AXCP sədrindən Hakimiyyətə ağır ittiham!

AXCP sədri Əli Kərimli öz facebook səhifəsində Hakimiyyəti çirkin, əxlaqsız və namərd mübarizədə günahlandırdı
Mən heç zaman tayfamın təmsilçisi olmamışam, onların marağından çıxış etməmişəm. Hər zaman tayfaçılıq və yerliçiliyin fövqündə dayanmışam. Bacardığım qədər bütövlükdə xalqıma xidmət edirəm, onun sözünü deyirəm, dəstəyi də xalqımdan gözləyirəm. Fəxr edirəm ki, ətrafımda klan yaratmamışam.
Çoxdan ələ aldıqları bir əmim oğlu var. Çətinə düşən kimi onu tapıb, çıxarırlar televiziyalara. İndi də Nohəlini tapıb gətiriblər (əslində tanımadığı) evimin qabağına. Tək olmaması üçün ona 6-7 nəfərlik kampaniya da düzəldiblər (o yazıqları ora necə topladıqlarını bilsəm də, yazmağı özümə sığışdırmıram).
Azərbaycana bütün çirkin, əxlaqsız, namərd mübarizə üsullarını siz gətirdiniz. Ananı övladından imtinaya məcbur etdiniz, qardaşı qardaşa, əmioğlunu əmioğluya qarşı qoydunuz, amma yenə də bu xalqı susdura bilmədiniz, tam əksinə, xalqın ikrah hissini qazandınız. Mən xalqımın ədalətindən çox razıyam. Sizin bu çirkin kampaniya günlərində xalqımın ən müxtəlif təbəqələrindən dəstək görürəm. Çirkin yollarla apardığınız bu kampaniya bumeranq kimi özünüzü vurur. Açın qulağınızı eşidin, mənim qardaşım da, əmim oğlu da, qohumum da bu millətin sadə, ədalətpərəst, əqidəli, vicdanlı oğul və qızlarıdır! Onlar o qədər çoxdurlar ki, onları susdurmaq, satın almaq, qorxutmaq bacaracağınız iş deyil!