Ayaz Mütəllibov: “Rusiyanın bu addımı bizə qarşıdır”

 
Teleqraf.com eks-prezident Ayaz Mütəllibovla müsahibəni təqdim edir.
 
- Ayaz müəllim, Rusiya Ermənistana 200 milyon dollar kredit verir və bu kredit ermənilərin müasir silah almağına yönələcək. Sizcə, niyə Rusiya belə addımlar atarkən, Azərbaycanın maraqlarını nəzərə almır?
 
- Buna növbəti biznes oyunu kimi baxmaq lazımdır. Həm də burada maraqlar məsələsi var. Əsas məsələ kimin hansı marağı olmasındadır. Əlbəttə, biz bu prosesdən kənarda dura bilmərik və mövqeyimizi ifadə etməliyik. Sözsüz ki, Azərbaycan da silah-sursat əldə edir və bunda haqlıdır. Qarşı tərəfin bu addımı bizə qarşıdır. Ancaq mən təfərrüatlar haqda bir söz deyə bilmərəm. Belə razılaşmalar pərdəarxasında baş verir.
 
- Rusiya-Azərbaycan münasibətləri normaldır, Rusiya Minsk Qrupunda vasitəçidir və məntiqlə bitərəfliyini qorumağa borcludur. Bu halda nədən belə addımlar atır?
 
- Buna müəyyən oyunlar kimi baxmaq lazımdır. Sözsüz ki, bu oyunların arxasında siyasi və iqtisadi maraqlar durur. Bu, danılmazdır. Siyasətdə maraqlar əsasdır. Ermənilərin marağı silah əldə etməkdir. Ancaq təkcə bu da deyil. Hesab edirəm ki, biz də ehtiyatımızı əldən buraxmamalı, özünüzü lazımı qədər silahlandırmalıyıq.
 
Bu prosesdə Rusiyanın da marağı var. Nəzərə alın ki, Rusiya ilə Ermənistan Avrasiya İqtisadi Birliyində, Vahid Gömrük Təşkilatında, habelə Kollektiv Müqaviləsi Təşkilatında müttəfiqdirlər. Yəni bir-birlərinə kömək etməlidir. Erməni tərəfi də bu məqamları nəzərə alaraq, ruslardan maddi kömək istəyir. Beləcə, siyasi maraqlar naminə buna nail olublar. Bizim də marağımız var. Və bu maraqlar deyir ki, biz də silahlanmalıyıq. Özümüzü və maraqlarımızı bu prosesdən kənarda qoymamalıyıq. Üstəlik dediyiniz məqamı da problem etmək lazım deyil. Azərbaycan-Rusiya münasibətləri kifayət qədər yaxşıdır. Ancaq sözsüz ki, Rusiyanın məlum addımları narahatlıq yaradır. Ümumiyyətlə, Cənubi Qafqazda aparılan siyasət bizi məcbur edir ki, diqqətimizi cəmləyək və bu kimi məsələlərdən nə kənarda qalaq, nə də biganə olaq. Öz sözümüzü deməli, tədbirlərimizi görməliyik. Silah məsələlərinə gəldikdə deyim ki, bu işləri prezident başqa olmaq şərti ilə bütün ölkə görür. Üstəlik Azərbaycanın hərbi potensialı lazımı qədər yüksək səviyyədədir. Buna əsla şübhə yoxdur.
 
- Türkiyənin 3 deputatının AŞPA-da Azərbaycan əleyhinə olan qətnaməni dəstəkləməsi cəmiyyətdə birmənalı qarşılanmır. Siz bu haqda nə düşünürsünüz?
 
- Türkiyə üçün hər zaman dövlət marağı var. Onlar siyasətdə milli maraqlarını əsas götürürlər. Ancaq bu deputatların addımının türk milli siyasəti ilə əlaqəsini görmürəm. Hesab etmirəm ki, Türkiyə Azərbaycan əleyhinə hansısa addımlar ata bilər. Bu, mümkün deyil.
 
İkincisi, son zamanlar Türkiyə-ABŞ münasibətlərində bir gərginlik müşahidə edilir. Bu gərginlik Avropa-Türkiyə münasibətlərində də ana xətti təşkil edir. Biz nəzərə almalıyıq ki, hazırda Türkiyə-Qərb münasibətləri gərgindir. Ola bilsin ki, bunun da dediyiniz duruma təsiri ola bilər. LakinTürkiyə özü də, bu kimi hallarda diqqətli olmalı və daima Azərbaycanı dəstəkləməlidir.
 
- Ancaq iş ondadır ki, bu yaxınlarda bir neçə türk vətəndaşı Ermənistana və Ermənistan üzərindən Azərbaycanın işğal edilən ərazilərinə qanunsuz səfər ediblər...
 
- Ermənistan Qərblə əlaqəli “dövlətdir”. Odur ki, mümkün qədər hər vasitədən istifadə edilir. Ermənistan daima Qərbdəki böyük və güclü diaspor imkanlarından istifadə edib. Əslində, Türkiyədə də bunu gözəl bilirlər. Bu şəxslərin qanunsuz səfəri pislənməlidir. Türkiyənin Qarabağ məsələsində rolu biz düşündüyümüz şəkildə böyük deyil. Biz bu qanunsuz səfərlə bağlı münasibətimizi ifadə etməliyik və narahatlığımızı bildirməliyik. Eyni zamanda bu prosesi yaxından təqib etməliyik.
 
- Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək. Siz, bu dinləmələrdən nə gözləyirsiniz?
 
- Açığını deyim ki, bunların hamısı ermənilərin oyunlarıdır. Ermənipərəst qüvvələr bu kimi tədbirləri təşkil edir, hər yerdə Azərbaycanın əleyhinə işləyir. Bu reallıqdır və buna əsla şübhə yoxdur. Mənim dövrümdə də buna oxşar halları görürdük. Düzdür, biz o zaman SSRİ-nin son dövrlərini yaşayırdıq. O zaman bu proseslər geniş deyildi. Ancaq Ermənistanın Qərbin imkanlarından, diaspordan istifadə etmək istəkləri bizim dövrümüzdə də baş verirdi. Sadəcə, o zaman indiki qədər geniş deyildi. Çünki Ermənistan və Azərbaycan SSRİ daxilində fəaliyyət göstərirdi. Amma buna rəğmən, ermənilər xaricdəki lobbilərindən istifadə edirdilər. Onsuz da ermənilərin lobbilərindən başqa bir şeyləri yoxdur.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...