərinformun müxbiri N.Əzizovun Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri A.Ş.Əzizbəyovla söhbətinə müraciət edək: “Yanvar hadisələri, bu hadisələrdən sonrakı tətillər xalq təsərrüfatı sahələrinin normal iş ahəngini, Azərbaycanın ölkənin (burada SSRİ nəzərdə tutulur – G.Y.) başqa regionları ilə əlaqələri pozulmuşdur. Nəticədə sosial-iqtisadi inkişafın bir çox göstəriciləri üzrə ilin iki ayının (yanvay-fevral – G.Y.) tapşırıqları yerinə yetirilməmiş, nəqliyyatda və sənayedə keçən ilki fasilələrdən dirçəlməyə macal tapmamış respublika yenə də çətin vəziyyətə düşüb...” A.Əzizbəyov deyir ki, “respublika rəhbərlərinin çıxışlarında artıq dəfələrlə qeyd edildiyi kimi, nstehsalatların tamamilə, yaxud qismən dayanmasına gətirib çıxarmış kütləvi tətillər çox böyük ziyan vurmuşdur. İki ay ərzində sənayeyə təqribən 800 milyon manat zərər dəymişdir, respublika müəssisələri ölkənin (SSRİ-nin –G.Y.) başqa iqtisadi regionlarına 434 milyon manatlıq az məhsul göndərmişdir. Əsaslı tikinti böhranlı vəziyyətdədir: 90 milyon manatlıqdan çox tikinti-quraşdırma işləri yerinə yetirilməmişdir. Sosial obyektlərin tikinti sahəsində vəziyyət daha pisdir. Bu sahədə ilin əvvəlindən bəri bir kvadratmetr də olsun mənzil sahəsi istifadəyə verilməmişdir, halbuki birinci kvartalda təqribən 196 min kvadratmetr mənzil sahəsi təhvil vermək planlaşdırılırdı. Heç bir məktəb, məktəbəqədər uşaq tərbiyə müəssisəsi, xəstəxana istifadəyə verilməmişdir”... Daha sonra Aydın Əzizbəyov dəmir yollarında, yük daşımalarda yaranan problemlərdən danışaraq bu problemləri “heç cür həll edə bilməmişik” deyə əlavə edir: “Vəziyyətin tezliklə düzələcəyinə ümid bəsləmək olmaz, çünki ölkədə hətta xaricdən alınmış malları daşımağa və xaricə məhsul göndərilməsini qaydaya salmağa vaqon çatışmır”. Ümumiyyətlə, Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədrinin çıxışı ümidsizlik və çarəsizliklə doludur: “kəskin bir problem maliyyə problemidir” “gələcəkdə məhsul göndərilməsinin müqəddəratı şübhə altındadır”, “iqtisadi əlaqələri bərpa etməsək, itkilər daha da artacaq”, “biz ölkədə (SSRİ-də - G.Y.) etibarlı ortaq kimi nüfuzumuzu itirmişik”, “ikillik təcrübə göstərir ki (deməli, iki ildir ölkə bu vəziyyətdədir – G.Y.), iqtisadi sahədə sarsıntılar , hər şeydən əvvəl, respublikada siyasi vəziyyətin sabit olmamasının nəticəsidir”, “respublika iqtisadiyyatı daha bir böhrana tab gətirə bilməz”... (“Böhrandan necə çıxmalı?”, 18 mart 1990).
 
 
Üstəlik də “Sovet orqanlarının məsul işçilərindən, sahələrin və müəssisələrin rəhbərlərindən, ictimaiyyətin nümayəndələrindən ibarət bir qrup Moskvaya nəcib bir məqsədlə getmişdir: onlar yanvar hadisələrindən sonra Bakını tərk etmiş rusdilli əhalinin nümayəndələri ilə görüşmək, ...əvvəlki həyat və peşə statusunu qaytarmaqda bu adamlara kömək göstərmək istəyirdilər”... (“Yurda qayıt” məqaləsi, “Kommunist”, mart 1990).
Təsəvvürünüzə gətirin ki, Azərbaycanın belə ağır və o dövrkü Ayaz Mütəllibov hakimiyyəti üçün çıxılmaz vəziyyətində “Kommunist” qəzeti elə həmin o “Kommunist” qəzetinin mart saylarında ard-arda A.Nəbiyevin İlaxır çərşənbələrlə bağlı qurama çərşənbələrini “Baharın özgə hüsnü var” başlığı ilə verir. Ölkənin bu vəziyyətində baharın özgə nə hüsnü ola bilərdi? 20 yanvar hadisələrində canını fəda edən şəhidlərin qanı hələ qurumayıb... Xalq çaşqınlıq və matəm içindədir, bağlı olduqları Moskvanın satqınlığı, xəyanəti, M.Qobaçovun məkrli siyasəti kommunist partiyasına nifrəti, qəzəbi artırıb. Belə bir vaxtda “Kommunist” qəzeti M.Qorbaçovun mətbuat konfransının materiallarını, Sov.İKP XXVIII Qurultayına nümayəndələrin seçilmə qaydasını, Sov.İKP Mərkəzi Komitəsinin Plenumunun materiallarını 18 mart 1990-cı il sayında böyük səhifələrlə verir, axırıncı 6-cı səhifəsində A.Nəbiyevin “Baharın özgə hüsnü var...” silsiləsindən çərşənbə materialına da geniş yer ayırır. Sanki Azərbaycanda başqa problem yoxmuş kimi... Sadaladığım dövlət materialları ilə birgə, “Kommunist” qəzetinin eyni sayında yer almaq üçün rəsmi dövlət razılığı olmalı idi.
 
 
Bəs məqsəd nə idi?
Maraqlıdır ki, ilk dəfə dörd ünsürün çərşənbələrə ad kimi verilməsinin məhz 1990-cı ilin martında şahidi oluruq. Həm də gecikmiş çərşənbə materiallarının ard-arda qəzetin üç sayında (16 mart – cümə günü, 17 mart – şənbə günü, 18 mart –bazar günü) saylarında, çərşənbə axşamları deyil, fərqli günlərdə (halbuki birinci (Yalançı) çərşənbə fevralın 27-ə, ikinci (Xəbərçi, Çıdırçı) çərşənbə martıb 6-a, üçüncü (Qara, Ölü) çərşənbə martın 13-ə, dördüncü (Axır) çərşənbə isə martın 20-ə düşürdü). 1990-cı ildə Axır çərşənbə ilə ilin təhvil olması ilə üst-üstə düşmüşdü...
Azad Nəbiyevin “Novruz bayramı” toplusu da 1990-cı ildə yenicə çap olunmuşdu. Bildiyimiz kimi, bu topluda nə od, nə yel... çərşənbəsi yoxdur. Lakin o toplu ilə parallel folklorçu “Kommunist” qəzetində tamamilə topluda yazdıqlarının əksinə gedərək başqa fikirlər söyləyir və ünsürləri çərşənbələrə pərçimləyir. Amma hələ fikirlərində tərəddüdlər var. Məsələn, od, yel yazsa da, Əzəl və Axır çərşənbəyə hələ ad qoya bilməyib. Elə Axır çərşənbə kimi də verir. Hələ torpaq məsələsi yoxdur...
Alimi eyni vaxtda çərşənbələrə ikili yanaşmağa vadar edən nə idi?
Bu suala A.Nəbiyev özü bu oyunların nəticəsi olan “İlaxır çərşənbələr” (Azərnəşr, 1992, 62 s.) kitabçasının eydlərində (s.59) cavab verir: “İlaxır çərşənbələrin ilkin çərşənbəsi barədə ilk geniş məlumat “Kommunist” qəzetinin 1990-cı il 16 mart tarixli “Əzəl çərşənbə” guşəsində verilmişdi... Qəzetin əməkdaşı mədəniyyətşünas-alim İlham Rəhimli İlaxır çəörşənbələrin hər birinə bir səhifəlik material hazırlamağı xahiş etdi. Dostum və həmkarımın xahişi yerinə düşdü...”. Onu da qeyd edək ki, İ.Rəhimli “Kommunist” qəzetində müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. "Azərbaycan" qəzetinin baş redaktoru, prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi olub (1991 - 1993).
Daha sonra Nəbiyev yazır: “İ.Rəhimli və o vaxt redaktoru əvəz edən R.Nağıyev... “İlaxır çərşənbələri” qəzetin 16, 17, 18, 19 mart tarixli nömrələrində səhifə yox, geniş guşə halında verməyə nail oldular... Elə kitabın yaranması da bu iki həmkarımın İ.Rəhimli və R.Nağıyevin təşəbbüsü ilə oldu, sonradan hazırlanmış materialları kitab halına salıb nəşr etmək zərurəti yarandı”...
“Novruz bayramı” toplusunu hazırlayan bir folklorşünasdan qəzetin əməkdaşlarının Novruzla bağlı material istəməsi çox normaldır. Lakin çərşənbələr haqqında materialın istənməsi normal deyil. Çünki A.Nəbiyev toplusunda yalnız bir çərşənbədən – Axır çərşənbədən bəhs edir. Ondan digər çərşənbələr haqqında material istəyəndə, məcbur olur o bir çərşənbəni parçalayaraq ad qondarılan digər üç çərşənbəyə verir...
 
 
Bəs Azad müəllimin üzərində əziyyət çəkdiyi “Novruz bayramı” toplusu niyə Vikipediyadakı əsərlərinin arasında yoxdur?
Bu gün müstəqil Azərbaycanımız hər cəhətdən, o cümlədən də iqtisadi cəhətdən güclü ölkələr arasında özünə layiqli yer etmişdir. Ölkə başçısının ağıllı, uzaqgörən siyasəti və fərdi xüsusiyyətləri, ilk növbədə də ölkəsini müstəqil görmək istəyi vətəndaşlarımızın qonşu və keçmiş Sovetlər Birliyindən çıxan xalqlardan daha yaxşı yaşamasına şərait yaratmışdır. Bu ün ölkəmizin hərtərəfli gücünü qısqanan xarici qüvvələr və onları dəstəkləyən daxili satqınlarımız var. Və onlar, təbii ki, ara qarışdırmağa, böhtan, ləkə atmağa, hər yerdə ola biləcək xırda qüsurları qabartmağa çalışacaqlar. Lakin ayıq xalqımız onların, yaxınlarının həyat tərzinə, yaşayışına, övladlarının xaricdə təhsil aladıqları universitet və məktəblərə xərclədikləri pulların haradan olduğunu düşünməli və doğru qərar çıxartmalıdır. Düşünürük ki, dövlətimiz Novruz bayramına milli dəyərlərimizi özündə daşıyan bir xalq bayramı kimi yanaşır və, kifayət qədər dəbdəbəli keçirilməsinə şərait yaradır. Lakin bizim bu gün vaxtilə Ayaz Mütəllibov hakimiyyəti zamanı ölkədəki böhranı unutdurmaq məqsədilə qondarılmasına rəvac verdiyi dörd ünsür-dörd çərşənbə yalanlarına ehtiyacımız yoxdur. Xalqın keçidiyi çərşənbələrin (Yalançı, Xəbərçi, Qara, Axır ) hər birində lazımi ayinlər içra olunurdu. Heç də hər birində çal-çağır, bol, bahalı süfrə olmurdu. Televiziya kanallarının müğənnilərin evlərindən çəkdikləri hər çərşənbə qurulan dəstərxanlara tamaşaçılar arasında münasibət birmənalı deyil. Hamı eyni cür yaşamır və bu da təbiidir. Amma bu çal-çağırlar, əndazəsindən çıxan süfrələr qıcıq yarada bilər. Bu baxımdan da xalqımızın keçirdiyi kimi, əsas gücü Axır çərşənbəyə verməliyik.
Leyla Sarabi,

Загрузка...
Загрузка...