​Axı sən niyə belə edirsən, ay brat? - Kənan MM və bizim şərh

 
 
İnsanı ucaldan onun var dövləti, sosial statusu və boy-buxunu deyil. Heç vaxt belə olmayıb, bundan sonra da olmayacağı şübhəsizdir! İnsanı ucaldan, onu ehtiramla qarşıladan, hörmət-izzətlə yola saldıran ŞƏXSİYYƏTDİR.
 
Söhbət təbii ki, 18 yaşında hər kəsə verilən Şəxsiyyət vəsiqəsindən getmir. Biz cəmiyyət münasibətləri və şüurlu fəaliyyət obyekti olan insan fərdindən danışırıq və Allaha min dəfə şükr edirik ki, gözəlimiz Azərbaycanda belə insanların sayı kifayət qədərdir.
 

 
İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və s. görə deyil, həm də şəxsiyyətlərinin xarakteristikasına görə də bir-birlərindən fərqlənirlər. İnsan şəxsiyyəti maddi və toxunula bilən, hiss edilən deyildir. O, bir sıra amillərin, şəraitin, imkanların və determinantların təsiri altında formalaşan psixoloji törəmədir. Az şəxsiyyətli və ya çox şəxsiyyətli insanlar olmur. Şəxsiyyət var, ya da yoxdur. Yox, yox, elə bilməyin ki, biz sizə şəxsiyyət problemi barədə nəzəri və eksperimental tədqiqatlardan danışacaq, bununla da qiymətli vaxtınızı almaqla əşhədu günah sahibinə çevriləcəyik. Qətiyyən belə bir niyyətimiz yoxdur. Söhbəti rejissor, aktyor, şair və nəhayət idmana maraq göstərən biri kimi tanınmış çox-çox hörmətli Kənan MMdən salmaq istəyirik. Hesab edirik ki, hörmətli Kənan müəllim Azərbaycanda öz şəxsiyyətilə seçilən adamlardandır və özünə hörmət məhfumunun arxasında bərqərar olmuş nəsnələrdən kifayət qədər məlumatlıdır. Amma nədənsə ara-sıra öz şəxsiyyətinə uyğun gəlməyən davranış nümunələri sərgiləyir ki, bu da onu sevən, şəxsiyyətinə dərin hörmət bəsləyən bizləri qara bir kədərə qərq edir. Görünür əsəbindən belə edir. Amma dəyməz...
 
 
 
Adam istəyir ki, onu tuta və deyə: Axı sən niyə belə edirsən, Kənan MM? Başqalarının ünvanına 18+ ifadələr işlətmək sənin şəxsiyyətinə yaraşmır axı. “Tutub cıraram”, “Tutub parçalayaram”, “Didərəm”, “Aşırdaram” kimi qorxulu ifadələrdən istifadə etməklə sənə olan yüksək ehtirama xələl gəlməsindən çəkinmirsənmi? Ax biz sənə görə bərk narahatlıq keçirir, dilimiz-dodağımız quruyur, əlimiz-qolumuz əsir... Sənin şəxsiyyətinin kölgəsində qala biləcək qədər bəstəboylu adamlarla nə işin var axı? Biz sənin gücünün hara qədər olduğunu bilirik. Sən bizim üçün Jan Klod Van Damdan da, Silvester Stallonedən də ötəsən. Sənin o çəlimsiz müğənniyə rinqdə uduzmağını da özümüzə dərd eləmədik. Əmin idik ki, ona yazığın gəlib. Yoxsa bir yumruğun bəs idi ki, həmin o gəncin çanaq sümüyü yeddi yerdən çat versin. Məgər bilmirsən ki, bar verən ağaca hər yoldan keçən daş atar. Bax, sən də indi başında meyvəsi çox olan ağac, zirvəsində qarı əskik olmayan əzəmətli dağ kimisən. Nə gizlədək, sən bizim üçün Kəpəzsən, Babadağsan. Təpələr və təpəciklərlə niyə uğraşırsan axı, şair.
Demirlər ki, ilin tərbiyyəsiz rejissorusan? Qoy desinlər, heç vecinə də alma. Uca millətimiz sənin mədəniyyətinə, intellektinə və bənzərsiz rejissorluq məharətinə bələddir. Sən bizim üçün Martin Skorsezeden, Piter Ceksondan, Devid Linçdən, Cüzeppe Tornatoredən də ötəsən. İnanırıq ki, işıqlı sabahların birində gözümüzü açacağıq ki, bu dey, Kənan müəllim Azərbaycana Oskar gətirib. Bax onda həmin o “paçan-puçan” sənin böyüklüyünü qəbul edəcək, biət edib, qulluğunda dayanacaqlar. Deyirlər ki, aktyorluğun da qara qəpiyə dəymir? Qoy desinlər, kefini də pozma. Biz hamımız bilirik ki, sənin istedadın özünə sərhəd tanımır. Sən yerlə, göylə əlləşən dahilər sırasında özünə topdağıtmaz səltənət qurmuş bənzərsiz istedadsan. Sən bizim üçün Tom Kruzdan, Antonio Banderasdan, Xarrison Forddan, Robert De Nirodan da ötəsən. Bir dənəsən ey, brat, bir dənə.
 
 
Qismət olar bir gün bütün bunların əziz və sayğıdəyər Kənan müəllimin özünə deyərik. Hətta qulağına pıçıldamaq imkanımız yaransa belə bunu özümüzə böyük bir fəxarət hesab edəcəyik. Hələliksə belə bir imkanımız olmadığından ürək çırpıntılarımızı vərəqə, daha doğrusu, Times New Roman ştifti və üstəlik də 12-lik hərflərlə Word faylına köçürürük.
Ümid edirik, həm də möhkəm ümid edirik ki, hörmətli Kənan müəllim qulbeçələrin atmacalarına fikir verməyəcək, saytda-maytda yazılanlara görə qanını qaraldıb, ona-buna xiyar şəkilləri yollamayacaq. Yaman narahatıq ki, birdən hansısa avara da götürüb ona başqa tərəvəz məhsulunun şəklini yollayar. Bax, onda bizim hamımız yıxılıb ölərik...
Xahiş edirik ki, imkanı olanlar bizim xahişimizi hörmətli Kənan müəllimə çatdırsın. Bircə kəlmə sözümüz var: Get kinovu çək də...